Modern.az

Ələsgər Məmmədli: “İctimai Televiziyanın ictimai missiyası var”

Ələsgər Məmmədli: “İctimai Televiziyanın ictimai missiyası var”

Aktual

9 Yanvar 2014, 09:51

İctimai televiziyalar ictimaiyyətin mənafeləri, maraqları üstün tutulan yayım növüdür. Bu səbəbdəndir ki, bir çox ölkələrdə belə televiziyaların maliyyə mənbəyi də onun abunəçiləridir. Bəs ictimaiyyətə xidmət etməli olan belə televiziyalarda kommersiya reklamına yer verilməlidirmi?

Hüquqşünas, media məsələləri üzrə ekspert Ələsgər Məmmədli Modern.az-a verdiyi açıqlamada İctimai Televiziyada kommersiya reklamının tətbiqinin qanuna zidd olmadığını bildirdi: “Reklam verilməyi ilə bağlı bir məhdudiyyət yoxdur. O vaxt qanun qəbul olunan zaman İctimai televiziyanın maliyyə resursları baxımından dövlət büdcəsindən asılılığını qismən azaltmaq üçün elə bir müddəa da qoyulmuşdu ki, reklamdan gələn gəlirlərdən də istifadə eləsin. Hüquqən bir maneə yoxdur. Bilirsiz, reklam hər zaman televiziyaları mahiyyət etibarilə reytinqə bağlıyır. Reytinq hansı proqramdadırsa, hansı verilişdədirsə o aspektdən televiziya reklamı ora yerləşdirir.

Ə. Məmmədlinin sözlərinə görə, İctimai Televiziyanın ictimai missiyası var: “Bu missiya sadəcə reklam gətirən verilişlərlə bağlı deyil. Onun bir çox xüsusiyyəti var ki, məsələn milli azalıqlarla bağlı veriliş vermək, ya da aztəyinatlı hansısa kateqoriya üçün sosial yardım etmək və s. Bunlar kommersiya dəyəri olan layihələr ola bilməz. Amma buna baxmayaraq onun bu missiyası da var. Bu baxımdan İctimai televiziyalar reklamdan asılı qalmamalıdır. Düzdür, reklamdan gələn gəlir ola bilər. Düşünmürəm ki, bunu məhdudiyyət kimi qəbul etmək olar. Amma ictimai yayımın mahiyyətini təkbaşına reklam müəyyən etməməlidir. İctimai yayım daha çox ictimaiyyətin mənafelərinə xidmət edən yayım politikası izləməlidir. Yəni, cəmiyyətin bütün gerçək üzü orada öz əksini tapmalıdır. Bu daha çox özünü informativ proqramlarda, daha çox aktual tok-şoularda göstərir. Əlbəttə, onlarda həm reytinq ola bilər, həm də mahiyyətcə gerçək ictimai yayımın missiyasına uyğun da verilişlər hazırlamaq olar. Azərbaycan ictimai yayımı kifayət qədər geri qalır. Həm reytinqləri çox aşağıdır, həm də ictimai yayımın gerçək mahiyyətindən doğan yayımçılıqdan çox uzaqdır. Kommersiya reklamları, dediyim kimi, maliyyə mənbələrini çoxaltmaq üçün düşünülə bilər, amma televiziyanın reytinqdən asılı qalması yolverilməzdir. Çünki onun qanundan doğan funksiyaları var və bu funksiyaların icrası üçün konkret olaraq 2014 də daxil olmaqla dövlət büdcəsindən maliyyə ayrılıb. Daha sonra abunəçilərin hesabına da maliyyə imkanları genişlənsə, mən düşünürəm ki, reklamı tamam aradan qaldırmaq olar ki, reklamdan asılı qalmasın və beləliklə də reytinq dərdi olmasın. Amma gerçək ictimai yayımın məqsədinə yönəlmiş yayım olmalıdır. İndiki halda ictimai yayımın nə yayım şurası cəmiyyətin mənafelərinə cavab verən şəkildə yayım edir, nə də ki o televiziya cəmiyyətin mənafelərinə, maraqlarına cavab verən şəkildədir. Kifayət qədər aşağı səviyyədədir, bir çox ictimai, siyasi məsələləri işıqlandıra bilmir. Daha çox dövlət yayımçısının təkrarı ilə məşğuldur”.

Media eksperti Zeynal Məmmədli reklamdan gələn gəlirin necə xərclənməsinin diqqət yetirilməli məsələlərdən biri olduğunu dedi: “Kommersiya reklamı verilə bilər, amma nə qədər verilə bilər. O reklam gəliri heç kimin şəxsi məqsədinə yönəldilə bilməz, bu yenə ictimai məqsədə yönəldilməlidir. Yəni bundan gələn pul təzədən yeni ictimai proqramların hazırlanmasına sərf olunmalıdır. O başqa məsələdir ki, Azərbaycanda İctimai Televiziyanın, ümumiyyətlə, reklamdan nə qədər gəlir əldə etdiyi ilə bağlı məlumat açıqlanmayacaq. Açıqlanan məlumat da elə gülməli rəqəm olacaq ki, o bir gündə qazanıla bilər. Problem Azərbaycanda ictimai TV-nin reklam verib-verməməyi deyil. Problem odur ki, bu qazanılan pul nəyə xərclənəcək? Yoxsa o başqa məsələdir ki, əlbəttə, ümumiyyətlə, reklam gəlirlərinə görə proqram qurmaq ictimai televiziyaya yaraşmaz. Bu mənada o bazarda ictimai televiziyanın özü, verilişi bir reklam dəyərinə çevrilməlidir. Buna çalışmaq əsas məsələdir. Bu varmı reallıqda? Bu mübahisə mövzularıdır. Azərbaycanda ictimai KİV-də hansı proqram var ki? Yəni, hər şey özəli xatırladır, ictimaini xatırlatmır, bu ayrı problemdir. Kommersiya reklamının verilməsi qərardan asılıdır. Kommersiya reklamı verir pisdir, vermir yaxşıdır nəticəsini çıxartmaq olmaz. Əsas gələn pulu nəyə xərcləyir? Bunu təzədən ictimai yayımın ehtiyaclarına xərcləyirmi? İctimai yayımı özəl yayımlardan daha uğurlu, daha gözəgəlimli eləmək üçün, keyfiyyət baxımından daha faydalı eləməyəmi yönəldir, yoxsa nəyə? Buna diqqət yetirmək lazımdır. Yayım Şurası hər dəfə bunun hesabatını cəmiyyətə verməlidir. Və bizdə bunların heç biri olmadığından, İctimai Televiziya da qapalı bir idarəyə oxşayır. O pulların necə xərclənməsindən maraqlanan kimi də deyirlər ki, bizim pulumuzla niyə maraqlanırsız. Ancaq onlar tam hesabat verməlidirlər”.

 Misranə Həsənzadə

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı