
“Viktor Yanukoviç Ukrayna xalqını qırğına verməklə böyük bir tarixi cinayətə imza atdı və böyük bir məsuliyyətin altına girdi”.
Bunu Modern.az saytına politoloq Qabil Hüseynli Ukraynadakı gərginliyi şərh edərkən deyib. Kortəbii surətdə dövlət binalarının tutulduğunu və dağıdıldığını qeyd edən siyasi ekspert bildirib ki, vəziyyət daha da gərginləşir. Onun fikrincə, Ukrayna kimi böyük bir sivilizasiyaya malik ölkədə ciddi vətəndaş qarşıdurması qaçılmazdır. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin və Ukrayna dövlət başçısı Viktor Yanukoviç proseslərin qarşısını ala bilməyəcək:
“Repressiyalarla, insanları həbs etməklə, vətəndaşlara qarşı atəş açmaqla onları bəlli bir nizam-intizama cəlb etmək mümkün deyil. Artıq bütün dünya Ukrayna xalqının müdafiəsi üçün ayağa qalxıb”.
Q. Hüseynli güc strukturlarını nəzərdə tutaraq vurğulayıb ki, cəmiyyətin digər hissələrində də inqilabiləşmə prosesləri gedəcək: “Ordu və digər güc strukturları qanlı qırğına cavab olaraq hakimiyyətə qarşı mövqeyini dəyişə bilər. Hadisələr çox mürəkkəb ssenari üzrə inkişaf etməkdədir”. Ekspert aksiyaların genişlənməsində təxribatçı qüvvələrin əlinin olduğunu da istisna etməyib. Onun fikrincə, təxribatçı qüvvələr Rusiyanın agentura şəbəkəsinin əməkdaşlarıdır: “Rusiyadan olan təxribatçılar əvvəldən hərəkatın sıralarında yer alıblar. Moskvada hazırlanan planların icrasını həyata keçirən Yanukoviçdir. Rusiya və Yanukoviç sayəsində ölkə vətəndaş müharibəsinə sürüklənir”
Qeyd edək ki, ötən gün Ukraynada etirazçılarla hökumət qüvvələri arasında baş verən toqquşmalarda ölənlərin sayının 27-yə çatdığı bildirilir.
Aqşin Kərimov