Modern.az

Şahbaz Xuduoğlunun "Qanun"u...

Şahbaz Xuduoğlunun "Qanun"u...

Aktual

5 Mart 2014, 00:45

Bir neçə il öncə, hələ məktəbli olarkən özəl kanalların birində yayımlanan "El içində" verilişində mütaliə problemləri mövzusuna toxunulmuşdu. Verilişə dəvət olunan şəxslər arasında "Qanun" nəşriyyatının direktoru, Şahbaz Xuduoğlu da vardı. Düzü, opponentləri ilə müqayisədə kitaba yaxın olan insan, tək özü idi. Maqazin proqramlarının televiziya reytinlərinin ilk pilləsini ələ keçirdiyi bir dönəmdə mütaliə ilə bağlı aparılan diskussiya elə, belə də olmalı idi. Müğənni Elza Seyidcahanın özünə qarşı həqarətli çıxışı ilə üzləşən Şahbaz bəy, bütün bunlara özünəməxsus tərzdə, özündə ironiya daşıyan xəfif təbəssümü ilə cavab verirdi. Xüsusən, səbəbsiz yerə söylənən "Hüseyn Cavidi, Cəfər Cabbarlını, Mikayıl Müşfiqi yıxdınız, amma Elzanı yıxa bilməyəcəksiniz" kimi ilk baxışdan belə? sarkazm təəssüratı oyadan təşbehə münasibətdəki gülüşü yadımdan çıxmaz ...

Xatirinizdədirsə, XXI əsrin gəlişi ilə, 90-cı illərin sonlarından başlanan mütaliə tənəzzülü şou layihələrinin reytinqində daha da çılpaqlaşmışdı. Əsrimizin ilk on ili şou adamlarının ucuz qalmaqalları ilə öz damğasını vurdu, Azərbaycan bəşərinin təfəkkürünə. Məhz 3-4 il öncə mütaliədə nəzərəçarpacaq intibah hiss olunmağa başladı ki, bunda ən çox payı olan şəxslərdən biri, bəlkə də birincisi, məhz, Elza xanımın "Xudusan yoxsa Şahbazsan, bilmirəm..." dediyi Şahbaz Xuduoğlu idi. Onun rəhbərlik etdiyi nəşriyyatın silsilə nəşrləri, oxucularla qurulan düzgün iş strategiyası sayəsində tarixin burulğanından yenicə yaxa qurtarmış gənclərin kitaba marağı xeyli artmış oldu. Ən əsası, gənclik kitaba inandı.

Hazırda aktual olan və geniş fikir mübadiləsi üçün ən uğurlu variant hesab olunan sosial şəbəkələrdə aparılan kütləvi təbliğat öz bəhrəsini verdi. Oxucularla yaradılan virtual ünsiyyət, nəşrlərin bütün təfərrüatınadək təqdimatı, bunun nəticəsində oxucuda kitaba qarşı yaradılan inam cəmiyyətin bir hissəsinin maraq dairəsinin açıq bucaq altında çevrilməsində əhəmiyyətli rol oynadı. Renessans dövrü ədəbiyyatından tutmuş, müasir dünya ədəbiyyatınadək bəşər təfəkkürünün inkişafında xidmətləri olan əsərlərin Azərbaycan dilinə tərcümə etdirməklə yanaşı, gənc yazarlarımızın ədəbi nümunələrini əksər hallarda təmənnasız nəşr etdirib, onlara dəstək olan Şahbaz bəyi əsrimizin əsas maarifçilərindən biri adlandırmaq heç də mübaliğəli səslənməz...

Öz sadəliyi oxuculara qarşı daim diqqətli mövqeyi ilə seçilən Şahbaz bəyi, dəfələrlə nəşriyyatın təşkil etdiyi həftəsonu yarmarkalarında görmüşük. Şəxsən, özümün axtarışlarıma uyğun kitab seçməyində dəfələrlə yardımçı olan Şahbaz bəy, xatirimdə cəmiyyətimizin düşüncəsinə elm çırağı tutan işıqlı ziyalı obrazı kimi canlanır və canlanacaq...


Noyabr ayından başlayan vergi yoxlamaları adlı basqı nəşriyyatın işini axsatmadı. Əksinə, daha sıx iş qrafiki ilə çalışan "Qanun" nəşriyyatı həftədə az qala günlərin sayı qədər kitab nəşr edirdi. Xüsusən, Azərbaycan oxucusu üçün yad sayılan "Ən yeni ədəbiyyat" seriyasından olan əsərlərin doğma dilimizə tərcümə edilməsi, məhz təzyiq altında keçən aylara təsadüf etdi. Bütün bu  nəşrlərin sayəsində, getdikсə artmağa başlayan Azərbaycan oxucusu birtərəfli mütaliə çərçivəsindən çıxmağa başladı.

Bir neçə gün öncə, nəşriyyatın illik gəlirindən belə, yüksək olan bir məbləğlə cərimələnməsi xəbəri isə bütün mütaliə əhlini sarsıtdı. Ucuz şou adamlarının dəbdən, daha doğrusu gözdən düşməyə başladığı bir dövrdə qəbul edilən bu qərar birmənalı olaraq etirazlara səbəb olmaqdadır. Kitaba qarşı buxov effekti yaradan ƏDV donu geyindirilmiş bu davanın mahiyyəti, hələ də məchul cavabını gözləyir.

Bir məfhum ki, cəmiyyətin inkişafında müstəsna rola malik ola, ona qarşı bu cür davranmaq hansı məntiqə sığar, axı... Dahi rus yazıçısı Maksim Qorkinin təbirincə desək, "Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq". Belə sərt yanaşma ilə bəşəriyyət üçün aktual olan, artıq bəşəri "Qırmızı kitaba" ehtiyac duyan insanlıq sevgisini məhv etdiyinin fərqində deyilmi, görəsən kitabı bağlayanlar...

İngilis filosofu Frensis Bekon demişkən "Kitab zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü ehtiyatla nəsillərdən- nəsillərə yetirən fikir gəmisidir". Kitaba qarşı bu mövqeylə əsrlərin əmanətini gələcək nəsillərin əlindən aldığınızın fərqində deyilsinizsə, bilin ki, zaman da öz sərt üzünü sizə göstərəcək. O zaman ki, özündən qanun çıxaran məmurları ilə deyil, maarifçiləri ilə yola çıxar...

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı