Modern.az

Müdafiə naziri İrana niyə gedir? - ŞƏRHLƏR

Müdafiə naziri İrana niyə gedir? - ŞƏRHLƏR

Aktual

12 Aprel 2014, 12:27

Azərbaycan prezidenti İlham Əliyevin ardından müdafiə naziri, general-polkovnik Zakir Həsənovun İrana gözlənilən səfəri iki ölkə arasındakı əlaqələrin genişlənməsindən xəbər verir. Bu səfərlər ikitərəfli münasibətlərdə müsbət tendensiyaların inkişafı kimi də dəyərləndirilir. Düzdür, zaman-zaman İranın radikal dini və hərbi siyasi dairələrində Azərbaycana qarşı aqressiv və təxribat xarakterli bəyanatlar səsləndirilib. Amma ekspertlər düşünür ki, islahatçı Həsən Ruhanin prezidentliyi dövründə Qərblə əlaqələr fonunda Azərbaycana da münasibətdə pozitiv dəyişikliklər olacaq. Məsələnin digər tərəfi isə iki dövlət arasında hərbi əlaqələrlə bağlıdır.

Bəs,  müdafiə naziri Zakir Həsənovun İrana səfərində hərbi əməkdaşlıqla bağlı məsələlər müzakirə oluna bilərmi?  

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, deputat Zahid Oruc Modern.az-a bu səfərləri şərh edib: “Prezident İlham Əliyevin İrana səfəri bir daha Azərbaycanın regionla bağlı sülhpərvər niyyətlərini və xoş məramını ifadə etdi. Bu, bölgədə formalaşmış təhlükəsizlik atmosferinə yalnız müsbət təsir edir”. Deputat bildirib ki, İranın müəyyən dairələrinin bizə qarşı sərgilədiyi mövqedən Azərbaycan daim narazılıq edib. Komitə üzvü hesab edir ki, Həsən Ruhaninin prezident seçilməsindən sonra İranın Azərbaycan əleyhinə bəyanatlarına baxmayaraq,  gələcək normal əməkdaşlığa zəmin yaranıb. O, Azərbaycan və İranın silahlı qüvvələri arasında əməkdaşlıq məsələsinə də toxunub: “Bu cür səfərlər onu sübut edir ki, Azərbaycan bir tərəfdən İranın Ermənistanla əlaqələrinin hər hansı şəkildə azalması və ya neytrallaşdırılmasının tərəfindədir. Bununla yanaşı, rəsmi Bakı  müxtəlif formalarda bölgədə formalaşa biləcək təhlükəsizlik arxitekturasında İranla əlaqələrə normal yanaşır. Bu heç bir halda üçüncü ölkənin əleyhinə, Qərbə qarşı bir şantaj elementi kimi dəyərləndirilə bilməz. Azərbaycan Qərb strukturları ilə yaxın əlaqələrə malikdir. İranın məlum qüvvələri Azərbaycanın Avroatlantik məkanla əlaqələrini özlərinin milli maraqlarına zərbə sayırlar. Amma onlar əmin ola bilər ki, Azərbaycan bu əlaqələrdə üçüncü dövlət əleyhinə xüsusi niyyət güdmür. Zakir Həsənovun səfərini normal qarşılamaq lazımdır. Hesab edirəm ki, bizim beynəlxalq maraqlara və hərbi məqsədlərimizə zərbə vurmur. Amma İranın Azərbaycanın hərbi müttəfiqi ola bilməməsinin səbəbi hər kəsə bəllidir. Bunun üzərində dayanmağa dəyməz”.  

Hərbiçi ekspert, polkovnik-leytenant Üzeyir Cəfərov da Modern.az-a  prezidentin baş tutmuş və müdafiə nazirinin reallaşacaq səfəri barədə fikirlərini bölüşüb. Ekspert düşünür ki, ölkə rəhbəri İlham Əliyevin bu günlərdə Tehrana rəsmi səfəri çərçivəsində bir sıra vacib məsələlər barəsində aparılan danışıqlar sırasında hərbi əməkdaşlıq məsələləri də olub: “Müzakirə edilən vacib məsələlərdən biri də ölkəmizlə İran arasında hərbi sahədə əməkdaşlıq məsələləri idi. Amma biz bunu uzun illərdir müşahidə etmirdik. Buna bəzi dövlətlərin İranla əlaqələrə məhdudiyyət qoymaları da səbəb olmuşdu. İndi isə Azərbaycan müstəqil şəkildə bu məsələlərdə qərarlar qəbul edir, öz müdafiəsi və təhlükəsizliyi üçün vacib saydığı məsələləri önə çəkir. Şübhəsiz ki, rəsmi Tehran kimi qonşusu ilə də həm mehriban qonşuluq siyasəti, həm də regional əməkdaşlıq, o cümlədən hərbi sahədə birgə fəaliyyət üçün yolları arayıb tapır, bu istiqamətdə qarşılıqlı fayda kəsb edən sazişlər imzalayır. Məhz bu səbəbdən də müdafiə naziri Zakir Həsənov İrana səfərə gedir ki, hərbi sahədə perspektiv məsələləri detallar şəkilində müzakirəyə çıxarıb lazım olan hüquqi prosedurları həll etsin. Fikrimcə, bu çox vacib və lazımlı səfərlərdən biri sayıla bilər”.  

Qeyd edək ki, müdafiə naziri Zakir Həsənovun aprelin 15-16-da İrana səfəri gözlənilir.

Aqşin Kərimov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı