Modern.az

Qurban - Allaha yaxın ola bilməkdir

Qurban - Allaha yaxın ola bilməkdir

Aktual

Bu gün, 14:03

prof. Ramazan SİRACOĞLU

Hərfi mənası ərəb dilində  “qərəbə-  قرب –“ feilindən törəmiş olan “qurban—  قربان –“ sözü   “yaxınlaşmaq, yaxın olmaq” anlamı ifadə edir. Dilçilər ərəbcədəki  “qurban- قربان - sözünün ibrani dilindəki “kurban-  ‏קורבן - sözündən yarandığı görüşündədirlər. İnsanlar çox qədim zamanlardan fövqəltəbii qüvvələr üçün qurban vermişlər. Onlar bu hərəkəti etməklə forsmajor güclərdə mərhəmət  hissi yaratmağa çalışmışlar. Yəhudilikdə kəsilən qurbanları odda yandırır və qalxan tüstünün yuxarıya yüksələrək istək və diləklərin ilahi dərgaha çatdığına inanılır. İslamiyyətdə  bəndələrin verilən qurbanlarla  ALLAHa yaxınlaşa bilmək fürsəti əldə etdikləri güman olunur.   Xristianlıqda qurban kəsmə adəti yoxdur. Onların əqidəsinə görə, İsa Peyğəmbər çarmıxa çəkilməklə bəşəriyyəti xilas etmişdir. Həzrət İsa Məsihin ardıcılları ehtiyacı olanlara müxtəlif ianələr toplayır, onlar üçün xeyriyyə işləri görürlər. Bəzi islam ilahiyyatçıları iddia edirlər ki, Qurani- kərimin Kövsər surəsinin 2-ci ayəsində buyurulmuş “Fəsəlli li Rəbbikə və ənhər—   فَصَلِّ لِرَبِّكَ وَانْحَر   -   əmrini müsəlmanlar yanlış qavrayıblar. Məsələ burasındadır ki, “ənhər—  انحر – feilini  əmələ gətirən “nəhr—   نحر –“ sözünün müxtəlif  mənaları var: 1. Dəvənin, heyvanın  boğazını kəsmək, 2. Çətinliklərə sinə gərmək,  dözüb durmaq, 3. Əlləri yuxarı qaldırmaq. Bəzi iddialara görə, bu ayəni “Əllərini yuxarıya qaldır və Rəbbinə dua et” və ya “Çətinliklərə sinə gər və Rəbbinə yalvar” şəklində açıqlamaq, ənənəvi “Rəbbin üçün namaz qılıb qurban kəs” şərhindən daha məntiqlidir. Lakin böyük əksəriyyət məhz sonuncu, “Rəbbin üçün namaz qılıb qurban kəs” məalını, daha məqbul hesab edir.

Bəqərə  surəsinin 67-ci ayəsində Musa Peyğəmbərin öz  tayfasına “ALLAH sizə bir inək (düyə ) kəsməyi əmr edir— اللّهَ يَأْمُرُكُمْ أَنْ تَذْبَحُواْ بَقَرَةً “ söylədiyi bildirilir. Musa Peyğəmbərin  tayfası da ondan  kəsiləcək inəyin (düyənin)  əlamət və keyfiyyətlərinin necəliyini soruşanda Musa Peyğəmbər də, qurban ediləcək inəyin (düyənin)  nə çox balaca, nə çox yaşlı olmasını, əkin-biçin işində, boyunduruq altında işləməməsini, qarışıq rəngdə olmamasını söyləyir. Bəqərə surəsinin 69-cu ayəsində  qurbanlıq heyvanın “qızılı sarı rəngli inək (düyə )— بَقَرَةٌ صَفْرَاء “ olması bildirilir. Bəzi yerlərdə adamlar qurban  kəsilmiş heyvanların qanını alınlarına sürtürlər.  Dini ayinlərdə, müxtəlif mərasimlərdə Qurani-kərimdə buyurulmayan, Məhəmməd Peyğəmbər əleyhissəlamın zamanında icra olunmayan hərəkətlərə yol vermək bidət -   بدعة  -  sayılır. Bidət sözü  “yenilik, əlavə, artırma” mənalarında   işlənir.  Məsələn, təsbeh çevirmək, hüzür yerlərində ehsan vermək, bədnəzərdən qorunmaq üçün gözmuncuğu bağlamaq, kəsilən qurbanın qanını alına sürtmək, türbə və məzarlığa gedib oradakı mərhumdan yardım diləmək, nəzərdə tutulmayan vaxtlarda əlavə namaz qılmaq, hər ay müəyyən günlərdə oruc tutmaq  sonradan adət halına gəlmiş bidət nümunələridir. Bəzi ilahiyyatçılar  Qurani- kərimin Maidə surəsinin 3-cü ayəsinə əsaslanaraq hərhansı bir bidətin yolverilməz olduğunu iddia edirlər, çünki həmin ayədə “bu gün sizin dininizi tamamladım— الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ – buyurulmuşdur. ALLAHın tamamladığı dinə nə isə yeni əlavə etməyə nə lüzum var? Bəzi dinşünaslar isə  cəmiyyət tərəfindən xoş qarşılanan bidətlərin— yeniliklərin  məqbul olduğunu önə sürürlər. Bidəti müdafiə edənlər də məşhur hədisçi Müslimin öz hədis kitabında Münzir bin Cəririn atasına istinadən söyləmiş olduğu “Kim islamda gözəl bir adət yaradarsa onun savabı özünə və  ondan sonra onu təkrarlayanlara aiddir—     من سَنَّ في الإسلام سنة حسنة فله أجرها وأجر من عمل بها بعده – hədisini əsas gətirirlər.

Maidə surəsinin 27-ci—  31-ci ayələrində adları   göstərilməyən iki qardaş (Habil və Qabil ) haqqında qısa məlumat vardır. Həmin ayələrdə  bildirilir ki, Adəmin iki oğlu ALLAHa qurban vermişdi, birinin qurbanı qəbul olunmuşdu, digərininki yox. Hadisələrin gedişi Qurani- kərimdə təfsilatı ilə verilmir, daha sonra bildirilir ki, dedi ( qurbanı qəbul olunmayan qardaş nəzərdə tutulur) “and içirəm səni öldürəcəyəm”; dedi (  qurbanı qəbul olunan qardaş nəzərdə tutulur) “ALLAH iman sahiblərinin ( Qurani- kərimdə “مُتَّقِينَ – muttəqin” yazılıb.  “Muttəqi”- sözünün kökü ərəbcədəki “ وقی“ feilindədir, mənası “pəhriz saxlamaq, qorunmaq”dır) qurbanını  qəbul edir.” Maidə surəsinin 28-ci və 29-cu ayəsində bildirilir ki, dedi (  qurbanı qəbul edilən qardaş nəzərdə tutulur), “and olsun ki, sən məni öldürmək istəsən də  sənə əl qaldırmayacağam, mən aləmlərin Rəbbinə qarşı gəlməkdən qorxuram. İstərəm ki, mənim günahımı da öz  günahına yükləyib əhli- Cəhənnəm olasan.” Maidə surəsinin 30-cu ayəsində bildirilir ki, onun nəfsi (qurbanı qəbul olunmayan qardaş nəzərdə tutulur) onu öldürməsinə sövq etdi və onu öldürdü.  Tövratda Habil və Qabil haqqında daha təfərrüatlı məlumat verilmişdir. Tövratın “Təkvin” surəsinə  görə, “Adəm ilə Həvvanın ilk iki övladının adları Kain və Həvil idi ( Avropa dillərində  Abel). Kain ilk doğulmuşdu, Həvil yaşda ondan  kiçik idi. Kain əkinçiliklə, Həvil maldarlıqla məşğul olurdu. Qardaşlar öz məhsullarından Rəblərinə qurban verəndə Kainin verdiyi qurban qəbul olunmadı, Həvilin qurbanı isə qəbul olundu.

Bu gün islam aləmində önəmli adətlərdən biri olan qurban kəsmək məsələsi də İbrahim Peyğəmbərlə  bağlıdır. Məlumatlara görə, İbrahim Peyğəmbər oğlunu qurban kəsmək istəyib. Qurani-kərimdə İbrahim Peyğəmbərin hansı oğlunu – İsmaili, yoxsa İshaqı- kəsmək istəməsi ad olaraq dəqiq yazılmayıb. Qurani- kərimin Saffat surəsinin 102-ci ayəsində göstərilir ki,   İbrahim Peyğəmbər oğluna “Ey oğlum, yuxumda səni kəsdiyimi görürəm—  يَٰبُنَىَّ إِنِّىٓ أَرَىٰ فِى ٱلْمَنَامِ أَنِّىٓ أَذْبَحُكَ”–  deyə müracıit etdı. Oğlu da  “ey ata, sənə əmr olunanı elə: يَا أَبَتِ افْعَلْ مَا تُؤْمَرُ - dedi.”


Həm ata, həm oğul ALLAHın iradəsinə qarşı gəlməyi əsla düşünmədən ilahi istəyi yerinə gətirməkdə qətiyyət göstərirlər. Ata  ixtiyar yaşında ALLAHın ona əta etdiyi ciyərparəsini öz əli ilə, oğul da öz iradəsi ilə qurbangaha gedirlər. Bu əhvalatda İbrahim Peyğəmbərin və oğlunun misilsiz iman sahibi olduğu vurgulanır. Saffat surəsinin 104-cü ayəsində belə buyurulub: “Hər ikisi (ALLAHın əmrinə ) boyun əydiklərində və (İbrahim  kəsmək üçün onu ) alnı üstə (üzüstə ) yerə yıxarkən Ona səsləndik: Ey İbrahim!  - فَلَمَّآ أَسْلَمَا وَتَلَّهُۥ لِلْجَبِينِ وَ نَٰدَيْنَٰهُ أَن يَٰٓإِبْرَٰهِيمُ .” Tövratda bu əhvalat daha müfəssəl şəkildə  verilib. Orada “Yaradılış- Təkfin”  surəsinin 6-cı ayəsində buyurulur ki, İbrahim Peyğəmbər bıçağı və közü götürdü, odunları oğlu İshaqın belinə yüklədi. İshaq soruşdu ki, odun və od buradadır, bəs kəsib yandıracağımız qurbanlıq quzu haradadır? İbrahim Peyğəmbər “ALLAH özü göndərəcəktir, oğlum” dedi.  İbrahim Peyğəmbərin  öz oğlunu ALLAH yolunda qurban kəsmək cəhdi Qurani-kərimlə Tövratda həmən-həmən eynidir. Bir fərq var ki, Qurani-kərimdə İbrahim Peyğəmbərin oğlu hadisənin lap başlanğıcından bilir ki, atası onu qurban kəsmək istəyir, Tövratda isə oğul hadisələrin  ən sonunda bu işdən xəbərdar olur.

“Məcmə’ul bəyan fi təfsiri’l Quran” əsərinin 3-cü cildinin 231-ci səhifəsində Maidə surəsinin  2-ci ayəsinin açıqlaması haqqında maraqlı məlumat vardır. İslamiyyətdən öncəki dövrdə bütpəstlər Kəbəni ziyarət etməyə gedərkən həc səfərində olduqlarını bəlli etmək üçün həm özlərinin, həm də Kəbədə kəsəcəkləri heyvanların boyunlarından  ağac qabığndan və ya heyvan dərisindən hazırlanmış “qəlladə -     قلادة - adlanan boyunbağı, xalta asarlarmış. Həc ziyarətindən qayıdndan sonra isə həmin boyunbağını, xaltanı  yundan və ya tükdən toxunmuş “şəirə -  شعیرة “ -  boyunbağı ilə əvəz edərlərmiş. Adətə görə, belə boyunbağılı adama heç kim toxunmazmış. İlk vaxtlarda müsəlmanlığı qəbul edən ərəblər də bu qədim  ənənəyə uyğun olaraq davranırlarmış. Sonra “lə tuhillu şəairə -   لَا تُحِلُّوا شَعَٓائِرَ – xaltaları halal saymayın”- hökmü gəlmiş və müsəlmanların həcc zamanı boyunbağıdan (xaltadan)  istifadəsinə son verilmişdir.

Maidə surəsinin 103-cü ayəsində Məkkə müşriklərinin Cahiliyyə dönəmindən qalma batini inancları və adətləri qorumaq üçün  söylədikləri “ALLAH “bəhirə”, “saibə”, “vəsilə” və “ham” tədbirlərini, qurbanlarını  halal  buyurubdur” fikri təkzib olunur.  Maraq üçün qeyd edək ki, Cahiliyyə ərəbləri beş bala doğmuş və beşinci balası erkək olan dəvənin qulaqlarını yarıb sərbəst buraxırdılar, daha onu minmir və  yükləmirdilər, belə dəvəyə  “bəhirə— بهیرة  “ deyirdilər. İnanca görə, qurban verilmış həmin dəvə  aid olduğu ailəni bütün gələcək fəlakətlərdən qoruyur. Yeri gəlmişkən, Nisa surəsinin 119-cu ayəsində  də Şeytanın “Onlara mal-qaralarının qulaqlarını kəsmələrini əmr edəcəyəm—     وَلَاٰمُرَنَّهُمْ فَلَيُبَتِّكُنَّ اٰذَانَ الْاَنْعَامِ “ – sözləri müsəlmanların  ərəb müşriklərini kimi hərəkət etmələrinin günah iş olduğunu isbatlayır. Məkkə müşrikləri xəstələnmiş adamın qada-balasını, azarını aparmaq üçün  və başqaları  ondan istifadə  edə bilsin deyə bir dəvəni d nəzir deyib  açıb buraxırdılar, qurban edirdilər. Belə dəvəyə “saibə— سائبة” deyilirdi.  Müşriklər cüt quzusu olmuş olan qoyuna “vəsilə— وصیلة “ deyirdilər. Əgər quzuların ikisi də erkək olsaydı birini bütlər üçün qurban kəsib dilək diləyərdilər; əkizlərdən biri erkək, digəri dişi olanda quzuları kəsməzdilər ki, Rəbb quzunun kəsilməsini  məsləhət bilmir.   Ərəblər on nəsli dölləndirmiş erkək dəvəyə “ham-  حام –“ deyirlər. Bütpərəst ərəblər “ham” adlanan nərləri də sərbəst buraxırdılar ki, sahibinə uğur gətirsin.

Quran-i kərimin Həcc surəsinin 37-ci ayəsində - لَنْ يَنَالَ اللّٰهَ لُحُومُهَا وَلَا دِمَٓاؤُ۬هَا وَلٰكِنْ يَنَالُهُ التَّقْوٰى مِنْكُمْۜ – Onların ( qurbanların ) nə əti, nə də qanı ALLAHa yetişməz, Ona yetişən ancaq sizin itaətinizdir, yaxşı işlərinizdir” buyurulmuşdur. Başqa sözlə, qurbanın məqsədi sadəcə  heyvan kəsmək, qan axıtmaq deyil. Qurban- bacardıqca xeyirxah olmaq, insanlara qarşı mərhəmətli və ədalətli davranmaq, nəfsə yenik düşməmək, ehtiras əsiri olmamaq,  xəbislikdən uzaq olmaq, möhtacları unutmamaq, ehtiyacı olanlara əl tutmaqdır, yardımsevərliklə   ALLAHa yaxın ola bilməkdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı