Modern.az

Hansı deputatların yaz sessiyası üçün təklifləri var? - “Yanacaq bahalaşdısa, əlavə tədbirlər görülməlidir”

Hansı deputatların yaz sessiyası üçün təklifləri var? - “Yanacaq bahalaşdısa, əlavə tədbirlər görülməlidir”

Aktual

13 Yanvar 2014, 10:03


Milli Məclisin ötən il dekabrın 27-də keçirilən payız sessiyasının son iclasından sonra deputatlar qış tətilinə çıxdılar. Parlament komitələrinin növbəti iclası yanvarın 15-dən, yaz sessiyasının ilk iclası isə fevralın 1-dən başlayacaq. Bəs bu zaman çərçivəsində deputatlar qış tətilini harada keçirəcəklər və istirahətdən sonra onlar Milli Məclisdə hansı təkliflərlə çıxış edəcəklər?
Modern.az saytı deputatlardan münasibət öyrənib.
Qış tətilini bağında istirahət etməklə keçirən İlyas İsmayılov bildirib ki, yaz sessiyası başlayandan və materiallarla tanış olduqdan sonra təkliflərini irəli sürəcək. O bu haqda əvvəlcədən danışmaq istəmədiyini vurğulayıb.

Əli Məsimli isə qış tətilini işləyərək keçirib. “Görüşlər, edilən müraciətlərin sistemləşdirilməsi işlərini davam etdiririk. Eyni zamanda iki kitab üzərində işləyirik. Birini yaxın aylarda yəqin ki verə bilərik. Yeni sessiyada hazırladığımız iki qanun layihəsini qabartmaq fikrindəyik. Bu, deputat həmkarım Vahid Əhmədovla birlikdə hazırladığımız “Təhsil kreditləri haqqında” və “Reklam haqqında” qanun layihələridir. Həmin sənədləri hazırlayıb Milli Məclisə təqdim etmişik. Eyni zamanda bir sıra qanun layihələri də var ki, onların qəbulu illərlə uzanır. Hər dəfə gündəliyə salınır, amma qəbul olunmur. Rəqabət Məcəlləsi bunlardan biridir. Bu qanun layihəsini yaz sessiyasında o konteksdə qaldıracağıq ki, əgər məcəlləni qəbul etmiriksə, onu yenidən gündəliyə salmağın əhəmiyyəti yoxdur”.
Ə.Məsimli yaz sessiyasının iclaslarında sosial xarakterli məsələrin qaldırılmasına diqqət edəcəklərini vurğulayıb.
“Yanacağın tarifləri qalxdı. Biz də bildirmişdik ki, əgər tariflər qalxacaqsa, onda əhalinin aztəminatlı, yoxsul təbəqəsinin sosial müdafiəsi istiqamətində addımların atılması, əlavə tədbirlərin görülməsi üçün təkliflərimizi irəli sürəcəyik. Vergi sisteminin, ipoteka kreditinin təkmilləşdirilməsi, kreditlərin faiz dərəcələrinin aşağı salınması istiqamətində təkliflərimizi də Milli Məclisin yaz sessiyasının iclaslarında qaldırcağıq”.

Bayram günlərini Bakıda keçirən Eldar Quliyev isə yanvarın sonunda Avropaya getməyi planlaşdırdığını bildirib. “Sessiyaya hazırlıqla əlaqədar olaraq, bu ay bizim komitəmizin yəqin ki, iclası olacaq. Ən böyük istəyimiz “Kooperasiya haqqında” qanun layihəsinin qəbuludur. Eyni zamanda keçən ilin sonunda yaşıllıqların qorunması ilə bağlı qanun layihəsini birinci oxunuşdan keçirdik. Onu parlamentin yaz sessiyasında ikinci və üçüncü oxunuşa hazırlayırıq. Bu qanun layihəsi ilə bağlı müəyyən təkliflərim var. Çünki qanun layihəsində cərimələr ümumi göstərilib konkretlik yoxdur və bu, insanlarda çaşqınlıq yaradır”.

Qış tətilini iş başında keçirən Kamilə Əliyeva da professoru olduğu Bakı Dövlət Universitetində qiyabilərə dərs dediyini və eyni zamanda seçiciləri ilə görüşlər keçirdiyini bildirib.
 “Həmişə olduğu kimi parlamentə daxil olan qanun layihələri haqqında vaxtı gəldikcə, bizə gündəliklər verildikcə onlara baxıb müzakirələrdə iştirak edəcəm və təkliflərimi bildirəcəm”.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı