Modern.az

Futurefobiya qoxusu gələn cəmiyyət

Futurefobiya qoxusu gələn cəmiyyət

Aktual

21 Fevral 2014, 22:25

Sahib Əsədbəyli

Beynəlxalq terminlər lüğətində belə bir söz var: Futurefobiya. Bəli, Azərbaycan vətəndaşı, ələxsus, gənclik gələcəkdən qorxma xəstəliyinə yoluxub. Xüsusən də ali təhsilli fəhlə həmkarlarını görüb, özünün yiyələnəcəyi ixtisasdan başqa harda desən çalışmağı proqnoz edənlər. Həqiqətən, pessimist əhval-ruhiyyə hökm sürür, Azərbaycan gəncliyində. Belə bir əhval ruhiyyəyə köklənən gənclik isə mütləq şəkildə futurefobiyaya məhkumdur...

Manısların ali silk sayıldığı, olimpiya çempionunun hörmətinin cəmiyyətin düşünən beyinlərindən qat-qat çox olduğu bir ölkə üçün bu sosial şərait məntiqəuyğundur. İkincilərə göstərilən qayğıya ödənilən katostrafik məbləği nəzərə almasaq, illərlə çəkilən zəhmət və yarışların əhatə dairəsinin geniş olmasından dolayı müəyyən qədər haqq qazandırmaq olar. İdmançıların uğuruna öz uğuru kimi sevinən, illərin idman azarkeşi olaraq idmanın  ölkənin beynəlxalq arenada tanınmasında böyük əhəmiyyətə malik olmasını vurğulamamaq tərəfimdən ədalətsizlik olardı. Bəs, qul bazarında canlı işçi qüvvəsinə çevriləcəyini düşünərək dörd ili şirin yuxu hesab edən tələbələr neyləsin...
Hansı ki, alacaqları günü həsrətlə gözlədikləri diplomu bir neçə il sonra evdə (o da olsa) üstü toz basmış halda təsəvvür edirlər. Hər il dövlət universitetləri müxtəlif ixtisaslarda yüz minədək kadr hazırlayır. Onlarınsa cəmi beş-on faizi ixtisası üzrə işlə təmin olunur ki, yerdə qalanlar ya nəsil-nəcabətdə "day-day" axtarışına çıxır, ya da birtəhər dilənib-dolanıb o xoşbəxt günü gözləmək məcburiyyətində qalırlar.

Bu yaxınlarda müğənni Rəqsanənin özündən də məşhur olan qızının saytların birinə verdiyi silsilə açıqlamalardan birini oxudum. Deyir, polis saxlayanda anamın adını verirəm. Qızının cəsarətli və bir qədər fəxarətli açıqlaması Rəqsanə fenomeninin bu ölkədə toxunulmaz olması anlamına gəlir. Bəli, RƏQSANƏ FENOMENİ ! On altı yaşlı qızın avtomobilin sükanı arxasına keçməsinə göz yumduran Rəqsanə fenomeni...


Bu qədərmi korlanıb cəmiyyət quruluşu... İntellekt və istedaddan başqa hər hansı məfhum desən aşkarlanması mümkün olan toy müğənniləri söz sahibinə çevrilib bu ölkədə... Bu ölkədə içindən qovrulan gənclərin sayı iki, üç yox, deyərdim, dörd, beş, hətta daha artıq sıfırla ifadə olunur.

Keçən ay ərzində iki Qarabağ qazisi intihara cəhd etdi. Biri dünyasını dəyişdi, digərinin isə vəziyyəti ağırdır. Səbəb isə övladlarının yarıac-yarıtox yaşamasına dözə bilməməsidir. O zəif insandır deyə,  bəzi idealistlər düşünəcək, indi. Ancaq anlamaq lazımdır ki, bu cəmiyyətin bir parçası olmaq idealist təfəkkür üçün heç də münasib deyil.

Orta təbəqənin hələ də formalaşmadığı Azərbaycanda sosial vəziyyəti ağırlaşdıran daha bir cəhət var ki , bu da "yumurta qiymətinə" kredit verən, oliqarxların pullarının dövretmə vasitəsi olan banklardır. Müştəriləri ilk baxışdan sərfəli görünən kredit şərtləri ilə özünə cəlb edən banklar, sonradan vətəndaşların əməlli-başlı kabusuna çevrilmiş olurlar. Borclanan tərəfin aylıq əməkhaqqını maksimum 400-500 manatdan hesablasaq, minimum bir il ərzində bu məbləğin tam yarısından məhrum olması onun bu müddəti heç də öz büdcəsi hesabına yola vermədiyini nəzəri cəhətdən isbat edir. Bu da Əlinin papağını Vəlinin, Vəlininkini Əlinin başına qoyan şəxsin siqaret və neftin qiymətinin artırılmasıyla bəşərinə "sağlam həyat tərzi" aşılayan respublikada səfil vəziyyətinə düçar olmasını qaçılmaz edir.

Nə isə, Allah köməyimiz olsun !

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı