Modern.az

Cəmil Həsənlinin zirehi

Cəmil Həsənlinin zirehi

Aktual

26 Avqust 2013, 11:57

Rusiya izləri qalan Milli Şurada o, öz cığırlarını açmağa çalışacaq  

Müsavat başqanı İsa Qəmbər müxalifət üçün ortaya çıxan yeni situasiyadan yararlanaraq, Milli Şuranı Rusiya relsi üzərindən Azərbaycan relsi üzərinə keçirə bildi. Vahid namizədlik Rüstəm İbrahimbəyovdan Cəmil Həsənliyə transformasiya oldu. İbrahimbəyov qarşısındakı insanları öz nağılları ilə sona kimi mürgülədə bilmədi, Müsavat başqanının Milli Şuradan hər an qopma təhlükəsi yeni vəziyyətə təkan verdi. Vahid namizədliyin yeni bir ada transformasiyası bu baxımdan İsa Qəmbərin xidməti kimi qabarır.

MŞ sədri ikinci namizəd dirənişinə, öz planına uyğun namizədlə çavab verməyə çalışsa da, onun qeyd dəftərçəsindəki adlar AXCP-Müsavatın könlüncə olan namizədə uduzdular. Ənənəvi müxalifətin, xüsusən də Müsavatın Milli Şuradan çəkilməsi İbrahimbəyov “mif”inin layiqsiz şəkildə bitməsi anlamına gələrdi deyə, xroniki yalanlar müəllifi ən sonuncu ad olaraq istədiyi Cəmil Həsənlini öz namizədi kimi təqdim etmək məcburiyyətində qaldı. Beləliklə, AXCP-Müsavatın nüfuzu, İsa Qəmbərin siyasi bacarığı  sayəsində  Cəmil Həsənli İbrahimbəyovu bitirdi, Ibrahimbəyovsayaq  yeni namizədlərin meydana girməsinin qarşısını kəsdi. Çünki gercəkdən də kağız üzərindəki razılaşmaya baxmayaraq, 23 avqust tarixindən etibarən ortada “ehtiyat namizəd” deyilən bir şey yoxdur; onlar biri əsas, digəri ehtiyat namizəd qismində siyasi mübarizədə paralel yürüməyəcəklər. İbrahimbəyov faktiki olaraq  keçmişdə qalır, gündəmə onun sələfinin məsələsi keçir.

Qısa müddətdə müxalifətə ancaq məşəqqət olan Rüstəm İbrahimbəyovu sanballı bir ziyalıya dəyişmək prezidentliyə uyğun namizəd nöqteyi-nəzərindən deyil,

amma pozitiv avtobioqrafiyasına görə yaxşı seçim sayılsa da, bu seçim də Milli Şuranı parçalanmaq təhlükəsindən  qoruya bilmir. Hazırda formatda kövrək birlik hökm sürür. Rəsul Quliyev açıq-aşkar pozucu davranışlar sərgiləyir. Mirmahmud Mirəlioğlu vəziyyətin dəyişməsindən narazı üzünü gizlədə bilmir. Bir sözlə, yeni seçimin əleyhidarları keçmişi AXCP-nin məhşur “Yurd” komandasına aid olan, dolayısı ilə İsa Qəmbərə də bağlı olan Cəmil Həsənlinin irəli çıxarılmasına müxalifliklərini qorumaqda maraqlı görünürlər. Narazı hissə İbrahimbəyovun özünə bağlı ehtiyat namizədin irəli sürülməsinə və yaxud, boykot qərarının verilməsinə dəstək çıxmaq istəyirdi. Lakin bu tərəf sındı. Digər tərəfsə dikəldi. Cəmil Həsənli AXCP-Müsavat fitnə-fəsadını hər iki tərəfə yaxın olan adam kimi müvəqqəti yatırtdı, İsa Qəmbəri seçkiyə şəxsən gedib-getməmək dilemmasından tam da olmasa çıxartdı, ağırlığı Müsavat Partiyasının çiyinlərinə düşən Milli Şuranın adını Rusiya çirkabından müəyyən qədər təmizlədi.     

Cəmil Həsənlinin üzərində möhkəm bir zireh var-xalis ziyalı olması. Bu, elə bir zirehdir ki, məsələn, Rüstəm İbrahimbəyovun üzərində yox idi. Çünki o, özünü rusun, erməninin təəssübünü öz millətindən çox çəkən, demək ki, kosmopolit, eyni zamanda qaranlıq işlərin içərisinə girən, yalan danışmaqdan ar etməyən bir ziyalı (?) kimi tanıtdı. Ziyalılığı onu böhtanlardan, kodud ifadələrdən, tənqidlərdən, cəmiyyətin çəp baxışlarından qoruyacaq qədər güclü çıxmadı. Çünki müxalifət cəmiyyətə natamam ziyalını nişan vermişdi. Lakin Cəmil Həsənlinin xalis ziyalı zirehi onu istənilən mühakimədən qoruya bilər.

Doğrudur, o, kütləvi aksiyalarda kütləni hərəkətə gətirmək qədər xarizmatik deyil, siyasi təcrübəsi azdır, dövlət başçısına xas qətiyyəti özündə daşımır, şəxsi keyfiyyətləri mükəmməl idarəçilik tələblərinə adekvat deyil. Amma sanballı tarixçidir. Ağ paltarında qara ləkəsi olmayan təmiz şəxsiyyətdir. Hansısa dövlətlə gizli alış-verişi yoxdur. Ədəb-ərkanı, kübarlığı yerində, ictimai-siyasi proseslərdə aktiv mövqe tutan birisidir.

O, Rusiyanın izlərini özündə saxlayan Milli Şuranın namizədidir, ancaq inanmaq çətindir ki, Cəmil Həsənli də ayaqlarını həmin izlərlə atır. İnandırıcı olan budur ki, Milli Şurada o, öz cığırlarını açmağa çalışacaq. Rusiya qarşısında siyasi öhdəlik götürmür, amma müxalifətin ənənəvi böyükləri önundə bəlli şərtləri qəbul etdiyi şübhəsizdir: keçid dövrü prezidentlik müddəti bitdikdən sonra yerini başqasına verməlidir. Bu etapın baş verməsi isə Cəmil Həsənlinin  seçkinin qalibi olmasından keçir.

Bəs, xalis ziyalı seçkinin xalis qalibi ola biləcəkmi? Əslində namizədin dəyişməsi seçkinin ehtimal olunan nəticələrinin dəyişməsi anlamını verə bilmir. İstənilən halda hakimiyyət müxalifətdən güclüdür. İkincisi, dəyişikliyi xalq həyata keçirməlidir, xalqınsa müxalifətə etimadı Cəmil Həsənlinin özünün təbirincə desək, hələ tam deyil. O, siyasi yarış yolunda yürüyə bilər, lakin finala çatması mümkünsüz görünür. Buna hətta Cəmil Həsənlinin namizədliyini təklif edən İbrahimbəyovun özü belə, sətiraltı işarə vurub - Putinin Azərbaycana son səfərini  hakimiyyətə dəstək kimi xarakterizə etməklə.

Bu bir tərəfə. Siyasi qüvvələrə təmiz ismini verən Cəmil Həsənlinin təbliğat-təşviqat kampaniyasını Milli Şura aparacaq, yoxsa, AXCP-Müsavat? Ürəyindəki əsas ehtiyat namizədi keçirə bilməyən İbrahimbəyov Cəmil Həsənli ilə davam edən prosesə fiziki olaraq güc verə bilməz, mənən dəstək quru ifadələrlə tamamlanacaq, maddi baxımdan dəstək-heç müzakirə predmeti ola bilməz. Eldar Namazov MŞ sədrinin sağ əli olduğundan, onun kimi görüntü xarakterli addımlarla kifayətlənəcək.  Rəsul Quliyev Cəmil Həsənli haqqında sözünü heç də yumşaq demədi. Lalə Şövkətin necə hərəkət edəcəyini də təxmin etmək mümkündür. Demək ki, bu məntiqlə Cəmil Həsənlinin namizəd kimi təbliğat-təşviqat yükü Müsavatla AXCP-nin çiyinlərinə düşür. Bəs, onlar necə- hərə yaxasını bir kənara çəkərsə, sona kimi Cəmil Həsənlinin arxasında maddi və mənəvi  baxımdan dayanacaqlarmı? Üstəıik, nəzərə alsaq ki, Cəmil Həsənli variantı da hələ İsa Qəmbər üçün yetərli deyil, onun bir neçə ehtiyat namizəd və sonda vahid namizəd təklifi açıq qalıb...   

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı