
Bundan sonra Bakı şəhərindəki ümumtəhsil məktəblərində göstərilən iaşə xidmətləri vahid mərkəzdən idarə olunacaq. Başqa sözlə, məktəb bufetlərinin qida məmulatları ilə təminatını bir qurum həyata keçirəcək. Modern.az saytının xəbərinə görə, Təhsil Nazirliyi bu məsələylə bağlı bir türk şirkətilə razılığa gəlib. Nazirlikdən verilən məlumata görə, burada məqsəd təhsil və tərbiyə alanların sağlamlığının qorunması və möhkəmləndirilməsidir.
Adı hələlik açıqlanmayan həmin türk şirkət ümumtəhsil məktəblərində iaşə xidmətini
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi dövlət standartının tələblərinə uyğun quracaq.
Qeyd edək ki, 2013-cü ilin sentyabrdan Azərbaycandakı “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”nın tətbiqinə başlanıb. Təhsil Nazirliyinin yuxarıda qeyd olunan addımı da bu tələbdən irəli gəlib.
Bu standartın əsas məqsədi məktəblərdə göstərilən iaşə xidmətinin günün tələblərinə cavab verəcək şəkildə yerinə yetirilməsi, təhsil müəssisələrində qidalanmanın optimallaşdırılması yolu ilə təhsil və tərbiyə alanların sağlamlığının qorunması və möhkəmləndirilməsidir. Təhsil müəssisələrində və təhsil müəssisələri üçün qidalanmanı təşkil edən müəssisələrdə bu standartların icrası məcburidir.
Çünki indiyədək məktəb bufetlərində sanitariya qaydalarına, normalarına əməl edilməsinə yerli məktəb rəhbərləri tərəfindən və yaxud da bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən yaxşı diqqət yetirilmirdi.
Yeni standartda 3-18 yaşlı uşaq və yeniyetmələr üçün fizioloji tələbat normaları, məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanmasında istifadəsi tövsiyə olunan əsas qida məhsullarının siyahısı, ümumi təhsil və ilk peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısı, məktəbəqədər təhsil müəssisələri üçün orta gündəlik ərzaq çeşidinin siyahısı və s. əks olunub.
Standartlara görə, bufetlərdə məsələn qazlı sular, çipsilər satılmamalıdır. Əvəzində süd və süd məhsulları, meyvə-tərəvəz satışa çıxarılacaq. Standartın tələblərini pozan şəxslərə qarşı ciddi tədbirlər görüləcək.
Modern.az