“Bu gün dünyada 1 milyard 180 milyon əlil var. Onlar dövlətin, universitetin , sivil cəmiyyətlərin marağında olmalıdır.” Modern.az xəbər verir ki, bu sözləri Dünya Əlillər Cəmiyyətinin (DƏC) vitse-prezidenti Necdet Öztürk deyib.
Sentyabrın 12-də Milli Məclisdə fiziki imkanları məhdud gənclərlə bağlı “Şərq nağılı” adlı beynəlxalq konfransda çıxış edən DƏC-in vitse-prezidenti qeyd edib ki, BMT-nin Əlillərin Hüquqları haqqında Konvensiyası 187 ölkə tərəfindən imzalanıb, 142 ölkə tərəfindən isə təsdiqlənib.
“Bakı şəhəri bu gün yenidən qurulur, ancaq fiziki qüsurlular üçün çox ciddi problemlər var. Gözdən əlillər küçələrdə, giriş çıxışlarda problemlər yaşayırlar. Məsələn, bu binaya girəndə əlil şəxsləri mühafizəçilər yuxarı qaldırmaq üçün qucaqlarına alırlar”-deyən Necdat Öztürk bildirib ki, memarlıq istiqamətində insanlarda informasiya azdır.
“Biz Təhsil Nazirliyindən, sosial işlərlə məşğul olan nazirliklərdən, memarlıq işləri ilə bağlı nazirliklərdən tələb edirik ki, əlillər üçün şərait yaratsınlar ki, onlar öz hüquqlarından istifadə edə bilsinlər. Bu tələbin yerinə yetirilmə bilməsi üçün kömək etməyə çalışırıq”.
Dünya Əlillər Cəmiyyətinin vitse-prezidenti əlillərin təhsil alarkən yaşadıqları problemlərdən danışıb: “Əlil uşaqlar öncə evdən məktəbə getməlidirlər ki, təhsil alsınlar. Əgər bir insanın təhsil haqqı onun fiziki durumuna görə mane olursa, əlil insan həmişə dövlətin, cəmiyyətin problemi olaraq qalır. Çünki o insan təhsil almayıb. Cəmiyyətə xeyir verə bilmir və həmişə kimdənsə kömək istəmək məcburiyyətində qalırlar. Deməli, müasir dövlət bütün vətəndaşlarına eyni, ədalətli münasibət bəsləməlidir. Biz xüsusilə Azərbaycanın yeni gələcəyində bütün insanlara bərabər, ədalətli fürsət verilməsini istəyirik və Dünya Əlillər Birliyi olaraq, tələb edirik”.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə buna münasibət bildirərək deyib ki, Bakıda bütün təzə tikilən keçidlərdə əlillər üçün xüsusi zolaqlar yaradılır. Eyni zamanda komitə sədri qeyd edib ki, ölkədə 420 minə yaxın əlil var, bu da əhalinin sayının 4,5 faizini təşkil edir. Halbuki bir çox Avropa ölkələrində bu faiz 10 faizə yaxındır.
N.Öztürkün Milli Məclisin binası barədə dediklərinə Hadi Rəcəbli belə cavab verib: “Biz parlamentin qəbul otağı üçün bunu hazırlamışıq, amma parlamentə girənlər üçün bunu etməmişik”.
“Azərbaycan dünyanın yeganə ölkələrindən biridir ki, burada 36 sosial qrup müavinətlər alırlar”, – deyə Hadı Rəcəbli deyib. Əlil uşaqlara verilən müavinətlərin azlığından danışan H. Rəcəbli bildirib ki, müavinətlər zaman-zaman artırılır.
“Bu yaxınlarda əlillərə verilən müavinətlərin böyük bir hissəsi artırıldı. Bəzi qruplar var ki, onların müavinəti də tezliklə artacaq”.
Deputat Fazil Mustafa isə qeyd edib ki, bir sıra məsələlərdə əlillər öz hüquqlarından istifadə etmirlər. Eyni zamanda millət vəkili əlillərin sərbəst hərəkət etmələrinin də bəzən çətinliklərlə qarşılandığını deyib: "Biz müvafiq konvensiyaya qoşulmuşuq və keçidlərdə, ali məktəblərdə onların hüququ təmin olunmalıdır, həmin yerlərə gedib-gəlmələri təmin olunmalıdır. Bu problemin üzərində düşünmək lazımdır. Azərbaycanda hələ də elə ali məktəblər, xəstəxanalar, digər müəssisələr var ki, orada əlillər üçün yollar nəzərdə tutulmur".
F.Mustafa vurğulayıb ki, əlillərin problemlərinin həllinə nail olmaq hər kəsin vətəndaşlıq borcudur. “Biz bu sahədə qanunvericilik sahəsində daha çox işlərin görülməsi üçün səylərimizi artırmalıyıq”.
Aytən Əliyeva