
“Azərbaycan qazının Ukrayna vasitəsi ilə Avropaya nəqli dəfələrlə müzakirə edilib. Azərbaycan Türkiyə ilə TANAP və TAP layihələrində razılıq əldə etməsindən sonra isə Bakıdan ancaq Ukraynaya qaz nəqli qeyri-mümkün görünür”.
Bunu Modern.az-a politoloq Qabil Hüseynli ABŞ konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin sədri Ed Roysun fikirlərini şərh edərkən deyib. Onun sözlərinə görə, Azərbaycanın Ukraynaya ayrıca bir qaz xətti çəkməsi izafi xərclərdir. Ekspert hesab edir ki, rəsmi Bakı bu addımı atarsa, Azərbaycan üçün risk yaranar: “Ən başlıcası isə iqtisadi səmərəlilik ön planda olmalıdır. Ukraynaya qaz ötürülməsi yeni xətt deməkdir. Belə olarsa, gərək Azərbaycan Türkiyə ilə imzaladığı TANAP layihəsindən imtina etsin. Bu isə mümkün deyil”.Qeyd edək ki, ABŞ konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin sədri Ed Roys Kiyevdə mətbuat konfransında Azərbaycan qazının Ukraynaya daşınması məsələsini gündəmə gətirib. Konqresmen bununla Ukraynanın Rusiyanın “Qazprom” şirkətindən qaz asılılığına son qoyacağını ümid edir.
Aqşin Kərimov