Modern.az

“Ermənistanın Gömrük İttifaqına daxil olması Azərbaycana yaşıl işıq yandırmır”- ŞƏRH

“Ermənistanın Gömrük İttifaqına daxil olması Azərbaycana yaşıl işıq yandırmır”- ŞƏRH

Aktual

6 Sentyabr 2013, 13:44

Ermənistanın Avropa Birliyi ilə assosiativ üzvlüklə bağlı saziş imzalamağa hazırlaşdığı dövrdə rəsmi İrəvan mövqeyində Qərbi heyrətləndirəcək bir addım atdı. Görünür Ermənistanın Avropaya inteqrasiya meyllərini  kəskin qınayan Kreml Sərkisyan administrasiyasına ciddi təzyiqlər göstərib.  Bəzi analitiklər də gözlənilən bu sonluqla bağlı proqnozlar versə də, Qərb dairələri Ermənistanın Avropa sevdasına böyük ümidlər bəsləyirdi. Avropa rəsmi dairələri ilə yanaşı, səfalət içərisində yaşayan Ermənistan əhalisinin də sevinci uzun sürmədi. Ermənistan əhalisinin son sığınacaq yeri hesab olunan Avropa xəyallarının puça çıxması etiraz dalğasının genişlənməsinə səbəb olub. Ölkələrinin Rusiyanın yaratdığı Gömrük İttifaqına qoşulmaq qərarına qarşı çıxan erməni əhali paytaxt İrəvanda aksiya keçirməklə öz narazılıqlarını dilə gətirib. Onlar hesab edir ki, Gömrük İttifaqı istiqamətində atılan addım Ermənistanın suverenliyini  və müstəqilliyini kölgə altına alır və bundan sonra onsuz da Rusiyanın forpostu olan dövlət tamamilə Kremldən asılı vəziyyətə düşəcək. Belə bir məqamda Cənubi  Qafqaz regionunun digər dövləti Azərbaycanın da Gömrük İttifaqına qoşula biləcəyi ilə bağlı şərhlər verilir.

Mövzu barədə Modern.az-a danışan Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirov isə hesab edir ki, bu yalnız Azərbaycanın dövlət maraqları çərçivəsində mümkün olar. O bildirib ki, Ermənistanın Gömrük İttifaqına qoşulması məsələsində tutduğu indiki  mövqe anlaşılmazdır.

“Ermənistan Rusiyadan o qədər asılı vəziyyətdədir ki, onun Rusiyanın təsirindən çıxıb Avropa İttifaqı yolunu seçməsi məntiqə uyğun deyildi”-deyən siyasi şərhçi vurğulayıb ki, regionun digər ölkəsi Azərbaycan yalnız milli maraqları çərçivəsində bu ittifaqda yer ala bilər.

“Əks təqdirdə bu qeyri-real görünür”. Analitik bildirib ki,  Ermənistanın bu təşkilata daxil olması Azərbaycan üçün yaşıl işıq yandırdığı anlamında qəbul olunmamalıdır. Bölgədə yenidən Rusiya meylli siyasət yürütməyə başlayan Gürcüstanın da Gömrük İttifaqına daxil olacağı barədə bəzi ehtimallar səsləndirmək olar. Çünki Bidzina İvanaşvili baş nazir olandan sonra Gürcüstanın Rusiya siyasətindəki bir neçə illik düyün açılmağa doğru yön aldı. Saakaşvilidən fərqli olaraq İvanaşvilinin rəsmi Moskvaya isti münasibət bəsləməsi Gürcüstanın da yeni SSRİ layihəsinə cəlb olunması haqqında fikirlər söyləməyə əsas verir.

Dediklərimizə aydınlıq gətirən E. Nəsirov isə məsələyə fərqli prizmadan yanaşır. Onun sözlərinə görə Gürcüstan faktoru mürəkkəbliyi ilə seçilir. “Bu bir qədər qəliz məsələdir. Çünki Gürcüstan MDB-dən çıxmış bir dövlətdir. Ona görə hesab edirəm ki, Gürcüstanın Gömrük İttifaqına daxil olması məsələsinə Qərb çox sərt reaksiya verə bilər. Gürcüstanın adıçəkilən birliyə qəbul olunması heç Rusiyanın da gündəliyində deyil”-deyə institut direktoru şərh edib.

 

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı