““Uşaqların cismani cəzadan qorunması haqqında” məsələ sadəcə Ombusdaman Elmira Süleymanova tərəfindən təklif olub. Amma belə bir məsələnin Milli Məclisdə müzakirə olunacağı gözlənilmir”.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Modern.az-a belə deyib. O bildirib ki, indiyədək “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul olunub və əlavə yeni sənədə ehtiyac duyulmur.
“Həmin qanunda təkcə uşaqların deyil, ümumiyyətlə ailə üzvlərinin hər birinin həm fiziki, həm psixoloji, həm də iqtisadi zorakılıqdan qorunması öz əksini tapıb. Odur ki, Milli Məclisdə belə bir qanunun müzakirəsinə ehtiyac yoxdur”.
Qeyd edək ki, mətbuatda “Uşaqların cismani cəzadan qorunması haqqında” qanunun Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacağı ilə bağlı məlumatlar verilib. Eyni zamanda yeni qanundan irəli gələrək Cinayət və İnzibati Xətalar məcəllələrinə əlavələr də ediləcəyi bildirilib.
Deputat Milli Məclisin yaz sessiyasında belə bir məsələnin müzakirə olunmayacağını vurğulayıb.
“Çünki buna ehtiyac yoxdur. Ombudsamanın qanunvericilik təşəbbüsü olmadığından belə bir qanun layihəsi göndərə bilməz. O, sadəcə bir vətəndaş kimi Milli Məclisə bununla bağlı qanun hazırlanması ilə bağlı təklif edib. Bu o demək deyil ki, Ombudsman qanun layihəsi təqdim edib. Milli Məclis həmin təklifi məqbul saysa belə, qanuna düzəliş Komitədə işlənib hazırlanmalıdır. Belə bir təklif isə Komitəyə gəlib çıxmayıb”.
Deputat onu da bildirib ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunda, Azərbaycanın uşaq hüquqları ilə bağlı imzaladığı bir çox konvensiyalarda, o cümlədən “Təhsil haqqında” Qanunda və 40 yaxın digər qanunda uşaqların fiziki qorunması ilə bağlı müddəalar var. Odur ki, əlavə belə bir qanunun qəbul olunmasına ehtiyac yoxdur.
Gültəkin ƏLƏSGƏR