Son illər Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən islahatlar, xüsusilə TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində aparılan yeniliklər vətəndaşlara göstərilən xidmətin keyfiyyətində özünü aydın şəkildə göstərməkdədir. Bu dəyişikliklər təkcə tibbi avadanlıqların yenilənməsi və ya idarəetmə sisteminin təkmilləşdirilməsi ilə məhdudlaşmır. Ən vacib məqam insan amilinə verilən dəyər, vətəndaşa münasibət və xəstəyə göstərilən diqqətin artmasıdır.
Müsbət dəyişikliklərin ən çox hiss olunduğu şəhərlərdən biri də Sumqayıtdır.
Sumqayıt Tibb Mərkəzinin rəhbəri Elnur Azadxanovun fəaliyyəti dövründə şəhərdəki dövlət səhiyyə müəssisələrinin xidmət səviyyəsinin nəzərəçarpacaq dərəcədə yüksəldiyini həm müşahidələrim, həm də şəxsi təcrübəm əsasında rahatlıqla deyə bilərəm. Uzun illər Sumqayıtda yaşayan biri kimi əvvəlki dövrlə hazırkı vəziyyəti müqayisə etdikdə aradakı fərqin açıq şəkildə hiss olunduğunu vurğulamalıyam.

Çünki vətəndaş müraciət etdiyi tibb müəssisəsində xoş münasibət, diqqət və peşəkar yanaşma gördükdə, bu, onun həm dövlətə, həm də səhiyyə sisteminə olan inamını artırır. İnsan xəstə vəziyyətdə xəstəxanaya müraciət edir və belə anlarda ən çox ehtiyac duyduğu şeylərdən biri də qayğı və diqqətdir. Məhz bu münasibət Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən xəstəxanalarda hiss olunur.
Bu qənaətə bir neçə gün öncə anamın səhhəti ilə bağlı yaşadıqlarımızdan sonra gəldim.
Anam özünü narahat hiss etdiyi üçün onu Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən 2 saylı Sumqayıt Şəhər Xəstəxanası apardım. Prosedura uyğun olaraq ilkin qeydiyyat bölməsinə yaxınlaşdım və ilk dəfə gəldiyimi bildirərək, məni təcrübəli cərrahlardan birinə yönləndirmələrini xahiş etdim. Təcrübəli cərrah Əşrəf Qafarov tövsiyə olundu.
Əşrəf həkimin qəbulunda ilk diqqətimi çəkən onun səmimi və sakit münasibəti oldu. Anamın vəziyyətini izah etdikdən sonra lazımi müayinələrin aparılması üçün göstəriş verdi. Tibb bacıları qısa müddətdə analizləri götürdülər.
Bir neçə saat sonra Əşrəf həkim məni otağına çağıraraq anamın vəziyyəti barədə məlumat verdi. Bildirdi ki, öd kisəsində ciddi problemlər var, daşlaşma və iltihab səbəbindən öd kisəsi artıq fəaliyyətini itirib və təcili əməliyyat olunmalıdır.
Açığı, bu xəbər məni ciddi şəkildə narahat etdi. Çünki anam 2017-ci ildə ağır onkoloji əməliyyat keçirmişdi və sonradan müraciət etdiyimiz bəzi cərrahlar riskli olduğu üçün ikinci əməliyyata yanaşmamışdılar. Bu səbəbdən tərəddüd içində idim və vəziyyəti Əşrəf həkimə ətraflı şəkildə izah etdim.

Həkim isə böyük arxayınlıq və peşəkarlıqla mənə dedi:
“Mail, mən uzun illərdir həkim-cərrah kimi fəaliyyət göstərirəm. İnşallah, ananızın əməliyyatı uğurlu keçəcək. Ürəyinizə pis fikir gətirməyin, Allaha dua edin”.
Bu sözlər həm mənə mənəvi dəstək oldu, həm də həkimin öz peşəsinə nə qədər inamla yanaşdığını göstərdi. Mən də ona “Göydə Allaha, yerdə isə sizə ümid edirəm, doktor”, - dedim.
Bir gün sonra anam əməliyyata götürüldü. Əvvəlki əməliyyat açıq cərrahi üsulla aparıldığından, Əşrəf həkim bu dəfə də açıq əməliyyatın daha uyğun olduğunu qərarlaşdırdı. Əməliyyat tibb üzrə fəlsəfə doktoru, cərrah Teymur Əlləzov və anestezioloq Malik Səfərli ilə birgə həyata keçirildi.
Təxminən iki saat davam edən əməliyyatdan sonra Əşrəf həkim şəxsən aşağı enərək mənə yaxınlaşdı və ilk dediyi söz bu oldu:
“Sənə demişdim ürəyini sıxma, əməliyyat çox yaxşı keçdi.”
Həmin an yaşadığım rahatlığı sözlə ifadə etmək çətindir.
Səhəri gün anamın vəziyyəti daha da yaxşı idi və o artıq palataya köçürülmüşdü. Axşam anamla görüşəndə isə onun dilindən xəstəxanadakı münasibətlə bağlı eşitdiklərim məni bir daha sevindirdi.

O bildirdi ki, xəstəxananın baş həkimi Arzu Bəndəliyeva şəxsən onun vəziyyəti ilə maraqlanıb, Əşrəf həkim davamlı nəzarətdə saxlayıb, tibb bacıları və digər personal isə son dərəcə qayğıkeş davranıblar.
Ən çox diqqətimi çəkən məqamlardan biri isə xəstəxanada çalışan bütün heyətin — mühafizə xidmətindən başlayaraq rəhbərliyə qədər — insanlarla nəzakətlə davranması oldu. Xəstə yaxınlarını diqqətlə dinləmələri, onları düzgün istiqamətləndirmələri və əsəbi deyil, anlayışlı münasibət göstərmələri müasir səhiyyə xidmətinin ən vacib göstəricilərindəndir.
Çünki bəzən bir xəstəyə verilən mənəvi dəstək, xoş söz və qayğı ən güclü dərman qədər təsirli olur.
Bu gün Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində müşahidə olunan dəyişikliklər onu deməyə əsas verir ki, səhiyyədə aparılan islahatlar artıq real nəticələr verməkdədir. İnsanlar dövlət xəstəxanalarında yalnız tibbi xidmət deyil, eyni zamanda diqqət, hörmət və peşəkar münasibət də görürlər.
Mən də bir vətəndaş və jurnalist olaraq yaşadığım bu hadisəni bölüşməyi özümə borc bildim. Çünki yaxşı iş görülürsə, yaxşı münasibət göstərilirsə, bu barədə danışmaq və cəmiyyətə çatdırmaq lazımdır.
Mail AĞAXANOV