
Milli Məclisin dekabrın 27-də keçirilən payız sessiyasının son iclasından sonra deputatlar qış tətilinə çıxdılar. Parlament komitələrinin növbəti iclası yanvarın 15-dən, yaz sessiyasının ilk iclası isə fevralın 1-dən başlayacaq. Bəs bu zaman çərçivəsində deputatlar qış tətilini harada keçirəcəklər və istirahətdən sonra onlar Milli Məclisdə hansı təkliflərlə çıxış edəcəklər?
Modern.az saytı deputatlardan münasibət öyrənib.
Hələlik istirahət etdiyini deyən Musa Quliyev parlamentin yaz sessiyası üçün heç bir təklifi olmayacağını bildirib.
Aydın Mirzəzadə isə deputat həmkarından fərqli olaraq iş başında olduğunu qeyd edib. “Hesab edirəm ki, deputat üçün məzuniyyət, tətil və bazar günləri anlayışı yoxdur. Bizə etimad göstərən seçicilərə biz hər zaman açıq olmalıyıq. Gündəlik işdə oluram və gələn məktubların üzərində işləyirəm, görəcəyim işlərlə bağlı bəzi hazırlıqları görürəm. Eyni zamanda gündəlik olaraq seçildiyim Mingəçevir şəhəri ilə əlaqə saxlayıram. Yanvarın 16-da komitəmizin iclası olacaq və yaz sessiyası üçün görəcəyimiz işlərlə bağlı konkret təklif və fikirlərimizi bildirəcəyik. Hesab edirəm ki, deputat təkcə təmsil olunduğu komitə deyil, cəmiyyətdə olan bütün məsələlərlə bağlı öz mövqeyini bildirməlidir. Şübhəsiz ki həm bizə müzakirəyə verilən qanun layihələrinə münasibət bildirəcəyəm, eyni zamanda müəyyən məsələlər üzrə də təkliflərim olacaq. Nəzərə alsaq ki, yaz sessiyasında həm Ombudsmanın, həm Hökümətin hesabatı dinləniləcək. Həmin hesabata hazırlığımızı da etməliyik. Həm ölkə inkişafı, həm də seçilmiş regionun inkişafı ilə bağlı müəyyən məsələləri qaldırmalıyıq”.
Qış istirahətini və Yeni ilini ailəsi ilə birlikdə Qubada keçirən Vahid Əhmədov yaz sessiyası üçün müəyyən təklifləri olacağını istisna etməyib.
“Çünki bizim keçən sessiyadan qalan qanunlarımız var. “Reklam haqqında” qanun, Rəqabət Məcəlləsini təklif edəcəyik ki, yenidən gündəliyə salınsın və yaz sessiyasında qəbul edilsin. Ola bilər ki, digər qanun layihələri də olsun, amma onlardan hələ xəbərsizəm”.
Novruz Aslan da həm Qızıl Aypara Cəmiyyətindəki fəaliyyətini, həm də deputatlıq fəaliyyətini davam etdirdiyini bildirib. “Qış tətilini ailəmlə birlikdə keçirmişəm və heç hara getməmişəm. Rayonla daim əlaqə saxlayıram, sabah da elə seçildiyim bölgəyə gedib qəbul keçirəcəm. Yaz sessiyasının başlanması ilə əlaqədar fikirləşirəm. Hansı məsələlər haqqında çıxışlarım, hansı məsələlərin müzakirə edilməsi barədə planlarım var və bu barədə hələlik danışmaq tezdir”.
Fəzail Ağamalı isə həmkarlarından fərqli olaraq qış tətilini xəstə olaraq keçirdiyini bildirib. O yaz sessiyasında hansı təkliflər səsləndirməsi üçün sənədləri əldə etdikdən sonra danışa biləcəyini vurğulayıb.
Hazırda xaricdə olan Cavanşir Feyziyev isə sabah ölkəyə qayıtdıqdan sonra seçildiyi Şəki rayonuna gedib seçiciləri ilə görüş keçirəcəyini bildirib.
“Ondan sonra hansı məsələləri yaz sessiyasının iclaslarında qaldıracağım məsələlər haqqında danışmaq olar”.
Aytən ƏLİYEVA