Modern.az

Cavid Qurbanov: “Azərbaycan yolları MDB məkanında ən yaxşı yollardır”

Cavid Qurbanov: “Azərbaycan yolları MDB məkanında ən yaxşı yollardır”

Aktual

6 Sentyabr 2013, 13:20

"Son 10 il ərzində avtomobil yollarının saxlanılması üçün ayrılmış vəsaitin həcmi bir neçə dəfə artmışdır. Əgər bu məqsədlə dövlət büdcəsindən ayrılan vəsait 2003-cü ildə 10 milyon manat təşkil edirdisə, 2008-ci ildə bu məbləğ 147,2 milyon manat olmuş, 2013-cü ildə isə 222 milyon manat nəzərdə tutulmuşdur. Yolların körpülərin, keçidlərin tikilməsi, yenidən qurulması və bərpası üçün milli investisiya qoyuluşunun məbləği 2003-cü ildə 2,4 milyon manat olmuşdusa, 2008-ci ildə bu rəqəm 1,2 milyard manat təşkil etmiş, 2013-cu ildə bu rəqəm ilkin olaraq 975 milyon manat məbləğində təsdiq olunmuşdur”.
Bu sözləri hakim partiyanın saytına «Azəryolservis» Açıq Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov deyib.

Modern.az-ın məlumatına görə, C.Qurbanov deyib ki, yol tikintisi üçün son 10 il ərzində 2174 ədəd müxtəlif təyinatlı nəqliyyat vasitələri, yol tikinti maşınları, avadanlıq və qurğular alınmış, 35 ədəd asfalt beton zavod istifadəyə verilib.

C.Qurbanovun sözlərinə görə, Azərbaycan yolları MDB məkanında ən yaxşı yollar, Ermənistan və Moldova yolları isə ən pis yollar olaraq müəyyən edilib.

”Keyfiyyət göstəriciləri meyarlarını yol infrastrukturuna yatırılan sərmayə, yol qovşaqlarının tikintisi, mövcud olan yolların uzunluğunun əhaliyə olan nisbəti və sair amillər təşkil edir.
Araşdırmaların nəticələrinə görə, Ermənistan mümkün 7 bal üzrə 3,7 balla 144 ölkə arasında 80-ci yeri, qonşu Türkiyə 4,9 balla 43-cü, İran 4 balla 68-ci, Azərbaycan isə 4 balla 67-ci yeri tutmuşdur. Beləliklə Dünya İqtisadi Forumun ekspertləri Azərbaycanda yol infrastrukturunda aparılan islahatları yüksək qiymətləndirmişlər”.

«Azəryolservis»in sədri 2015-ci ildə Azərbaycanda keçiriləcək I Avropa oyunları ilə bağlı görülən işlərə də toxunub. O, bildirib ki, bu işlər çərçivəsində yol qovşaqlarının, piyada keçidlərinin tikintisi ilə yanaşı, avtomobil yollarının tikintisi və yenidən qurulması nəzərdə tutulub. Artıq Zabrat-Maştağa- Buzovna avtomobil yolunun I texniki dərəcəyə uyğun yenidən qurulması, Buzovna-Mərdəkan-Qala avtomobil yolunun Buzovna-Mərdəkan hissəsinin, Zığ dairəsi-Heydər Əliyev adına Hava Limanı avtomobil yolundan Qala stansiyasına gedən avtomobil yolunun, Sərdar Səfərov, Babək prospekti ilə Kamran Əfkari küçəsinin kəsişməsində yeraltı piyada keçidlərinin, Qələbə meydanında (“Gənclik” metro stansiyası) müxtəlif səviyyəli yol qovşağının tikintisi başa çatdırılaraq ölkə başçısının iştirakı ilə açılışı olub.

”Bundan əlavə Heydər Əliyev prospektində, “Şəfa” stadionunun qarşısında yeraltı keçid qovşağının, Ziya Bünyadov prospekti üzərində yol qovşaqlarının, Mikayıl Əliyev küçəsinin Koroğlu metro stansiyasından Babək prospektinə qədər olan hissəsinin, Babək prospektinin yenidən qurulması, Həsən Əliyev küçəsinin sonundan Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel Koroğlu metro stansiyasına qədər yolun tikintisi və s. işlər nəzərdə tutulmuşdur”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı