Modern.az

Namizədlərin seçki mesajları hazırdırmı? – SORĞU

Namizədlərin seçki mesajları hazırdırmı? – SORĞU

Aktual

10 Sentyabr 2013, 12:22


Prezident seçkilərinə bir ay vaxt qalır. Prezidentlik iddiasında olan 14 nəfərdən artıq 3-nün-prezident İlham Əliyevin, Ümid partiyasının sədri, millət vəkili İqbal Ağazadənin, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş deputat Zahid Orucun namizədliyi qeydə alınıb. Artıq namizədlər bundan sonra seçkilərin öz xeyirlərinə nəticələnməsində mühüm rol oynayan təbliğat-təşviqat kompaniyasına hazırlıq görürlər. Qeyd edək ki, sentyabrın 16-dan rəsmi olaraq təşviqata start veriləcək. Maraqlıdır, görəsən namizədlər təbliğat strategiyalarını necə müəyyənləşdiriblər? Modern.az məsələ ilə bağlı namizədlər arasında  sorğu aparıb.

ADP: Az məbləğlə keyfiyyətli kompaniya

ADP-nin prezident seçkilərində artıq şüarları təxminən bəllidir.  Bu barədə ADP sədri, prezidentliyə namizəd Sərdar Cəlaloğlu məlumat verib. S. Cəlaloğlu öz maliyyə resurslarına uyğun olaraq təbliğat aparmaq niyyətindədir. “Seçicilərə qısa şəkildə yazılmış fikirləri çatdırmaq üçün hər evə buklet verməyi planlaşdırırıq. ADP sədri əhali ilə canlı ünsiyyətdən də qaçmayacaq. “Az məbləğlə keyfiyyətli kompaniya aparmaq fikrimiz var. Düşünürəm ki, çox müvəffəqiyyətli kompaniya apara biləcəyik”-deyə S. Cəlaloğlu bildirib.

Əhməd Orucun işçiləri istirahət edirlər

Azadlıq partiyasının sədri, Əhməd Orucun sözlərinə görə hələlik hər hansı bir şüar üzərində konkret müzakirələr aparılmır. Ə. Oruc qeyd edib ki, imza toplanışından sonra partiya işçiləri istirahət edirlər. “Namizədliyimiz qeydə alındıqdan sonra şüar və videorolik hazırlamaq barədə düşünəcəyik”-deyə Ə. Oruc söyləyib.

Cəmil Həsənli üçün klip və şüar sabah bəlli olacaq

Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin təşəbbüs qrupunun rəhbəri Gülağa Aslanlı isə ciddi hazırlıqların getdiyini vurğulayıb. “Cəmil Həsənlinin seçki qərargahından başqa həm də strateji seçki planlaşdırma mərkəzi var. Həmin mərkəzə təbliğat məsələləri ilə bağlı fikirlərini öyrənmək üçün müraciət etmişik. Yəqin ki, sabah həmin mərkəz toplanacaq. Orada artıq bir sıra məsələlər, o cümlədən əsas şüar və mesajlar, video kliplərlə bağlı müzakirələr aparılacaq”-deyə C. Həsənlinin səlahiyyətli nümayəndəsi qeyd edib.

REAL-ın loqoları hazırdır

REAL hərəkatının məclis sədri Erkin Qədirli təşkilatın rəhbəri İlqar Məmmədovun namizədliyi qeydə alınacağı təqdirdə təbliğat hədəflərini qanunvericiliklə qadağan olunmayan üsul və vasitələrlə quracaqlarını bildirib. O şüarların indidən söylənməsinin qanun pozuntusu olduğunu xatırlatsa da, deyib ki, artıq loqolar hazırdır. Hərəkat rəsmisi əlavə edib ki, təşviqat kompaniyasında video roliklərdən istifadə edəcəklər və internetin verdiyi imkanlardan da yararlanacaqlar.

Xatırladaq ki, prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı