Modern.az

Fazil Mustafanın “Adamyeyənlər”i, Aynar Məmmədovun maşınları…

Fazil Mustafanın “Adamyeyənlər”i, Aynar Məmmədovun maşınları…

Aktual

17 Fevral 2014, 01:34

Namidə BİNGÖL

Cəmiyyətin nümunəvi vətəndaşı olmaq üçün öncə məsuliyyət hissini formalaşdırmaq lazımdır. “İki üstəgəl iki” missiyası isə çərçivəni aşmamaq anlamına gəlir. Yəni vətəndaş olduğun qədər üstəgəl məmur vəzifən varsa, deməli, hər atılan addıma fikir vermək önəmlidir. Bu barədə bir az sonra daha ətraflı danışacam. İndi isə yola saldığımız həftə ərzində ölkədə baş verən hadisələrin yekununa qısa nəzər salaq.

Bəli, yola saldığımız həftəni də özümüzə od vurmadan başa vura bilmədik. Özünü yandırmaqla intihara cəhd edən vətəndaşımız alovun içindən yanıq xəsarətləri almadan çıxmaqla yanaşı, yeni mənzilinə canını sağ-salamat təslim edə bildi. Hər halda, buna da şükür. Belə çıxır ki, həllini tapa bilməyən məsələlərin kökünü özünə od vurmaqla qaydasına qoymaq olar. Təbii ki, bu da çıxış yolu deyil. Ən azından millət olaraq,gücümüzün, iradəmizin zəif olduğunu göstərməklə dünyada mənfi rəy yaradıdırıq. Məsələyə burda son qoyuram. Ümid edirik ki, bu cür hadisələr son olacaq və vətəndaşların məmurlar tərəfindən incidilməsi halları aradan qalxacaq.

Nədənsə, müxalifət düşərgəsində də sonu çatanların miqyası genişlənir. Yəni kiçiklər böyüklərin üzünə ağ olduqca, böyüklər də yaxasını kənara çəkməyə üstünlük verir. Kənar qüvvələrin dəstəyi ilə ərsəyə gətirilən Milli Şurada isə bilinmir kimin bayramıdır. Görünür, Cəmil Həsənlinin idarəçilik qüvvəsi hələ tükənməyib. Hətta, ən parlaq simalardan olan Eldar Namazovun Milli Şuradan geri çəkilməsi Cəmil müəllimin mübarizə gücünə heç bir xələl gətirmədi. Deməli, meydanın kənarında baş verən hadisələr insanın mübarizə ruhunu tükətməyə də bilər. Rüstəm İbrahimbəyovun siyasi meydanda mübarizə aparmasına “qocalıq” güc gəlsə də, Cəmil Həsənlinin daxilində pöhrə verən “cavanlıq” həvəsi tam fərqli cığırın astanasında mövqe tutub. Maraqlıdır, bu gedişlə Cəmil Həsənlinin axırı necə olacaq?!

Düzü, Cəmil Həsənlinin sonunu proqnozlaşdırmaq çətin olsa da, Siyavuş Novruzovun çıxışlarının sonu bəllidir. Açıq-aşkar deyir ki, çomağı götür, gəl meydana. Yola saldığımız həftə Milli Məclisin plenar iclasında millət vəkilləri arasında qalmaqala bənzər hal yaşandı. Millət vəkili Fazil Mustafa ilə YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun sözü çəp gəldi. Səbəb odur ki, Fazil Mustafa “Adamyeyənlər” adlı yazısında YAP funksionerinin təbirincə desək, özünü bir növ Əkrəm Əylisliyə oxşadıb. Siyavuş Novruzov isə bu oxşarlığı arqumentlərlə dilə gətirib. Yəni Fazil müəllim ölkənin inkişafını görməzlikdən gəlib. İdmançılarımızın uğursuzluğunu misal gətirməklə fransız idmançıların uğurlarını yazıda gen-bol şərh edib.Bu səbəbdən də Fazil Mustafanın Azərbaycan xalqından üzr istəməsini Siyavuş Novruzov israrla tələb edib.Bilmirəm, bizim bəzi millət vəkillərimiz niyə həqiqəti yazanda sərt reaksiya verirlər? Sanki heç bir problemimiz yoxdu.

Bir vətəndaşımızın özünə od vurmaq istəməsi bütövlükdə cəmiyyətin problemidir. Ötən ilin son günlərində deputat, Həmkərlar İttifaqı Konfederasiyasının rəhbəri Səttar Mehbalıyevin əlindən canına od vuran Qarabağ əlili həyatına son qoydu. O Qarabağ əlili ki, bizim azadlığımız, suverenliyimiz uğrunda yarımcan olmuşdu. O zaman niyə susdunuz? Niyə həmkarınız Səttar Mehbalıyevi Azərbaycan xalqından üzr istəməyə dəvət etmədiniz? Amma,digər həmkarınızın yazısında həqiqətləri ortaya qoymasına reaksiyanız çox sərt oldu. Haqqı olanın haqqını yemək harda yazılıb? Bu cür faciələri necə görməzlikdən gələk, Siyavuş müəllim?!

İndi isə qayıdaq həftənin əsas hadisələrindən birinə. Yola saldığımız həftə millət vəkili Elton Məmmədovun oğlu Aynar Məmmədov ətrafında səslənən fikirlərlə yadda qaldı. Təbii ki, Aynar Məmmədov məmur ailəsində böyüyən gəncdir. Bu səbəbdən də “yox” sözünə adət etməyən bu gəncin kifayət qədər var-dövlətə sahiblənməsi cəmiyyətdə birmənalı qarşılana bilməzdi. Ən son maşınların, qol saatlarının və ətirlərin qiyməti hər bir sadə Azərbaycan vətəndaşı üçün möcüzədən başqa heç nə ola bilməz. Çox da atası Elton Məmmədov millət vəkili, əmisi Ziya Məmmədov nazirdir. Bu gənc oğlan neyləməlidir?! Sərbəst həyat tərzini bizim kimilərin kasıb komasına qurban verməlidir? Axı, onun göz açdığı mühitdə yavan çörəyin üstünə “şor”yaxılmayıb ki?! Hardan bilsin kasıbçılıq nə olan şeydi. Atalar yaxşı deyib.”Toxun acdan nə xəbəri”! Təbii ki, bu gün formalaşan cəmiyyətin sütunlarını silkələmək kiməsə əlavə qazanc gətirməyəcək. Yəni Aynar Məmmədov da bu məmləkətin övladıdır. Normal düşüncə ilə yanaşsaq var-dövlətə sahiblənməyə onun da haqqı var.

Ad gününü sadə vətəndaşların arasında keçirməyə üstünlük verdiyini deyən dövlət başçısı İlham Əliyev çıxışı zamanı bir məsələyə də toxunmuşdu. “Heç bir məmurun dəbdəbəli ad günü keçirməsi sadə vətəndaşın güzaranından artıq ola bilməz”. Eyni zamanda, İlham Əliyev dəfələrlə məmurlara üzünü tutaraq bizneslə məşğul olmağın yasaq olduğunu deyib. İndi Aynar Məmmədovun ərköyünlüyünə nə ad verək ki, “nə şiş yansın, nə də kabab”. Digər tərəfdən də bu fantastik var-dövlətin sosial şəbəkələrdə yayılmasına başçılıq edən Aynar Məmmədov deyəsən, informasiyanın sürətli yayılmasından xəbərsiz imiş. Sən vurmadın, mən yıxılmadım. O zaman od olmayan yerdən tüstü necə çıxa bilər? Yəni bir ucu ərəb çöllərində bərqərar olan, sosial şəbəkələrdə qiyməti ABŞ dolları ilə ölçülən maşınların aqibətinə Elton Məmmədov oğluna heç bir aidiyyatının olmaması ilə aydınlıq gətirmişdi. Nə deyirik, təki elə olsun. Amma, bir şeyi də unutmayaq ki, xalqın içində hamı məmur, və yaxud da məmur övladı deyil. Günlərlə 3-5 manat üçün gecəsini gündüzünə qatıb həyatını təhlükəyə atanlar daha çoxdu. Bir tikə çörəyi belə qazanırlar. Aynar Məmmədov kimilərin əldə etdiyi sərvətlər isə Azərbaycan xalqınındır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı