“Yeni Müsavat” qəzetinin köşə yazarı Zamin Hacı Milli Şuranın prezidentliyə yeni vahid namizədi Cəmil Həsənli ilə bağlı təəssüratlarını bölüşüb. Köşə yazarı 2003-cü il prezident seçkilərindən sonra başlanan kütləvi aksiyalarda Cəmil Həsənlini polislərdən qoruduğunu bildirib.
“2003-cü ilin etiraz mitinqlərindən birində - deyəsən elə 16 oktyabr idi - polis camaatı şəhərin içində döyürdü. Bizi də bir küncə sıxmışdılar, son anda jurnalist vəsiqəmi görüb buraxdılar. Baxdım ki, bir hörmətli, yaşlı və ziyalı bəyi sıxışdırıblar küncə, bir az da keçsə döyəcəklər. O vaxt iki qəzetdə işləyirdim, tez o biri vəsiqəmi verdim bəyə, polislərə də yalandan dedim ki, bu adam bizim redaktordur, vurmayın. İnsafən vurmadılar və buraxdılar. Vəsiqəmi qaytarmaq istədi, dedim, bəy, işləri bilmək olmaz, qoy bir-iki gün qalsın, sonra verərsən.
Həmin dəyərli ziyalımız müxalifətin prezident seçkilərində namizədi Cəmil Həsənli idi. Ümid edirəm hakimiyyətə gələndə bizi unutmaz”-deyə jurnalist profilində status paylaşıb.
Modern.az