
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan fevralın 19-dakı çıxışında ənənəvi siyasi ritorikası ilə müxalifət partiyalarını ittiham edib. Onun çıxışının maraqlı tərəfi isə odur ki, bu dəfə Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyasının (MHP) sərt şəkildə tənqid edilərkən Azərbaycanın da adı hallanıb. Ərdoğan əsasən CHP-ni nəzərdə tutaraq iddia edib ki, sözügedən partiya Azərbaycan üzərindən apardığı kirli oyunların hesabını verməlidir. Digər tərəfdən, CHP-nin nurçu camaatla əlaqələrinin olduğu haqda da mətbuat səhifələrində yazılar dərc olunub. Görəsən, tanınmış din adamı Fəthulla Gülənlə sözü çəp gələn baş nazir də CHP-nin Azərbaycandakı nurçu camaatla bağlı münasibətlərinimi nəzərdə tutub?
Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Modern.az saytına Ərdoğanın açıqlamasını şərh edib. Onun sözlərinə görə, AKP rəhbərinin harada həqiqi, harada yalan danışması bəlli deyil: “CHP-nin Azərbaycan üzərində hər hansı kirli oyun apara biləcəyinə inanmıram. Onun Azərbaycana hansı təsiri var? Dövlət deyil, iqtidar deyil və Azərbaycanla hər hansı bir alqı-satqısı yoxdur. CHP Atatürkün partiyası kimi Azərbaycana çox böyük hörmət qoyur. Ərdoğan Azərbaycanı sevəndirsə və CHP-dən Azərbaycan üçün haqq-hesab tələb edirsə, onda gərək hər şeyi açıq danışaydı”.
Politoloq onu da bildirib ki, Ərdoğanın fikirləri siyasi rəqibləri ilə mübarizəsinin yeni taktikasıdır: “Hesab edirəm ki, burda həqiqət payı ya yoxdur, ya da çox azdır. Türkiyədəki partiyalararası daxili çəkişmələrə Azərbaycanı qatmaq düzgün deyil. Ərdoğan bu vaxta qədər CHP-ni oyundan çıxarmaq üçün başqa-başqa variantlardan istifadə edib. Azərbaycanın isə adının hallanması siyasi etikadan kənar bir addımdır”.
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Türkiyənin baş nazirinin çıxışının həqiqəti əks etdirmədiyi qənaətindədir. Ekspert Modern.az saytına açıqlamasında deyib: “Türkiyədə vəziyyət elə qarışıqdır ki, kimin hansı məzhəbə qulluq etdiyi bilinmir. Nəzərə almaq lazımdır ki, AKP hakimiyyəti olduqca çətin durumdadır. Ərdoğan hakimiyyəti çalışır ki, rüşvət və korrupsiya əməliyyatlarının nəticələrini aradan qaldırmaq üçün müxtəlif vasitələrdən istifadə etsin. Vəziyyətdən çıxışın ən yaxşı yolunu isə ana müxalifət partiyalarını ittiham etməkdə görürlər. CHP-nin Azərbaycan üzərindən çirkli oyunlar aparması fikri çox da ciddi görünmür. Azərbaycan və onun rəsmiləri ilə Ərdoğan hakimiyyəti daha çox əlaqədədir. CHP-nin isə bu imkanlarının olması məndə xeyli şübhələr doğurur”.
Aqşin Kərimov