Sahib Əsədbəyli
Kəmaləddin Fəttah oğlu Heydərovu tanımayan insan çətin tapılar aramızda. Hələ Dövlət Gömrük Komitəsinə rəhbərlik etdiyi vaxtlardan mediada öz populyarlığı ilə seçilən Kəmaləddin müəllim sonradan yeni təsis olunan Fövqəladə Hallar Nazirliyində əsas söz sahibi oldu. Nə isə, cənab Heydərovun siyasi fəaliyyətinin xronoloji ardıcıllığını vermək niyyətim yoxdur bu yazıda...
Nazirlərin hər hansı idman federasiyasına rəhbərlik etməsi artıq adi hal alıb. Vergilər nazirinin üz ağardan güləş də daxil olmaqla 3 idman federasiyasına rəhbərlik etməsi müqabilində Heydərovun Boks və Taekvando federasiyalarında əsas söz sahibi olması heç də təəccüblü olmamalıdır. Hər iki federasiyanın xeyli sayda regional bölmələrə, texniki təchizata, yüksək maddi imkanlara malik olması və məqsədyönlü işin qarşılığında nəzərəçarpan uğurlar qazanması da məhz Kəmaləddin müəllimin sayəsindədir. Təbii ki, ölkənin əsas maqnatlarından sayılan şəxsin rəhbərlik etdiyi federasiyaların bu baxımdan problemi olması absurd olardı. Heydərovun bəndəniz də daxil olmaqla, çoxluğun rəyi etibarilə olduqca istedadlı iş adamı olmasını və öz fəaliyyətində daim humanizm prinsiplərini rəhbər tutmasını nəzərə alsaq, onun gəlirlərini hesablamaq düzgün olmazdı.
Taekvando Federasiyasına rəhbərlik etdiyi 10 ildən artıq müddət ərzində dördilliyin zirvə yarışlarında idmançılarımızın medal qazana bilməməsini istisna etsək, bu idman növünün Heydərovun qurduğu sxemlə getdikcə artan inkişaf mexanizmi cızdığını söyləmək olar. Son illər vətəni Şərqi Asiya sayılan taekvondo idman növündə xeyli nəzərəçarpan uğurlar qazanılıb. Niyaməddin Paşayev, İlkin Ağayev, Ramin Əzizov, Fəridə Əzizova və Radik İsayevin timsalında qazanılan Dünya və Avropa çempionatlarının mükafatlarına məhz Kəmaləddin Heydərovun fövqündə nail olunub. İdmançılara istər maddi, istərsə də psixoloji olaraq dəstək verməklə onların mənəvi atası sayılan Heydərovun daim tribunadan idman yarışlarını izlədiyinin şahidi oluruq. Bu da onun olduqca səmimi xarakterinin ehtivasıdır zənnimcə...
Kəmaləddin Heydərovun rəhbərlik etdiyi boks federasiyasının qazandığı nailiyyətlər isə göz qarşısındadır. Olimpiya oyunlarında daim mükafata layiq yerlər tutan rinq ustalarımız son üç ildə artıq planetin ən güclülərindən hesab olunur.

AİBA-nın İdarə Heyətində təmsil olunan ABF prezidentinin səyləri nəticəsində London Olimpiadasına lisenziya xarakterli Dünya Çempionatının ölkəmizdə keçirilməsi Azərbaycanda bu idman növünün inkişafında yeni mərhələ oldu. Dünyanın 170-dən çox ölkəsinin qatıldığı yarışda rinq ustalarımızın komanda hesabında yanız Ukrayna və Kubadan geri qalaraq üçüncü sırada qərarlaşması isə çempionata xüsusi rəng qatdı. London Olimpiadasında boksçularımızın dörd ildən bəri davam edən uğurlu çıxışı müqabilində Sidney yarışlarından başlanan medal seriyası yenidən davam etdi. Bakıda keçirilən dünya çempionatında müvafiq olaraq qızıl və gümüş medallar qazanan Məhəmmədrəsul Məcidov və Teymur Məmmədov hakimlərin qərəzli mövqeyi nəticəsində yarımfinalda italiyalı rəqiblərinə məğlub oldu. Bununla da daha yüksək əyyarlı medallara layiq olan hər iki idmançımız yalnız bürünclə kifayətləndi.
Keçən il Qazaxıstanda keçirilən boks üzrə dünya çempionatı isə Azərbaycan boksunun tarixinə qızıl hərflərlə yazıldı. Gənc Çələbiyevin ilk dəfə qatıldığı mötəbər turnirin qalibi adına yiyələnməsi, Məcidovun Bakıda qazandığı titulunu qoruması və Teymur Məmmədovun üçüncülüyü sayəsində boks yığmamız 150-dən artıq ölkə içərisində Qazaxıstan və Kubadan sonra üçüncü oldu.
Bütün bu uğurların banisi isə məhz Kəmaləddin Heydərovdur. Sıravi bir idman azarkeşi olaraq bütün bunları təqdirəlayiq hesab edir, cənab nazirə və onun rəhbərlik etdiyi federasiyalara bolluca uğurlar arzu edirəm. İnşallah, gələn olimpiya oyunlarında idmançılarımızdan qızıl medal tələb edirik. Artıq bunun üçün xeyli zəmin yaradılıb.