
Xalq artisti, millət vəkili Zeynəb Xanlarova ilə bağlı medianın yaydığı qalmaqallı məlumata sənətkarın özü hələ ki şəxsən münasibət bildirməyib.
Həmişə qalmaqallardan uzaq olmağa çalışan Zeynəb Xanlarovaya Türkiyə vətəndaşı Seyfi Azərioğlu qalmaqal yaşadıb. Belə ki, özünü peşəkar prodüser kimi təqdim edən S.Azəroğlu Z.Xanlarova ilə işbirliyi qurub. Ona 150 min dollar pul verilib ki, Amerikada Zeynəb Xanlarovanın konsertini təşkil etsin. Amma uzun müddətdən sonra heç bir iş görməyən “prodüser” sonucda sənətkarın qəzəbinə tuş gəlib. Z.Xanlarova Amerikada planlaşdırılan konsertinə getmək üçün heç viza ala bilməyib. Xalq artistinin pulunun bir hissəsini qaytarmayan Seyfi Azəroğlu məhkəməyə verilib.
Bunun əvəzində Türkiyə vətəndaşı özünün işgüzar nüfuzuna ziyan vurulduğunu əsas gətirərək, dəymiş ziyana görə Z.Xanlarovadan təzminat tələb edir.
Hazırda Londonda istirahət edən millət vəkili Zeynəb Xanlarovanın köməkçisi Maral Hüseynova Modern.az saytına açıqlamasında bu barədə ölkəyə qayıdandan sonra danışacaqlarını bildirib.
“Zeynəb xanım hazırda xaricdədir. O, ayın sonu Bakıya qayıdacaq. Yəqin ki, ondan sonra bu məsələ barədə ətraflı danışa bilər”-deyə M.Hüseynova bildirib.
Gültəkin ƏLƏSGƏR