
“Rüstəm İbrahimbəyovun istefasından təəssüf hissi keçirdim. Son sessiyadakı çıxışımda demişdim ki, Rüstəm İbrahimbəyov Milli Şuranın ideyasını irəli sürən bir şəxs kimi, tanınmış ziyalı kimi qurumda fəxri sədr kimi qalmalı idi. Bu həm də ona verilən dəyər olardı. Onun fəxri sədr kimi qalması Milli Şuranın fəaliyyətinə təkan verərdi. Dediklərim sessiyada çoxluq tərəfindən müsbət qarşılandı. Bilmirəm, hansı məsələ Rüstəm İbrahimbəyova bu qədər təsir etdi ki, istefa verdi”.
Bunu Modern.az-a açıqlamasında “El” Hərəkatının sədr müavini, Milli Şuranın üzvü Zəfər Quliyev deyib. O, qeyd edib ki, R.İbrahimbəyov bu məsələdə tələskənliyə yol verməməli idi: “Hər halda bu, onun öz seçimidir. Yəqin ki, bu məsələ Milli Şuranın növbəti sessiyasında müzakirə olunacaq. Onun sessiyada istefa ərizəsi qəbul olunacaqsa, o, Milli Şuranın üzvü olaraq qalacaq”.
Z. Quliyev bildirib ki, R. İbrahimbəyovun istefasının səbəbləri bağlı danışmaq çətindir: “Bəzi məsələlər pərdəarxası qalır. Ona görə də bunun səbəblərini demək çətindir. Xeyli vaxtdır, Rüstəm İbrahimbəyovla əlaqə saxlamıram. Müsavat Partiyasının mövqeyi və Müsavatın mövqeyini tənqid edən partiyalar və fərdlərin addımları Milli Şurada qeyri-sağlam mühitin yaranmasına gətirib çıxara bilərdi. Müsavat Partiyasının bu məsələdə mövqeyi bəlli idi. Onların mövqeyi sessiyadan qabaq da, sonra da məlum idi. Rüstəm İbrahimbəyov da bunu bilirdi. Proseslərin gedişi onu göstərir ki, Milli Şurada bir çox məsələlərin daha aydın formada müzakirəsinə ehtiyac var. Bu məsələlər toplandıqca, başqa istefalara səbəb ola bilər”.
“El”in sədr müavini, Milli Şuranın üzvü Eldəniz Quliyevin istefasına da münasibət bildirib: “Eldəniz Quliyev istefa verməyib. Bu barədə özü ilə danışdım. Onun narahatlığını başa düşürəm. Milli Şuranın bəzi üzvləri də bu narahatlığı bölüşürlər. Eldəniz Quliyev deyir ki, proseslər bu cür gedəcəksə, Milli Şurada demokratik, işgüzar, kollegial mühit yaranmasa, o, istefa verə bilər. Hər halda hər şey növbəti sessiyada bəlli olacaq, Eldəniz Quliyev də bunu gözləyir”.
İlkin PİRƏLİ