“Dövlət başçıları arasında baş tutan telefon danışıqları prosesi özünü tükətmiş bir tendensiyadır. ABŞ prezidenti Rusiya rəhbəri Vladimir Putinlə telefonda danışırsa, özünü hörmətdən salır”. Bunu Modern.az saytına politoloq Qabil Hüseynli Obama-Putin arasında Ukrayna böhranı ilə bağlı aparılan intensiv telefon danışıqlarını şərh edərkən deyib. O bildirib ki, nəinki telefon, heç üz-üzə, təkbətək görüş də nəticə verməyəcək. Politoloqun sözlərinə görə Rusiya 17 apreldə nəzərdə tutulmuş dördtərəfli Brüssel görüşünü nüfuzdan salmaq istəyir.
Ekspert Rusiyaya tətbiq edilə biləcək effektiv tədbirlərin vacibliyindən söz açıb. “Məsələn ABŞ-ın keçmiş müşaviri Zbiqnev Bjezinski Rusiyaya qarşı lokal xarakterli hərbi əməliyyatların mümkünlüyünü istisna etməyib. ABŞ öz gücünü Rusiyaya göstərməlidir. Rəsmi Vaşinqton Qara dənizdə hərbi dəniz donanmasının sayını çoxaltmalıdır. Bununla yanaşı şimaldan Baltik dənizində öz müttəfiqləri ilə birgə donanmasını gücləndirməlidir. Ukrayna ordusunun sürətlə modernləşdirilməsi və muzdlu qoşunların ora göndərilməsi məsələsinə də fikir verilməlidir. Dünyada mülki aviasiyanın muzdlu qoşunla təmin edilməsi heç kimə sirr deyil”.
Analitik hesab edir ki, NATO ölkələri özləri Rusiya ilə birbaşa toqquşmaya girmək istəmirlər. Siyasi şərhçi düşünür ki, problemdən çıxış yollarından biri də Ukrayna ordusuna ən müasir silahların verilməsini həyata keçirməkdir. “Qərb artıq telefon danışıqları praktikasını bir kənara qoyub praktiki addımlara başlamalıdır. Bura bir daha deyirəm, Ukrayna ordusuna muzdlu qoşunların gətirilməsi də həyata keçirilməlidir”,-deyən Q. Hüseynli Ukrayna ordusunda NATO qoşunlarının xüsusi təlimat qruplarının yerləşdirilməsini də prioritet sayır. “Lakin rusların qabaqlayıcı nüvə zərbələrinə əl atma ehtimalları da çoxdur. Buna görə də raketdən müdafiə sistemlərinin quraşdırılması Qərbin praktiki addımlarında mühüm yer tutmalıdır”.
Aqşin Kərimov