
Azərbaycanın Rusiyanın layihəsi olan Gömrük İttifaqına qoşulmaqdan imtina etməsi Dağlıq Qarabağ münaqişəsinin həllinin yubanmasına da təsirsiz ötüşməyəcək. ATƏT-in Minsk Qrupu həmsədrlərindən biri olan və əvvəldən qərəzli mövqe sərgiləyən Kremlin bundan sonra da Qarabağ konfliktinin həllində müsbət addım atacağı gözlənilmir.
Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirov Modern.az saytına açıqlamasında bildirib ki, Azərbaycan işğalçı Ermənistanla Gömrük İttifaqında bir qrup çərçivəsində fəaliyyət göstərməyəcək. “Azərbaycan torpaqlarının işğalına son qoyulduqdan sonra yaranacaq yeni reallıqlar kontekstində rəsmi Bakı Gömrük İttifaqına daxil olmaq məsələsinə baxa bilər. 2015-ci ildən etibarən reallaşacaq Avrasiya İttifaqı məsələsində də Azərbaycanın mövqeyi bəllidir”. Politoloq sözügedən proseslər fonunda Dağlıq Qarabağ münaqişəsinə mümkün təsirlərə də toxunub. Onun sözlərinə görə, 2014-cü il problemin həlli üçün uğurlu olmayacaq. “Dünyadakı erməni lobbisi və diasporası, onların təbliğat maşını belə informasiya yayır ki, 2014-cü il I Dünya Müharibəsinin 100 illiyidir. Onlar iddia edir ki, ermənilərə qarşı genosid tətbiq edilib. Onlar qondarma “erməni soyqırımı”nı beləcə əsaslandırmağa çalışırlar. Bu nöqteyi-nəzərdən onlar 2014-cü ildə münaqişənin həlli ilə bağlı hər hansı bir kompromisə, güzəştə getməyi “öldürülmüş” insanların ruhuna təhqir hesab edirlər. 2015-ci ildə isə qondarma “erməni soyqırımı”nın 100 illiyini qeyd etməyə hazırlaşırlar. Haqqında bəhs etdiyim məsələlər 2014-cü il baxımından münaqişənin həllinə ümidverici baxmağı bir qədər çətinləşdirir”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikrincə, Gömrük İttifaqı məsələsi olmasaydı belə, yenə də 2014-cü il üçün Qarabağ konfliktinin həllində hər hansı irəliləyiş müşahidə edilməyəcəkdi. Analitik haqlı olaraq düşünür ki, danışıqlar faktiki olaraq yerində sayır və həmsədrlər yeni ideya ortaya qoya bilmirlər: “Ermənistanın arxasında Rusiya dayandığından proseslərə müdaxilə etmək bir az da çətinləşir. Bundan sonra daha təhlükəli hadisə də yaşana bilər. Ermənistanı Gömrük İttifaqına üzv qəbul etsələr, Dağlıq Qarabağ malları da Ermənistan üzərindən bazarlara çıxarılacaq. Bu da Dağlıq Qarabağ münaqişəsinin həllinə mənfi təsir edəcək. Danışıqlarda hər hansı bir irəliləyiş gözlənilmir. Müharibənin olması isə indiki vəziyyətdə bölgə dövlətlərinin maraqlarına ziddir. Müharibə başlasa belə, Azərbaycan Ermənistan-Rusiya ittifaqına qarşı savaşmalı olacaq. Bundan əlavə, böyük enerji layihələri təhlükə altına düşə bilər. Azərbaycan yaxın 4 ildə böyük idman yarışlarına sahiblik edəcək. Bu o deməkdir ki, yaxın 4 ildə Azərbaycanın özü də müharibənin başlanmasında maraqlı deyil”.
Aqşin Kərimov