Modern.az

Ağalıq etmək istəyənin də ağası var - KÖŞƏ

Ağalıq etmək istəyənin də ağası var - KÖŞƏ

Aktual

10 Avqust 2013, 16:27

Namidə Bingöl

Son  günlər siyasi proseslərin burulğanı aktivləşib. Dünənə qədər əl-ələ verib yallı gedən ağalar, bəylər, xanlar nə bilim daha kimlər indi öz aralarında ölkənin taleyüklü məsələsini həll etməyə çalışırlar. Vay o günə ki, çəkdiyin zəhmət hədər gedə. Burda nə var ki! Əsas odur ki, hadisələr özü səni gedər-gəlməzə yola salmasın. Amma öz aramızdı, Bakı-Tiflis, Tiflis-Moskva xətti üzrə hərəkət edən qatar  sərnişinlərini canla-başla burdan-ora, ordan-bura böyük məmnuniyyətlə, apardı da, gətirdi də. 

Ağalar, elə bilirsiniz ki, təkcə siz zərif çiyinlərinizdə ağır tük daşıyırsınız?! Təsəvvür edirəm ki, Tiflisə siyasi yüklü sərnişin daşımaq nə deməkdir. Bu arada tarixi bəlli olan seçkilərin vaxtı yaxınlaşır. Hələ də ikili vətəndaşlıq  rolunda çıxış edən Rüstəm bəy,  vaxt tapan kimi hadisələrin axarına tilov atmağı da unutmur. Kinorejissordu axı!

Kinorejissor demişkən, deyirəm bəlkə, Rüstəm bəy, “Milli Şura” adlı kino çəkir?! Ola bilsin,  baş rolun ifaçısı cənab İbrahimbəyov Eldar Namazovla İsa Qəmbəri özünə tərəf müqabili seçib. Bu səbəbdən də filmin ssenarisinə uyğun olaraq, tez-tez  proseslər dəyişir. Demirəm, sizi bilmirəm. Əminliklə deyirəm ki, bu filmin sonu hər kəs üçün maraqlıdır.

Bir xəbər də deyim sizə. İkili vətəndaşlıqdan dolayı məmləkətinə aylardır ayaq basa bilməyən   İbrahimbəyov bir daşla iki quş vuracaq. Deyir, Rusiya vətəndaşlığından çıxması ilə bağlı proseslər sürətlə davam edir. Nə deyirik. Gün ərzində nə demək lazımdırsa, siz deyirsiniz. Yeri gəlmişkən, cənab İbrahimbəyov vahid namizəd qeydə alınmasa, İsa bəyin seçkilərdə iştirakını məqbul sayır. Görünür, münasibətlər dostluq körpüsünün pik nöqtəsindədir. Öz aramızdı, Tiflis sammiti iki bəy arasında yaranan soyuqluğa əsaslanaraq səslənən ittihamları kölgədə qoydu.

Deyəsən, kölgədə qalan Əli Kərimli də var. Belə olmasaydı, İbrahimbəyov vahid namizəd məsələsində onun da adını çəkərdi. 74 yaşlı cənab İbrahimbəyov bir iş çevirir. Görəsən, o nə işdir elə?! Dədə-babadan rejissorların işi tamaşaçını intizarda saxlamaqdır. Deməli, bizim  kinorejissorumuz da  yazdığı ssenaridə  Əli Kərimlini görmək istəmir. Zorla deyil ki. O boyda kişi oturub Moskvada, idarə edir də azərbaycanlı qardaşlarını. Bəs burdakılar neyləməlidirlər?! Əl-qollarını sallayıb heç nə etməməlidirlər?! Ayıb söhbətdir ki... İbrahimbəyov kino çəkəndə, o birilər siyasətin yolunda illərlə külüng döyüblər.  Bu arada Eldar Namazov, Əli Kərimli və İsa Qəmbər  gizli şəkildə bir araya gəlib. Yenə də başıbəlalı Milli Şura ətrafında  böhranlı vəziyyəti müzakirə ediblər.

Siyasət də kino kimi qəlizdi. Siyasətdə at oynadanların  qılıncının zərbəsi meşədə hegemonluq edən şirləri də vahiməyə salır. Əslində, başqasının üzərində ağalıq etmək istəyənin də ağası var. Mən ağa, sən ağa. Bəs nökər kim olsun?! Bax, bu pisdi də.
  Bir haşiyə çıxım. Qonşuluqda yaşlı qadın yaşayırdı. Bu qadının iki gəlini vardı. Səhər açılandan  axşam hava qaralana qədər bu gəlinlərin evdə ağalıq etmək istəyi saçyoldu ilə sona yetirdi. Yaşlı qaynana da qalmışdı iki həyasız gəlinin əlində. Həmin evdə hadisələr yenə də köhnə hamam, köhnə tas məsəli kimidir. Yaxşı deyiblər. İki qoçun başı bir qazanda qaynamaz. İndi siz təsəvvür edin. Siyasətdə bu qədər başın bir araya gəlməsi  fəlakət deyil, nədi?!

Fəlakət demişkən,  Rauf Arifoğlu sözünü atdı ki, yiyəsi götürsün. Daha ad da çəkib eləmədi. Sonradan-sonraya bəlli oldu ki, dediyi sözlər Əli Kərimliyə ünvanlanıbmış. İndi də okeanın o tərəfində bir dəqiqə də olsun sakit oturmayan Rəsul Quliyev Rusiya səfiri ilə görüşüb deyirlər. Guya Putindən ona  kömək əlini uzatmasını istəyib. Zavallı Putin hansı birinə yardım etsin, özü də bilmir. Ağlını itirməsə yaxşıdı. Nə isə. Siyasi proseslər püskürmə həddinə yaxınlaşır. Görəsən,  aktivləşən siyasi vulkan  bizə nə demək istəyir? Məncə, bir az da fikirləşmək lazımdır. Nə də olsa, ağıl-ağıldan üstündür axı!     
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı