Mahir Qabiloğlu
- Serj, ay Serj.
- Hə.
- Gedək də Vətənə - Qarabağa.
- Yenə nə olub?
- Dədəmi yuxuda görmüşəm. Deyir ki, ay qızım, niyə bu tərəflərə gəlmirsən? Niyə qəbrimi ziyarət etmirsən? Şam yandırmırsan? Qudurmusan köpəyin qızı. Prezident arvadısan deyə özünü böyük sayırsan? Nə olsun ki, familiyan Sarqsyandır. Sən Dədəyan kimi dünyaya gəlmisən. Qızlıq familiyan da Dədəyandır. Mən – Dədənin qanını daşıyırsan. Heç olmasa ildə bir dəfə gəl. Qoy camaat da görsün ki, Vətənin Azərbaycanı yaddan çıxarmamısan.
- İndi yuxu görmüsən, görmüsən də... neyləyək.
- Ay Serj, elə danışırsan ki, sanki sən də darıxmırsan. Atan Azadın qəbrini ziyarət etmək istəmirsən. Baban Sarıqız sənin üçün müqəddəs deyil. Baban sənə əziz deyildisə, niyə durduğun yerdə Sərkisyan familiyanı Sarqsyana dəyişdin? Dəyişməyəydin də. Belə getsə erməniliyini də inkar edəcəksən. Atan Azad, baban isə Sarıqız...
- Min dəfə demişəm mənə erməni demə. Mən ərməniyəm- Ərməniyəli. Yaxşı... Bu yaxında Dağlıq Qarabağ Respublikasının 22 illiyini qeyd edəcəyik. Özü də Şuşada. Səni də apararam. Bizim Andrey Babayevin 1957-ci ildə yazdığı “Arcvaberd”- “Qartal yuvası” operasına da tamaşa edərsən.
- Axı, deyəsən o əsərin adı “Qartal qalası” idi.
- Əşşi, nə fərqi var?
- Hansı Andrey Babayevdir bu? Qarabağlı Avanes əminin oğlu?
- Andrey də... Qara Qarayevin tələbəsi, Azərbaycanın əməkdar incəsənət xadimi, bütün yaradıcılığı Azərbaycan xalq musiqisinə köklənən, bizim Qarabağın fəxri Avanesin oğlu Andrey Babayevi deyirəm.
- Görəsən repertuarı kim seçib? Halal olsun ona. Qarabağ böyük musiqiçilər yetişdirir də... Bizim torpağın suyundan, havasındandır eee.
- Təkcə musiqiçi? Rita, inciyərəm a səndən...
- Yaxşı da... ölürsən tərifçün. Robert Köçəryan da sənin tayındır. Arvadı Bella deyir ki, bütün günü mənə bir sözü təkrar elətdirir.
- Nəyi?
- Deyir ki, de. De ki, Qarabağ dünyaya iki prezident bəxş edib. Biri Sarıqız, biri də Köçəri. Hələ marşal Baqramyanı da ora əlavə etdirir.
- Çox qəribə məsələdir e.., Rita. Ermənistanın bu vaxtacan üç prezidenti olub. Biri suriyalı, ikisi də Qarabağlı. Görəsən Azərbaycanlılar bizdən inciməzlər ki?
- Yox !
- Hardan bilirsən?
- Onlar Qarabağdan çıxan xanəndələriylə, bəstəkarlarıyla fəxr edirlər. Biz də prezidentlərimizlə, sərkərdələrimizlə...
- Rita, görəsən hansı irəlidir?
- Bilmirəm.
- Rita, görəsən Qarabağ torpağı bu cür övladlar yetişdirməsəydi Ermənistan xalqı seçkilərdə kimə səs verərdi?
- Bilmirəm. Qəliz sualdı. Mən siyasətçi deyiləm. Musiqi müəlliməsiyəm. Xəmiri muğamla yoğrulan Qarabağ musiqi məktəbinin sıravi nümayəndəsi – Dədənin nəvəsi, prezidentin xanımı, Qarabağlı Rita Sarqsyan.