Modern.az

“ABŞ və Türkiyə Azərbaycan qazının Avropaya ötürülməsi üçün ciddi müzakirələr aparır”-ŞƏRH

“ABŞ və Türkiyə Azərbaycan qazının Avropaya ötürülməsi üçün ciddi müzakirələr aparır”-ŞƏRH

Aktual

7 Aprel 2014, 11:58

“Əfqanıstandan çıxarılan hərbi texnika Azərbaycanda qala bilər”


Ukraynada prezident Viktor Yanukoviçin hakimiyyətdən uzaqlaşdırılması bu ölkədə siyasi situasiyanın sabitləşməsinə yox, daha da gərginləşməsinə gətirib çıxarıb. İndi ABŞ və Qərb Rusiyanın ciddi müdaxiləsi hesabına getdikcə daha gərginləşən vəziyyətdən çıxış yolu aramaqdadır. Bu məqsədlə Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq olunsa da, hələ ki irəliləyişə nail olunmayıb. Əksinə Ukraynanın şərqindəki bəzi vilayətlərdə separatçı qüvvələr Ukraynadan ayrılmaq məsələsini qaldırırlar. Təbii ki, bu vəziyyət postsovet məkanındakı müstəqil respublikalara, eləcə də Azərbaycana müəyyən qədər təsir göstərir. Digər tərəfdən, ABŞ və Qərb Rusiyaya enerji məsələsində də təsir göstərmək niyyətindədir. Azərbaycan Avropanın ən etibarlı enerji ehtiyatları təminatçısından biri olduğundan Ukraynaya görə bu amildən də istifadə gündəmə gələ bilər. Bu günlərdə Azərbaycana xarici dövlət rəsmilərinin intensiv səfərlər etməsi də ciddi proseslərin getdiyindən xəbər verir. Ən çox diqqət cəlb edəni isə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya rəsmi səfərinin gerçəkləşməsi idi. Bununla yanaşı, yaxın zamanlarda ABŞ dövlət katibi Con Kerrinin də Azərbaycana gələcəyi gözlənilir. Düzdür, ABŞ-ın Azərbaycandakı səfirliyinin verdiyi məlumatda Kerrinin dəqiq səfər tarix göstərilməyib. Amma hər halda ABŞ rəsmisinin Bakıya danışıqlara gələcəyini də istisna etmək olmaz. Bütün bunlar isə dünyanın əsas diqqət mərkəzinin Cənubi Qafqaza, o cümlədən Azərbaycana yönəldiyinin göstəricisidir. Regionda, Ukraynada cərəyan edən gərgin proseslər fonunda edilmiş və gözlənilən səfərlər maraq doğurmaya bilməz. Bəs, Türkiyə hökumət başçısı Ərdoğanın və ABŞ-ın dövlət katibi Kerrinin  Azərbaycan dövləti ilə təmasa keçməsinin arxasında hansı məqamlar dayanır?   

 

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Modern.az saytına bu prosesləri şərh edib. Onun sözlərinə görə, bütün bu səfərlərin mahiyyətində müsbət tendensiyalar dayanır. Ekspert hesab edir ki, Cənubi Qafqazda siyasi hərarət artdığından və Rusiya Ermənistanı və erməniləri müxtəlif təxribatlara təhrik etdiyindən Türkiyə, ABŞ özünü göstərməlidir: “Rusiya Gürcüstanın Abxaziya bölgəsindən Bakı-Tbilisi-Ceyhan neft kəmərinə tərəf sərhəd bannerlərini hər gün daha çox sürüşdürür. Bunun nəticəsində sözügedən neft kəməri ilə Abxaziya arasında üç yüz metr məsafə qalıb. Bütün bunlar onu göstərir ki, Rusiya postsovet məkanında narahatlıq yaratmaqda davam edir”.   Q. Hüseynlinin sözlərinə görə, gündəmə Azərbaycan və Türkmənistan qazının Avropa bazarlarına daşınması ideyası gəldiyindən ABŞ və Türkiyə maraqlı tərəf kimi bu layihələrdə iştirak etməyi vacib sayır. Analitik onu da əlavə edib ki, ABŞ və Türkiyə Azərbaycan və Türkmənistan qazının Avropaya ötürülməsi layihəsi üzərində ciddi müzakirələr aparır: “Onlar əsasən, Türkmənistanı buna inandırmağa çalışırlar. Zənnimcə, Kerrinin Bakıya səfərinin birinci məqsədi Rusiya qaz kəmərlərinə alternativ xətlərin işə salınması və sürətləndirilməsi məsələsini müzakirə etməkdir. Türkmənistanla yanaşı, Özbəkistan da layihələrə cəlb oluna bilər. Bunlar gerçəkləşsə, Avropanın qaza olan tələbatı TANAP və TAP layihələri üzrə reallaşacaq”.  

Politoloq Əfqanıstandan çıxarılan NATO qoşunları ilə də bağlı ciddi şəkildə fikir mübadiləsinin aparılacağı qənaətindədir: “Rusiya ABŞ qoşunlarını öz ərazisindən buraxmamaq barədə qərar qəbul etməyə hazırlaşır. Kerri isə Əfqanıstandan çıxarılan bütün hərbi yüklərin, əsgər və döyüş texnikalarının Azərbaycandan və Gürcüstandan keçirilərək Avropaya daşınmasını rəsmi Bakı ilə müzakirə etmək niyyətindədir. Ola bilsin ki, müzakirələr prosesində indiyə qədər Azərbaycana NATO tərəfindən silah satışı ilə bağlı qoyulan moratoriumu aradan götürülsün. Əfqanıstandan çıxarılan hərbi texnikanın bir hissəsinin pulu ödənilməklə Azərbaycanda qalması da gözləniləndir”. Q. Hüseynli Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların olacağını və burada Azərbaycan tərəfinin şərtlərini öz dilindən ABŞ-a çatdırılmasının da gündəmə gələcəyini deyib: “Yəqin ki, məsələnin həlli ilə əlaqədar müəyyən mövqelər təklif ediləcək”.  

Aqşin Kərimov  

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı