Modern.az

Şirkət ölən işçisinin maaşını verməkdən imtina edir

Şirkət ölən işçisinin maaşını verməkdən imtina edir

Aktual

4 Sentyabr 2013, 11:29

Şirkət ölən işçisinin 75 günlük maaşını verməkdən imtina edib. Bir müddət əvvəl Modern.az-a şikayət ərizəsi yazan Aynurə Fazil qızı Musayeva vaxtilə “Azəralüminium” zavodunda işləyən mərhum atasının 75 günlük maaşının verilmədiyini bildirmişdi. Modern.az bununla bağlı “Azəralüminium” Açıq Səhmdar Cəmiyyətləri ilə əməkdaşlıq müqaviləsi imzalayaraq bütün hüquqi öhdəlikləri öz üzərinə götürən DET.Al şirkətinin baş direktor köməkçisi Aslan Əliyevlə əlaqə saxlayıb. A.Əliyev bildirib ki, bu məsələnin DET.Al şirkətinə heç bir aidiyyatı yoxdur.

“Mərhum Fazil Musayevin vaxtilə işlədiyi yer ərazicə eynidir. Onun işlədiyi maaşı başqa şirkət verməlidir. Düzdür Aynurə Musayevanın müraciət etməsini nəzərə alaraq şirkət rəhbərliyi ona 100 manat məbləğində yardım edilməsinə göstəriş verib. Amma Aynurə Musayeva həmin məbləği yox, atasının işlədiyi və ala bilmədiyi iki ay yarımın maaşını tələb edir. Aynurə xanımın istədiyi pul 2011-ci ilin avqust, sentyabr, oktyabr aylarının puludur. Həmin vaxtı bizim şirkət orda işləməyib. DET.Al 2011-ci ilin noyabr ayının 15-dən sonrakı ödəmələrə cavabdehdir”-deyə Aslan Əliyev bildirib.  
Aslan Əliyev onu da bildirib ki, Fazil Musayevin işlədiyi və ala bilmədiyi iki ay yarımın maaşı həmin şirkətdə durur. Onun sözlərinə görə, nə vaxtsa həmin şirkət deyilən maaşı verəcək. “DET.Al-ın direktoru Sərxan Babayev göstəriş verib ki, həmin şirkət deyilən maaşı verənə kimi Aynurə Musayevaya 100 manat məbləğ miqdarında köməklik edilsin”.  

Əmək Hüquqları Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov isə deyir ki, əgər rəhmətə getmiş şəxs həmin iş yerindən gedəndən sonra həmin müəssisənin mülkiyyətçisi dəyişibsə, məsələ çətinləşib. Qanunla belə olan halda Əmlak Məsələləri Dövlət Komitəsində alqı-satqı sənədlərinə baxılmalıdır ki, müəssisə satılarkən onun üzərinə əvvəlki mülkiyyətçinin öhdəliklərini yerinə yetirmək vəzifəsi qoyulub, ya yox. “Yox əgər mülkiyyətçi dəyişməyibsə, onda niyə indiyə qədər bu müəssəyə qarşı iddia olmayıb. Müəyyən müddətdən sonra ay yarım üçün vərəsələr tərəfindən əmək haqqını almaq ağalabatan görünmür. Yəni məhkəməyə çəkilən xərclər əmək haqqından çox ola bilər. Hər halda ikinci halda məhkəməyə verməyə cəhd etmək olar. Amma gərək sübut olunsun ki, bu müddət ərzində əmək haqqını almaq üçün müraciətlər, şikayətlər olub?”.  

Gültəkin ƏLƏSGƏR
   
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı