
“Görüşün ətrafında pozitiv bir mühitin olduğunu deyə bilərik. Baxmayaraq ki, Azərbaycan-Ermənistan təmas xəttində ciddi gərginliklər var. Ermənilər həmişə danışıqlar öncəsi bu cür davranmağa vərdiş ediblər. Mətbuata sızan məlumatlara istinad etməli olsaq, prezidentlərin son görüşündən sonra hər iki tərəfdən yaradılmış ekspertlər qrupu müəyyən məsələlərin razılaşdırılmasında irəliləyişlərə nail ola biliblər. Düzdür, bu irəliləyişlər mühüm məsələlərə aid deyil”.
Bunu Modern.az-a politoloq Qabil Hüseynli Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü şərh edərkən deyib. O bildirib ki, hazırda Azərbaycan-Ermənistan münaqişəsində əsas mühüm məsələ Dağlıq Qarabağ bölgəsinə sülhməramlı qüvvələrin gətirilməsi, referendumun keçirilməsi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi məsələləridir:
“Bu məsələlər hələ ki razılaşdırıla bilməyib. Bunlar həm də ciddi fikir ayrılıqları doğuran məsələlər sırasına daxildir. Danışıqlar prosesinə daxil olan məsələlərdə müəyyən konsensusa nail olunduğu iddia edilir. Bu, son günlər əldə edilməyib. Bu irəliləyiş o qədər də prinsipial xarakter daşımır. Əsas prinsipial məsələlər dediyim 4 məsələdir. Bu məsələlər ətrafında da fikir mübadiləsi aparılır. Ekspertlər səviyyəsində aparılan fikir mübadiləsi xarici işlər nazirlərinin müzakirəsinə təqdim edilib. Nazirlər də bu məsələlərdə razılıq əldə etməyə cəhd edəcəklər. Sonradan bunu fevralda nəzərdə tutulan prezidentlərin görüşünə təqdim edəcəklər. Prezidentlərin görüşü o zaman baş tutacaq ki, xarici işlər nazirlərinin görüşündə nəsə bir irəliləyiş, pozitiv məqamlar əldə edilmiş olsun. Çünki prezidentlər görüşü görüş xətrinə deyil, görüşdə nəyisə müzakirə etmək üçün görüşürlər. Bu mənada Parisdə xarici işlər nazirlərinin görüşündən həm də prezidentlərin görüşünün baş tutub-tutmayacağı xeyli dərəcədə asılıdır”.
Q. Hüseynli bu məsələdə Azərbaycan və Ermənistana təzyiqlərin olduğunu bildirib: “Təzyiqlər Amerika və Avropa tərəfdən edilir. Onlar tərəfləri konsensusa gəlməyə məcbur edirlər. Rusiya da Ermənistanı öz çətiri altında saxlamağa çalışmır. Bu da müəyyən irəliləyişlərin olmasını göstərir. Belə fikir söyləmək mümkündür ki, prezidentlərin fevralda nəzərdə tutulan görüşündə, xırda da olsa, irəliləyişlər əldə edilə bilər”.
Qeyd edək ki, bu gün Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun və Ermənistanın xarici işlər naziri Edvard Nalbadyanın görüşü baş tutacaq.
İlkin PİRƏLİ