Modern.az

“MDB-də münaqişələrə yanaşma tərzi siyasi mədəniyyətin aşağı olmasından xəbər verir” - ŞƏRH

 “MDB-də münaqişələrə yanaşma tərzi siyasi mədəniyyətin aşağı olmasından xəbər verir” - ŞƏRH

Aktual

25 Fevral 2014, 12:31

Dünyada gedən siyasi prosesləri daimi qarşıdurmalar, konfliktlərsiz təsəvvür etməmək olmur. Tarixin indiki dünya siyasətinə miras buraxdığı münaqişələrin miqyası isə dəhşətlidir. Bir yanda SSRİ-nin postsovet ölkələrinə əmanət qoyduğu “müharibə ocaqları”, bir tərəfdə Orta Şərqdəki siyasi çalxalanmalar, Uzaq Şərqdəki problemlər,  siyahıya yeni rəng verən Ukraynadakı  gərginlik və minlərlə irili-xırdalı münaqişələr bəşəriyyətin gələcəyi haqqında neqativ fikirlərə gətirib çıxarır. Bəs qaynar bölgələr üçüncü dünya müharibəsinə rəvac verə bilərmi?

“Münaqişələr siyasi situasiyalarda “müsbət hal” sayılır”

Konfliktoloq Arif Yunus Modern.az saytına deyib ki, bəşəriyyət elə münaqişələr tarixindən ibarətdir. Ekspert hesab edir ki, həmişə baş verən siyasi qarşıdurmalar bundan sonra da davam edəcək. Onun sözlərinə görə münaqişələr siyasi situasiyalarda “müsbət hal” sayılır.
“Münaqişə sözünün mənası problem yaranması anlamını ifadə edir. Bu problemlər ya dinc yolla, ya da zor üsulları ilə həll olunur. Üçüncü bir variant yoxdur. Biz bu münaqişələri qəbul etməliyik və başa düşməliyik. Bütün bunlar normal hesab olunur”-deyə A. Yunus bildirib.

“Avropada konfliktlərlə bağlı fərqli yanaşma var”

Münaqişələr üzrə ekspertin fikrincə, əsas prioritetlərdən biri də problemlərin həlli yollarını aramaqdır. Avropada da xeyli sayda münaqişələrin olduğunu bildirən A. Yunus düşünür ki, sözügedən region xalqları konfliktlərlə bağlı fərqli yanaşma ortaya qoyur.
“Onlar bunu başa düşür və normal dəyərləndirirlər. Ancaq Afrika, Asiyada, keçmiş SSRİ məkanında və digər başqa bölgələrdə isə münaqişələrə yanaşma tərzi onların siyasi mədəniyyətinin aşağı olmasından xəbər verir. Keçmişdə daha çox müharibə və münaqişələr olub, nəinki indi”.

“Genişmiqyaslı müharibələr onları yaradanlara qarşı da yönələ bilər”

Konfliktoloq münaqişələrin arealının genişlənməsinin yeni dünya müharibəsi yarada biləcəyi ehtimalından ehtiyatla danışıb. A. Yunus proqnoz edir ki, nüvə silahlarının yaratdığı siyasi xoflar üçüncü dünya savaşının başlayacağı ehtimalını azaldır.
“Münaqişələr olub və yenə olacaq. Amma üçüncü dünya müharibəsindən danışmaq olmaz. Sadəcə olaraq, məsələn, Suriya belə getsə ikinci uzunmüddətli qaynar nöqtə kimi ikinci  Əfqanıstan ola bilər.  İstəməzdik ki, Qarabağ problemi uzun ömürlü qaynar nöqtə olsun. İranla bağlı müharibə proqnozları verilirdi. Ancaq deyilənlər reallaşmadı. Ölkələr İranla bağlı problemlərin  qaynar xətt müstəvisinə çatmasının digər xalqlara da sıçrayacağını düşünür. Genişmiqyaslı müharibələr onları yaradanlara qarşı da yönələ bilər. Ona görə də hesab edirəm ki, münaqişələrin nəticəsində üçüncü dünya müharibəsi baş tutmayacaq”.

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı