8 mart bayramına az qalıb. Modern.az müxtəlif sahələr üzrə tanınmış, uğur qazanmış xanımlar arasında sorğu keçirib. Onlar ən yaddaqalan 8 Martları və hədiyyələri haqqında danışır.
Jurnalist Aytən Səfərova: “Mənim üçün 8 mart hər il yadda qalan olur. Çünki atamın ad günüdür. Ən yadda qalan ilk 8 martda ilk hədiyyəm idi. Rusiyada məktəbdə oxuyurdum, Saşa adlı oğlan mənə sırğa vermişdi. Yaddaqalan deyəndə ki, bir dəfə də metroyla gəlirdim, yadımdadır, efirə təzə çıxdığım vaxtlarıydı. Bir də gördüm, bir oğlan “Elmlər Akademiyası” metrosu tərəfdən qaça-qaça dalımca gəlir. Çevrildim, “mübarəkdi” dedi, gül verdi, çıxdı getdi. Vəssəlam. O oğlan kimiydi, nəydi, nəçiydi, başa düşmədim, amma mənə gül buketi verdi, çıxdı getdi. Belə, o qədər də yaddaqalan xatirəm yoxdu. Ümumiyyətlə, mən bəzən gözlədiyimdən məyus olduğuma görə bu bayramı çox da sevmirəm. Çünki neçə dəfə istədiyim bir insandan, sevdiyim bir şəxsdənmi, nəsəmi gözləmişəm, məyus olmuşam. Ona görə mən bu bayramı o qədər də sevmirəm. Həm də bu 8 mart hər bir qadının bayramı deyil. 8 martda qadınlar bir-birinin əlinə baxır, kimsə güllərlə gedir, kimsə boynunu büküb harasa gedir. Qeyri-bərabərlik bayramıdır, mən bunu sevmirəm”.
Müğənni Brilliant Dadaşova düşünür ki, əsas olan diqqətdir: “8 mart günü bir neçə il ard-arda Heydər Əliyev Sarayında tamaşaçılarla konsertdə görüşdüm. Ən yadda qalan o olub. Hədiyyələrin isə hamısı gözəldir. Atalar məsəli var, “Məni bir qozla da xatırla, eybi yox, çürük çıxsın!” Önəmli olan diqqətdir. Mənə fərqi olmayıb, böyük hədiyyə, kiçik hədiyyə, hamısı xoş olub. Heç birini unutmamışam”.
Yazıçı Afaq Məsud: “8 mаrt mənim üçün çoxlu gül, təbriklər və hədiyyələr günüdür. Amma elə günlər və məqamlar olur ki, bütün bayramlardan, güllərdən və təbriklərdən daha çox yadda qalır. Və ümumiyyətlə, hər biri ayrı-ayrılıqda fərqli və fərdi dünyalar olan, sevinc və bayram əhvalları, az qala, havanın temperaturundan, günəşin vəziyyətindən asılı olan qadınları, ümumiləşdirilmiş bir bayram çərçivəsinə salmaq, düzü, mənə bir qədər qəribə gəlir”.
Aktrisa Mehriban Xanlarova üçün məktəb illərinin 8 martının yeri başqadır: “Mənim ən yaxşı yadımda qalan məktəb illərinin 8 martıdır. O 8 martın əvəzini heç nə verə bilməz. O vaxt biz uşaq idik, oğlanların yığışıb bizi təbrik eləmələri maraqlı idi. Onda aldığım hədiyyələrdən də ətir yadımda qalıb. Bundan sonra nə 8 mart təbriki olacaq, mənim üçün maraqlı bir şey yoxdur”.
Müğənni Gülyaz Məmmədovanın unudulmaz hədiyyəsini oğlu bağışlayıb: “3-4 il bundan qabaq səhər durdum getdim özüm-özümə çoxlu hədiyyə aldım. Heç yadımdan çıxmaz. Paltar, ayaqqabı, çəkmə alıb, özüm özümü bəzədim. Heç kimdən də hədiyyə gözləmədim. İnsanda bəzən ruh düşkünlüyü olur, məndə də belə vəziyyət idi. Həmişə tələbələrim, dostlar, qohumlar təbrik eləyər. Amma nə gününə düşmüşdüsə, maraqlı şey gördüm yoxdu, getdim özüm-özümə hədiyyə aldım. Ən yaddaqalan 8 martım o olub. Ən yaddaqalan hədiyyəni də oğlum verib. İkinci sinifdə oxuyurdu. Şəklimi çəkdi, başına 8 Mart, altına da “mama, səni təbrik edirəm” yazdı. O qədər gülmüşdüm ki, baxıb dedim, bu mənəm, dedi, hə sənsən (gülür). Mənə ondan əziz şey yoxdur. Hələ də o şəkli saxlayıram.
Aktrisa Dilarə Əliyeva: “Mən xarakter etibarı ilə elə bir insanam ki, belə özəl günləri xatirəmdə saxlamıram. Ona görə də elə günlər üçün xüsusi hadisələrim, hekayətlərim olmur. Çünki mənə əhəmiyyətsiz gəlir: 14 fevral, ya 30 iyun sevgililər günü, ya 8 Mart olsun, və yaxud da ad günüm olsun. Mən bu özəl günləri önəmsəmədiyimdən heç vaxt da qeyd eləmirəm. Belə günlər üçün mənim hekayətim də bundan ibarətdir. Əslində heç kimdən heç vaxt heç nə də gözləmirəm. Amma təbii ki, təbriklərin sayı-hesabı olmur. Hədiyyələri kateqoriyalara bölə bilmirəm. Kimsə təbrikini sözlə çatdırıb. Bu da mənim üçün hədiyyədir. Əsas olan səmimi olmasıdır”.
Telejurnalist Elnarə Təhməzova: Mən tez-tez hədiyyə alıram deyə özəl günlər olduğunu unuduram. Bütün bayramlarım maraqlı keçir. İndiyə qədər aldığım hədiyyələrin içərisində elə ən maraqlısı o idi: Orta məktəbdə oxuyanda hiss edirdik ki, oğlanlar gizli-gizli hazırlaşırdılar ki, pul yığıb qızlara hədiyyə alsınlar. İndi daha dəyərli hədiyyələr ala bilərəm. Amma o xatirələrin öz yeri var, onda səmimiyyət var idi. İndi də bizim departamentdə oğlanlar bizə nə isə bir sürpriz hazırlayıblar, görək də. Mənim də efir günümə düşür. Efirdən sonra yəqin ki, nə sürpriz olduğunu biləcəyik. Belə şeylər maraqlıdır. Adətən, gül, parfüm kimi hədiyyələr verirlər. Bir dəfə Planşetlər təzə çıxanda güllə birlikdə 8 Martda həm planşet, həm “İphone” telefon hədiyyə almışdım. Yəni, bu parfüm deyildi. Onda bir az mənim üçün maraqlı olmuşdu ki, lazım olan bir şeydir. Düşünürəm ki, bəylərimiz gül, ətir yerinə misalçün telefon və yaxud da planşet, yaxud da başqa bir şey alsınlar. Yəni, parfümü başqa bir şeylə əvəz eləsələr, daha yaxşı olar. Texniki şeylərə maşın da aiddir. Maşın da hədiyyə eləsinlər. Mənim maşınım var, bunu ismarıc kimi qəbul eləməsinlər. Heç kimdən maşın istəmirəm. Yoldaşlarına, istədikləri xanıma məncə, bir maşın hədiyyə eləsələr olar. Çünki indi maşın almaq su kimi asandır. Bir maşına bant bağlayıb hədiyyə versələr, çox maraqlı olar”.
Misranə Həsənzadə