
Modern.az saytı Azərbaycandakı xarici tələbələrlə müsahibələrin təqdimatına davam edir. Növbəti müsahibimiz Türkiyənin Antalya şəhərindən ölkəmizə oxumağa gəlmiş Azərbaycan Dillər Universitetinin (ADU) beynəlxalq münasibətlər fakültəsinin 4-cü kurs tələbəsi Efkan Savrandır.
- Qəbul imtahanı verərkən Azərbaycanda oxumaq planınız var idi?
- İmtahan verdiyim qrupla Türkiyədə Beynəlxalq münasibətlər fakültəsinə qəbul ola bilmirdim. Çünki seçdiyim qrup sosial sahəli idi. Orada da beynəlxalq münasibətlər fakültəsi yox idi. Mən də niyyətimi reallaşdırmaq üçün Azərbaycanı seçdim.
- Azərbaycana gəlməmişdən əvvəl bu ölkə haqqında təsəvvürünüz necə idi?
- Azərbaycan bizə ən yaxın dövlət, qardaş ölkə olduğuna görə təbii ki, məlumatım var idi. Üstəlik, bura gəlməzdən əvvəl Türkiyədə Türk Dayanışma Ortak birliyində işləmişdim. Ailəmin də bir o qədər məlumatlı olması buranı seçməyimizin ən böyük səbəblərindən biri oldu.
- Burada ilk dönəmlər hansı çətinliklərlə qarşılaşdınız?
- Çətinliklər olduğunu deyə bilərəm. Nə qədər eyni millət, qonşu dövlətlər desək də, sistemlərin fərqli olduğunu görməkdəyik. Bu sistem fərqləri təbii ki, bizdə də müəyyən dərəcədə çətinliklərə səbəb oldu. Ondan başqa, ən böyük çətinliklərimizdən biri manatla türk lirəsi arasındakı dəyər fərqləridir. İnsanlara gəldikdə, bir şey deyə bilməyəcəm. Bura mənim üçün Türkiyə kimidir. Hər hansı fərq yoxdur. Əlbəttə, yaşayış standartlarında istər-istəməz fərqlər olacaq. Amma o qədər də böyük fərqlilikdən danışa bilməyəcəm.
- Oxuduğunuz müddətdə türkiyəli gənclərlə azərbaycanlı gənclər arasında hansı fərqləri hiss elədiniz?
- Əslində hiss etdiyimiz ən böyük fərqlərdən biri, məncə, bu ola bilər: Çünki belə bir söz var: Azərbaycan mentaliteti, Azərbaycan adətləri. Bu mentalitet, adətlər Türkiyə ilə müqayisədə fərqlidir. Əslində bunlar Türkiyədə də yaşadığınız əraziyə görə dəyişir. Azərbaycanda geniş yayılan bir çox adət Türkiyədə də görünməkdədir. Sadəcə olaraq mənim doğulduğum, yaşadığım region fərqləndiyindən, təbii ki, çətinliklərdən söhbət gedə bilər. Azərbaycan bəzi məsələlərə görə Türkiyədən geridədir, bəzi məsələlərdə isə irəli gedib.
Məsələn, qarşı cinslə olan münasibətdə insanların baxışı fərqlidir. 21-ci əsrdə yaşayırıq. Hər bir insanın sevgilisi ola bilər. Lakin yanımızdakı xanım dostumuzu fərqli qarşılamaq kimi problemlər olur.
- Tələbəlik dönəmində sosial həyatınız necə olub?
- İlk gəldiyimiz illərdə tarixi yerləri görmək, səhərdən axşama qədər gəzməklə günlərimizi keçirirdik. Yavaş-yavaş yerə alışdıqca, istər-istəməz insan əvvəlki kimi gəzməməyə başlayır. Bundan sonra fəaliyyətlərə, sosial həyata başlayırsan. Mən də teatr işiylə məşğul oldum. Universitetimizin teatr klublarında oyunlar həyata keçirdik. Ondan başqa Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının konfranslarında olduq. Məsələn, 20 yanvar, 31 mart, Xocalı hadisələri kimi önəmli gün və tədbirlərimizdə fəal iştirak etdik. Əlimizdən gəldiyi qədər biz də sosial sahədə bir şeylər etməyə çalışdıq.
- Tələbələr gənclərin seçilən qrupudur. Türkiyəli tələbə ilə azərbaycanlı tələbəni göz önünə gətirəndə onların arasında hansı fərqləri görürsünüz?
- Türkiyədə universitetdə oxuyan tələbələr hər zaman oxuyanda universitetin əsl sahibinin özləri olduğunu düşünürlər. Orada həmişə deyirlər ki, universiteti idarə edənlər prorektorlar, dekanlar deyillər. Azərbaycanlı tələbələrlə aramızda yaş fərqi də var. Mən burda universitetə başlayanda yaşım 20-dən çox idi, amma burdakı azərbaycanlı dostlarımızın 17-18 yaşları var idi. O yaşlardakı bir insanın fikir formalaşması gəlib çatdığında artıq universiteti bitirmiş olur. O da universitetə faydalı bir gənc ola bilmir. Azərbaycanlı tələbələr oxuyurlar. Lakin əzbərçilik çox görünür. Sözün düzü, burdakı türkiyəli tələbələr o qədər də oxuyan deyillər. Lakin qarşı-qarşıya gəlib danışanda ən azı məntiqli bir cavab verə bilmək, öz fikrini çatdıra bilmək qabiliyyəti var. Bir gənc, ali məktəb tələbəsi üçün məncə, ən önəmli olan da odur. Əgər düzgün təhsil, tədris mühiti olarsa Azərbaycan tələbələr riyaziyyat və kimya kimi elmləri üzrə çox irəli gedə bilərlər.
- 5 illik tələbəlik həyatından nə qazanmısınız?
- Türkiyədə oxuyan dostlarımızın, ya tanışlarımızın keçdiyi dərslərlə bizim burada keçdiyimiz dərsləri müqayisə edəndə görürəm ki, həqiqətən çox gözəl biliklər öyrənmişik. Yəni, 5 ilimi boş yerə sərf etməmişəm. Mənəvi tərəfinə gəldikdə, çox yaxşı müəllimlər, çox yaxşı dostlar qazandıq. Fərqliliklər içində oxumaq təbii ki, çox böyük üstünlükdür.
- Təhsilinizi tamamladıqdan sonra Türkiyəyə qayıdaqsız, yoxsa Azərbaycanda yaşamaq fikriniz var?
- Söhbət, sadəcə Azərbaycandan getmir. İnsanın fərqli bir yerdə yaşaması üçün iş, həyat yoldaşı lazımdır. Mənim bəzi dostlarımdan fərqli olaraq burada ya həyat yoldaşım, ya da daimi bir işim yoxdur. Dövlət işində işləməyi seçdiyimə görə diplomu alan kimi yaxın bir zamanda Türkiyəyə qayıtmağı fikirləşirəm.




Misranə Həsənzadə