Modern.az

Qaş da getdi, göz də getdi - İdmanımız adına biabrçılıq

Qaş da getdi, göz də getdi - İdmanımız adına biabrçılıq

Aktual

2 Aprel 2014, 10:52

İdmanımızın inkişaf sürəti getdikcə artır. O dərəcədə ki, idmançıları yoldan çıxaracaq qədər. Bu mərəzə daha çox yoluxan idman növlərindən biri də Bolqarıstan yığmasının "ezam olunduğu" ağırlıqqaldırma millimizdir.

Bu yaxınlarda Beynəlxalq Ağır Atletika Federasiyası (İWF) Avropa çempionatı sonrası aparılan dopinq testin nəticələrini açıqladı. Qara siyahıda 8 idmançı ilə "təmsil olunan" Azərbaycan yığması bununla da 2015-ci ilin baharınadək əsas heyətin demək olar bütün üzvlərindən məhrum oldu. Qeyd edək ki, Azərbaycan yığmasının heyətində AÇ-də dopinqə görə "ilişən" atletlər Valentin Xristov, Kamran İsmayılov, Alena Kirienko, Mərziyyə Məhərrəmova, Silviya Angelova, Sərdar Həsənov, Kseniya Vişnitskaya, İntiqam Zairov və Zülfüqar Süleymanovdur. Sonuncu ikinci dəfə belə bir aqibətlə üzləşdiyindən ümumiyyətlə ömürlük disvalifikasiya olunub.

London olimpiadasında beşinci pilləni tutan İntiqam Zairovun adının bu siyahıda yer alması açığı, bəndənizi də xeyli sarsıtdı. Daim öz üzərində səylə çalışan idmançı kimi tanınan İntiqam Zairov 2009-cu il Buxarestdə keçirilən Avropa çempionatının gümüş, keçən il Tiranada keçirilən analoji turnirin qızıl medalına yiyələnməklə fəxri kürsünün ən yüksək pilləsində qərarlaşaraq, idmanın yalnız bu növündə lider ölkələrdən sayılan mənfur qonşularımıza Azərbaycanda ağırlıqqaldırmanın tək Nizami Paşayevdən ibarət olmadığını göstərmişdi.

İkiqat dünya çempionumuzun adını çəkmişkən, illər öncə karyerasının pik dövründə analoji hala görə disvalifikasiya olunan Paşayev sonradan əvvəlki nəticələri göstərə bilməmiş və bununla da ölkəmizin idman həvaskarlarının böyük təəssüfünə səbəb olmuşdu. İkiliik disvalifikasiyanın idmançının istər psixoloji, istərsə də fiziki hazırlığına kifayət qədər zərbə vurduğunu, həmçinin Zairovun Avropa çempionu adından məhrum edilməsini nəzərə alsaq ümid edək ki, uğurlarının təsadüf, ən əsası dopinq çərçivəsində olmadığını cəza müddəti tamamlandıqdan sonra sübut edəcək.

İntiqamla birlikdə 2009-cu il Buxarest yarışlarında gümüş medal qazanan Zülfqar Süleymanovun aqibəti isə göründüyü kimi heç bir idmançının arzulamadığı bir hal kimi xarakterizə olunur. Tiranada əldə etdiyi bürünc medalı itirməklə yanaşı ömürlük ağır atletika yarışlarından uzaqlaşdırılan 31 yaşlı idmançı bu vəziyyətə analoji halın ikinci dəfə təkrarlaması ucbatından düçar oldu.


Adı qeyd olunan idmançıların göründüyü kimi yarısı əcnəbilərdir. Bunlardan biri, Valentin Xristovu tanımayan çətin tapılar, aranızda. London olimpiadasının bürünc medalına layiq görülərkən simasındakı "suyuşirinliyə" görə həmvətənlərimiz arasında kifayət qədər sevilən, hətta bəzi KİV-lərin nəsil-nəcabətini araşdırıb, ana tərəfdən türk babasını aşkara çıxardığı bolqar vunderkindin sirri AÇ sonrası bəlli oldu. 2011-ci ildən ölkəsindəki qayğısıqlıqdan şikayətlənib, ölkəmizə üz tutan Valentin olimpiya oyunları sonrası yaxşıca məşhurluq qazanmışdı, ölkəmizdə. Hətta müsahibələrinin birində belə bir ifadə də işlətmişdi : "Bolqarıstanda idmançıların sosial qayğıları hədsiz çoxdur". İfadəsindən belə çıxırdı ki, bilmirlər idmanla məşğul olsunlar, yoxsa qarınlarının dərdini çəksinlər. Odur ki, olimpiadada nəticə qazanmaqla görmədiyi günə düşdü. Artıq tamah baş yarar prinsipini unudub, yenə yağlı tikələri boğazımızdan kəsmək istədi ki, İWF vunderkindin gənc yaşda özündən üç dəfə ağır olan yükün altına girməsinin "sirrini" aşkar etdi. Qanda aşkar edilən dopinq və ikillik disvalifikasiya !

Bununla yanaşı, bu ayın 5-12-si aralığında İsraildə təşkil olunacaqAÇ-dan  kənar qalan yığmamıza həmçinin 500 000 dollar məbləğində cərimə kəsilib. Həmçinin İWF-nin Azərbaycan Ağır Atletika Federasiyasına yeni komanda təşkil etməsi barədə tapşırıq verdiyi də vurğulanır.

Bu da nəticə hərisliyi! Məşhur el deyimində  söylənildiyi kimi "Qaş düzəltdikləri yerdə vurub göz çıxartdılar"

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı