
Ariz ABDULƏLİYEV
Prezidentliyə namizədlər seçicilərə platforma və konsepsiyalarını yox, “razborka”larını təqdim edirlər?
Qəzetlərdə prezidentliyə namizədlərin seçki təbliğatına start verilib. Amma etiraf edək ki, Azərbaycan seciçisi üçün efir təbliğatı daha baxımlı və maraqlıdır. Qəzetin birini alıb oxuyan, o biri almır, səbəbi adidir: pulu çatmır və ya vaxtı azlıq edir, yaxud hər qəzetin bu qədər yazılı təbliğat materialını, reklamını oxumağa həvəsi olmur. Digər tərəfdən, ölkədə mətbuatın siyasiləşməsi, həmişə siyasi qrup və patriya maraqlarından çıxış etməsi qəzet auditoriyasının siyasi və sosial müxtəlifliyini çox məhdudlaşdırıb. Bir faktla da hesablaşaq ki, qəzetlərin tiraji nə qədər çox olsa belə, televiziya tamaşaçılarının çoxmilyonlu sayı ilə müqayisədə dəfələrlə azdır. Odur ki, milyonların izlədiyi televiziya vasitəsilə təbliğat kampaniyası aparmaq namizədlərin də marağındadır.
Sentyabrın 17-də prezidentliyə namizədlərin İTV ilə yayımlanan çıxışlarını dinləyəndən sonra, bir seçici kimi fikirlərimi yazmaq qərarına gəldim. Əminəm ki, oxucular, seçicilər arasında mənimlə həmfikir olanlar az deyil.
Şübhəsiz, az qala bütün respublika namizədlərin efir saatını səbirsizliklə gösləyirdi. Ona da inanıram ki, efir çıxışlarını dinləyən tamaşaçılar arasında mənim kimi təəssüflənənlər az olmadı. Bu nə idi? Namizədlərin telebatı, təbliğat kampaniyası, yoxsa siyasi şousu?
Məsələ bundadır ki, prezidentliyə iddialı olan namizədlərin hər biri istər danışıq, fikirbildirmə səviyyəsi, nitq mədəniyyəti, istərsə də qarşılıqlı davranışı ilə öz yüksək iddiasına – prezident olmaq istəyinə nə qədər layiq olduğunu nümayiş etdirməlidir. Seçicilər prezident olmaq istəyən vətəndaşdan, partiya namizədindən ilk növbədə inellektual və şəxsi mədəniyyət, etika, davranış və diskussiya mədəniyyəti görmək isəyirlər. Ən azı ona görə ki, ölkəyə, dövlətə, cəmiyyətə prezidentlik iddiasında olan şəxs bu keyfiyyətlərə mütləq malik olmalıdır.
İkincisi, prezidentliyə namizədin öz fikrini izah etmək, öz ana dilində adi, anlaşıqlı bir nəqli cümlənu qura bilmək bacarığı olmalıdır.
Sual olunur: namizədlər efir debatı və çıxışları ilə seçiclər qaşısında bu keyfiyyətlərini nümayiş edə bildilərmi?

Daha bir mühüm məsələ: Prezidentliyə namizədlər öz efir imkanlarından niyə siyasi və etik mədəniyyətə əməl etməklə yararlanmırlar? Onların çıxışlarından belə nəticə alınır ki, ya seçicilərə hörmətlə yanaşmır, ya da seçiciləri ucdantutma avam kütlə yerinə qoyurlar. Efir təbliğatını qarşılıqlı “razborkalara” həsr eləmələri belə nəticəyə əsas vermirmi? Onsuz da müxalifət partiyaları və iqtidarla müxalifət arasında münasibətlərin durumunu, gedişatını seçkilərə qədər illərlə izləmişik. İnanın ki, Azərbaycan seçicisi qarşılıqlı müxalifət ittihamlarını oxumaqdan, dinləməkdən çox bezibdi. Bu gün çox inamla televiziya qarşısında oturub, nəhayət onların seçki platformasını, vədlərini eşitmək istəyən milyonlarla seçici, bunun əvəzində namizədlərin “razborka”larına tamaşa etməli olur. Elə bil namizədlər bir-birilərini gözdən salmaq, təhqir etmək, keçmişdən qalma “rasborka”larına aydınlıq gətirmək, qisas almaq üçün prezident seçkisini və namizədlər üçün teledebatı gözləyirlərmiş. Axı bu səviyyə ilə prezident olmaq iddiası tərs mütənasibdir. Seçicinin nəyinə lazımdır ki, hansı namizəd 20 il əvvəl Xalq Cəbhəsinin hakimyyəti dövründə hansı vəzifədə olub və bu təşkilata qarşı narazılığı nədən ibarətdir? Seçicinin nəyinə lazımdır ki, hansı namizəd hansı görüşdə konyak, yaxud viski içib və bu konyakı ona kim verib? Seçicilərin qaşısında ümumi sözlərlə “xarici səfirliklərlə görüşüb, onlardan tapşırıq alırsınız” deyən namizəddən, şəxsən mən bir seçici kimi xahiş edirəm ki, hansı namizədin və partiyanın hansı tarixdə və hansı ölkənin səfirliyindən hansı tapşırığı aldığını elə efirdən də tamaşaçılara açıqlasın. Yaxud digər namizəd hansı nazirin oğlunun milyonlarla dollara xaricdə villa alması barədə təsdiqedici sənədləri efirdən seçicilərə təqdim eləsin. Yaxud Cəmil Həsənlinin keçmiş iqtisadi inkişaf naziri ilə Cəlilabadda qoyun otarması faktının seçki təbliğatı ilə nə əlaqəsi? Deyək ki, qoyun otarmaq faktı olubdur və əgər olubdursa, onda nə vaxt? Və bu faktı seçiciyə efirdən deyən namizəd onu deməkdə hansı məqsədi güdür, zəhmət olmasa bu faktı öz namizədliyi və platforması ilə əlaqələndirsin. Bu yoxdursa və opponentinə hörmət qoymursa, zəhmət çəkib seçicilərə hörmət qoyaraq platfomasını, siyasi məram və məqsədlərini izah eləsin. Başqa bir misal: hamı eşitdi ki, namizədlərdən biri milyonlarla seçiciyə üz tutaraq, xaricdəki filan qəzet Milli Şura haqqında filan fikri yazıb – dedi. Əsl həqiqətdə belə bir qəzet yerli-dibli yoxdur. Əgər bu namizəd debatdakı digər namizədlərlə öz üslubunda “zarafatlaşırsa”, belə siyasi rəqabətini niyə düz olmayan məlumat üzərinə qurur, özü də canlı efidə? Bəs seçiciyə hörməti harada qaldı?
Bəs deyil? Ayıb deyil? Bu xalq nə vaxta qədər müxalifətdaxili “razborkalara” baxmalı, mətbutda, efirdə müxalifət lidetlərinin, təmsilçilərinin qarşılıqlı ittihamlarını izləməldir? Azmış kimi, prezidentliyə iddialı namizədlər belə münasibətlərini efridə də davam etdirirlər. Amma hər namizəd bu mənasız “razborkaya” itirdiyi vaxtın əvəzinə mənsub olduğu partiyanın ölkədə siyasi mədəniyyətin və demokratiyanın inkişafında nə kimi işlər gördüyünü, iqtisadi və sosial dəyişikliklər üçün hökumətə hansı təkliflər paketi təqdim etdiyini açıqlamalı idi.
Hörmətli namizədlər! Xalqa, seçicilərə sizlərin şəxsi, siyasi münasibətləriniz, qisas almaq, gözdən salmaq, təhqir etmək cəhdləriniz, bir-birinizlə köhnə əhvalatların “razborkasını” aparmağınız, bir-birinizə “yazıq” deməyiniz, “kəndli-şəhərli” ayriseçkiliyiniz qətiyyən lazım deyil.
Hörmətli namizədlər! Bu xalq, çoxmilyonlu seçicilər sizlərdən səviyyəli davranışlar, danışıqlar, çıxışlar gözləyirlər; sizlərdən siyasi və iqtisadi inkişaf konsepsiyası gözləyirlər. Dönə-dönə baxın çıxışlarınıza, amma bir qədər tənqidi yanaşma ilə, seçici mövqeyi ilə baxın...
Hörmətli namizədlər, buyurun, sizlərə verilən təbliğat imkanlarından yetərincə yararlanın! Məsələn, zəhmət olmasa, seçicilərlə gələn efir görüşlərinizdə platformanızdakı siyasi, iqtisadi, sosial islahatlarınızı (əgər varsa) şərh edin.
Buyurun, ölkənin mövcud siyasi, iqtisadi, sosial təhlilini verin, amma bu təhlili populistcəsinə deyil, inandırıcı dəlil və arqumentlərlə təqdim eləyin. Hansı sahələrdə, nazirliklərdə hansı qanunsuzluqların, məmur özbaşınalığının, korrupsiyanın baş veridiyini dəqiq faktlarla açıqlayın. Unutmayın ki, sizlər prezidentliyə namizədsiniz və beş ildə bir dəfə xalqla açıq danışmaq imkanı əldə etmisiniz. Ümumi danışmağa qalsa, bunu hər kəs bacarar, məsələn, ümumən demək olar ki, Amerikada rüşvət, korrupsiya, hüquqpozmalar baş alıb gedir. Lakin sizlərə bu qəbildən çıxışlar eləmək yaramaz, çünki bu xalqın qarşısına prezidentliyə iddialı kimi çıxırsınız.
Zəhmət olmasa, müəllimlərin, həkimlərin, pensiyaçıların sosial durumunu, maaşlarını necə və hansı imkanlar hesabına artıra biləcəyinizi iqtisadi və maliyyə baxımdan əsaslandırın.
Azərbaycan cəmiyyətini illərlə narahan edən porblemləri - təhsil kreditləri, ipoteka, bahalıq, Bakıda kənd təsərrüfatı mallarının qıtlığı və dözülməz bahalığı, müəllim və həkimlərin maaşının həddən atrıq azlığı, pensiyaların təhqiramiz miqdarı, vətəndaşların əmək miqrasiyalarının ilbəil çoxalması, kömrük, vergi, nəqliyyat və mülkiyyət sahələrində vətəndaşlara qarşı özbaşınalıqlar, qanunsuzluqlar, aşağı səviyyəli xidmət, magistrlərə və doktorantlara hərbi çağırış müddətinin verilməməsi, müəllimlərin maaşına və sosial durumuna qarşı həllini tapmayan ədalətsiz münasibət, icra strukturlarında, məsələn Prezident Aparatında vətəndaşların şikayət, ərizə və məktublarına aylarla, illərlə cavab verilməməsi, Prezident Aparatında ölkə Prezindentinə ünvanlanan məktubların ona çatdırılmaması, telefon zənglərinə cavab verilməməsi, vətəndaşlarla kobud davranılması və s. və i.a. bu kimi məsələləri nə vaxt və necə həll edəcəyinizdən danışın; yaxud niyə iniyə qədər əhalini narahat edən və kütləvi sosial etirazlar, haqlı narazılıqlar yaradan bütün bu problemlərin həll olunmamasının səbəblərini izah edin. Hörmətli prezidentliyə namizədlər, buyurun, bu problemləri qaldırın, onları yaradan səbəbləri göstərin, onları necə həll edəcəyinizi əsaslandırın.
Yalnız bunlardan sonra xalq sizlərdən birinə inanıb, səs verə bilər.
Sizləri seçicilərinizə hörmətlə yanaşıb qarşılıqlı ittihamlarınıza, “razborka” üslublu özünütəbliğat metodunuza, qarşılıqlı ironiya və təhqirlərinizə, ölkəmizin şou ulduzları sayağı “özünüsevdirmə” üsullarınıza, artıq çoxdan köhnəlmiş rəqabət metodologiyanıza, neçə illərdir bir-birinizə dediyiniz “dejurnı” sözlərinizə, xalqdan zəhləsi gedən və iyrənən “iribuynuzlu” məmurlar və oliqarxlar sayağı administrativ intonasiyalarınıza və oturuşunuza son qoymağa, özünüzü xalqa məhz prezindentliyə namizəd kimi təqdim eləməyə dəvət edirəm. Əks halda, efirdən nümayiş etdirdiyiniz keyfiyyət və səviyyə sizləri seçkiyə qədər xalqın gözündən birdəfələk sala bilər.