
Suriyada hökumət qüvvələrinə qarşı döyüşən Azərbaycan vətəndaşlarının öldürülməsi ilə bağlı mütəmadi xəbərlər alırıq. İddialara görə, Azad Suriya Ordusu tərkibində Bəşər Əsədə qarşı döyüşənlər “Əl-Qaidə”yə bağlı qruplardır. Radikal dini görüş də bir çoxlarını Suriyada gedən döyüşlərdə iştirak etməyə vadar edir.
Suriyada vuruşan azərbaycanlılar, o cümlədən müxalifət qüvvələrinin başqa millətlərdən olan döyüşçü tərəfdarları prezident Bəşər Əsədə qarşı müharibəni cihad adlandırırlar.
İlahiyyatçı Elşad Miri Modern.az saytına açıqlamasında bildirib ki, Suriyaya gedən azərbaycanlılar hər hansı şəxsi maraq güdmürlər. Onun sözlərinə görə, bəzi insanların Suriyada baş verənlərin cihad olduğu fikrinə düşməsi yanlışdır.
“Bəziləri yüksək məqam olan şəhidlik dərəcəsinə yüksəlmək üçün Suriyada döyüşür. Məsələnin digər tərəfi ondan ibarətdir ki, bir qisim şəxs iddia edir ki, Suriyada gedən proseslər siyasi oyunlardır. Bəzən müxalifətdəki qüvvələrin bir hissəsi də qeyd edir ki, onlara xaricdən gələn döyüşçülər lazım deyil. Suriyaya getməyin qarşısını almaq üçün düzgün maarifləndirmə işləri aparılmalıdır”.
E.Mirinin fikrincə, azərbaycanlıların həyatlarını riskə qoyaraq Suriyaya getmələrində hər hansı bir siyasi maraq ola bilməz. “Bu sadəcə dindən, imandan gələn bir məsələdir. Ola bilsin ki, həmin insanlar bu məsələni yanlış anlayır”.
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri, ehtiyatda olan zabit Fizuli Rzaquluyev da Suriyada döyüşən azərbaycanlıları qınayıb:
“Bizim torpaqlarımız işğaldadır. Şəhid olmaq istəyənlər rəhmətlik Mübariz İbrahimov kimi hərəkət edə bilərlər. Biz Suriyada döyüşən azərbaycanlıları bəyənmirik”.
Aqşin Kərimov