Sahibə xanımla müsahibə hazırlamaq istəyəndə millət vəkili xidməti ezamiyyətə hazırlaşırdı. Vaxtın məhdud olmasına baxmayaraq, 8 mart Beynəlxalq Qadınlar bayramı ərəfəsində söhbətimiz alındı. Beləliklə, Modern.az-ın müsahibi millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, Bakı Slavyan Universitetinin prorektoru Sahibə Qafarovadır.
- Sahibə xanım, ilk növbədə Sizi Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edir, elmi yaradıcılığınızda, siyasi fəaliyyətinizdə və şəxsi həyatınızda uğurlar və xoş günlər arzulayıram.
- Təşəkkür edirəm və fürsətdən istifadə edib mən də Azərbaycan qadınlarına, dünyada yaşayan bütün azərbaycanlı xanımlara bu gözəl bayram münasibətilə ən xoş arzularımı çatdırıram. Dünyada yaxşı nə varsa Azərbaycan xanımları məhz o yaxşılara layiqdir.
- Azərbaycan qadınlarının cəmiyyətə rolunu, ictimai həyatda fəallığını nücə qiymətləndirirsiniz? Xanımlarımız cəmiyyətdə özlərini təsdiq edə biliblərmi?
- Hal-hazırda qadımlarımızın Azərbaycanın ictimai-siyasi həyatındakı rolu və fəallığı göz qabağındadır. Cəmiyyətin elə bir sahəsi yoxdur ki, orda qadınların izi, sözü, fəallığı olmasın. İstər elm və təhsil, istər səhiyyə, mədəniyyət, idman sahələrində Azərbaycan qadınının əməyi danılmaz faktdır və bu da həmişə həm dövlət, həm də ictimaiyyət tərəfindən dəyərincə qiymətləndirilir. Ölkəmizdə qadınlara göstərilən yüksək münasibət Azərbaycanda normal vətəndaş cəmiyyətinin, demokratik mühitin göstəricisidir. Digər tərəfdən isə xanımlarımızın fəallığı onu sübut edir ki, Azərbaycan qadını kifayət qədər biliyə, bacarığa, səmərəli iş qabiliyyətinə malikdir və onlar zaman-zaman özlərini cəmiyyətdə təsdiq edirlər. Xüsusilə vurğulamaq istəyirəm ki, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə ikinci dəfə qayıdışından sonra qadınlarımızın ölkənin ictimai-siyasi həyatındakı fəallığı daha da artdı və həmin dövrdən başlayaraq xalqına, dövlətinə sədaqətlə xidmət edəcək amalında olan qadınlarımız rəhbər vəzifələrə təyinatlar aldılar. Qürur hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycan qadınları dövlətimizin onlara göstərdikləri etimadı layiqincə doğruldurlar.
- Bu gün dünyanın bir çox ölkələrində qadın və kişi bərabərliyinin təmin olunması aktual problemlərdən biridir. Bəs Azərbaycanda necə, gendər bərabərliyi ilə bağlı problem varmı?
- Dövlətimiz gender siyasətini uğurla həyata keçirir. Azərbaycanın 1995-ci ildə “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyaya qoşulması, həmin ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında kişi və qadınlara bərabər hüquq və imkanların təmin edilməsi, 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” Qanunun imzalanması, 2007-ci ildə Nazirlər Kabinetinin qərarı ilə qəbul edilmiş “Demokratik cəmiyyətdə gündəlik zorakılıqla mübarizə üzrə Respublika Kompleks Proqramı”, 2010-cu ildə Milli Məclisdə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun qəbul edilməsi və Azərbaycanın bu sahədə digər beynəlxalq təşkilat və qurumlarla əməkdaşlığı ölkəmizdə gender siyasətinin uğula həyata keçirilməsində əsas istiqamətlərdir. Bir məsələni qeyd etmək yerinə düşər ki, beynəlxalq hüquqda qadınlar xüsusi subyekt kimi dəyərləndirilir və onlara hüquqlarının həyata keçirilməsi üçün geniş təminatlar müəyyən olunur. Milli dövlətlər isə bu təminatların reallaşdırılması, nəzəri cəhətdən mövcud olan yüksək dəyələrin praktikada tətbiq olunması üçün səylərini ildən ilə daha da gücləndirirlər. Belə hesab edirəm ki, Azərbaycan bu sahədə öndə gedən ölkələrdən biridir və bizdə günder bərabərliyi ilə bağlı hər hansı bir problemdən söhbət gedə bilməz. Azərbaycanda həyata keçirilən gender siyasətinin uğurlu nəticəsidir ki, ölkəmizdə qadınlara öz istedad və bacarıqlarını nümayiş etdirmək, idarəçilikdə və ictimai həyatada fəal iştirak etmək üçün hər cür şərait yaradılıb.
- Sahibə xanım Avropadan Azərbaycan necə görünür? Avropa Şurasının Azərbaycana münasibətini nəzərdə tuturam?
- Avropa Şurası Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsini mütəmadi olaraq gündəmdə saxlayır. Azərbaycan bu quruma üzv olan digər ölkələrlə də əməkdaşlığın genişlənməsi üçün əməli addımlar atır. Eyni zamanda biz də öz tariximiz, milli-mədəni dəyərlərimizlə Avropa ailəsinin zənginləşməsinə töhfəmizi veririk. Onu da vurğulayım ki, bəzən bu təşkilatın Azərbaycanda baş verən hadisələrə münasibətində müəyyən qeyri-obyektiv nüanslar da müşahidə olunub və bunlar daha çox müəyyən şəxslərin qərəzli mövqeyindən meydana gəlib. Təbii ki, belə hallarda Azərbaycan dövləti sərt şəkildə öz etirazını bəyan edib. Mən çox istərdim ki, qarşılıqlı münasibətlərə kölgə salan qərəzli insanların bu müstəvidəki fəaliyyətinə son qoyulsun.
- Bir millət vəkili olaraq öz fəaliyyətinizdən razısınızmı?
- Bu sualı seçicilərimə ünvanlasaydınız daha məqsədəuyğun olardı. Sözsüz ki, mütəmadi olaraq seçicilərimlə görüşürəm, problemlərini dinləyirəm, onların həlli üçün mümkün olan hər şey edirəm. Millət vəkili seçildiyim Şəmkir rayonunda çox işlər görülüb. Sözsüz ki, bu ilk növbədə ölkə başçısı cənab İlham Əliyevin şəmkirlilərə olan diqqət və qayğısının nəticəsidir. Qısa müddət ərzində Şəmkirdə Bayraq meydanı, Gənclər mərkəzi, 80 yerlik mehmanxana binası, Bakı Oksford məktəbinin Şəmkir filialı, onun 100 yerlik yataqxanası istifadəyə verilib. Rayonda aparılan abadlıq və quruculuq işləri hər bir şəmkirlini qəlbən sevindirir. Bölgəmizdə bütün sahələr üzrə dinamik inkişaf gedir. Bakı-Qazax magistral yolundan Kür qəsəbəsinə 12 kilometr, Qaracəmirli-Təzəkənd kəndinə 8 kilometr uzunluğunda asfalt yol salınmış, Şəmkir şəhərinin mərkəzində avtomobillərin hərəkətinin intensivliyini azaltmaq məqsədi ilə 10 kilometrlik dairəvi Şəmkir-Gədəbəy yolunun yenidən qurulması və Cəyir çayı üzərindən keçən körpünün bərpası başa çatdırılıb. Rayonda su təchizatı və kanalizasiya sistemləri yenidən qurulub, fərdi evlərin dam örtükləri, eləcə də fasad hissələri əsaslı şəkildə təmir edilib, küçələrə asfalt salınıb. Bir il ərzində rayonda 6 məktəb binası tikilərək istifadəyə verilib. Bir sıra obyektlərin açılışında cənab İlham Əliyev şəxsən iştirak edib. Bu görülən işlərin bir hissəsidir. Mövcud problemlər zaman-zaman öz həllini tapır. Vətəndaşları narahat edən məsələlər onları nə qədər düşündürürsə məni də bir o qədər düşündürür. Problemlərlə nə qədər məşğul olsaq da hələ görüləsi işlərimiz çoxdur. Sadəcə hər şeyin zamana ehtiyacı var.
- Bütün bu işlərin öhdəsindən gələrkən vaxt azlığından, zaman məhdudiyyətindən şikayətçi olursunuzmu?
- O kəslər vaxt azlığından şikayət etmirlər ki, onlar heç bir işlə məşğul olmurlar. İşlə məşğul olan istənilən bir adamın vaxt problemi labüddür. Zamanın axarını saxlamaq mümkün deyil. Ona görə də yaşadığımız zamanın hər dəqiqəsinin qədrini bilməli və vaxtdan səmərəli, məhsuldar istifadə etməliyik.
- Özünüzü harda daha çox rahat hiss edirsiniz? Xidməti kabinetinizdə, yoxsa mənzilinizdəki mətbəxdə?
- Təbii ki, bütün qadınlar kimi mən də bir ailənin, bir evin xanımı, sahibəsiyəm. Mətbəxdə də özümü çox rahat hiss edirəm. Çünki bütün mətbəx işlərini çox yaxşı bacarıram. Xidməti kabinetdə isə özümü rahat hiss etməklə yanaşı, həm də özümdə böyük bir məsuliyyət hiss edirəm: seçicilərin etimadını doğrultmaq, Azərbaycan dövlətçiliyinə daha faydalı olmaq, xalqımıza daha cox xeyir vermək. Rahatlığım vətəndaşlıq borcum və məsuliyyətimdir.

İlham Cəmiloğlu