Modern.az

Putin və Lukaşenko Zelenskinin bəyanatlarını müzakirə edəcəklər

Putin və Lukaşenko Zelenskinin bəyanatlarını müzakirə edəcəklər

Aktual

Bu gün, 15:10

Rusiya Prezidenti Vladimir Putinlə Belarus Prezidenti Aleksandr Lukaşenkonun yaxın vaxtlarda telefon danışığı aparacağı gözlənilir.

Modern.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, liderlərin söhbəti zamanı Ukrayna Prezidenti Volodimir Zelenskinin Belarusla bağlı səsləndirdiyi fikirlər və digər aktual məsələlər müzakirə olunacaq.

Peskov bildirib ki, Zelenskinin Belarusun ünvanına səsləndirdiyi bəyanatlar "tamamilə aqressiv xarakter daşıyır" və bunu başqa bir dövlətin daxili işlərinə müdaxilə, eləcə də onun suverenliyinə qəsd kimi qiymətləndirib.

Kremlin sözçüsü vurğulayıb ki, Moskvanın Belarus rəhbərliyinin ölkənin suverenliyini təmin etmək imkanlarına şübhəsi yoxdur.

Peskov həmçinin Rusiyada yanacaq qiymətləri ilə bağlı vəziyyətə də toxunub. O bildirib ki, hökumət bu istiqamətdə tədbirlər görür və neft şirkətləri ilə koordinasiyalı fəaliyyət həyata keçirilir. Onun sözlərinə görə, əhalinin yanacaqla təminatının yaxşılaşdırılması üçün işlər davam etdirilir.

O, Böyük Britaniyada baş nazir dəyişikliyi ilə bağlı da danışıb. Peskov qeyd edib ki, Kir Starmer Rusiya-Britaniya münasibətlərinin inkişafı baxımından özünü göstərməyib və bu münasibətlərin aşağı səviyyədə qalmasının tərəfdarı olub. Kremlin sözçüsü növbəti Britaniya baş nazirinin də Rusiyaya münasibətdə fərqli mövqe sərgiləyəcəyini gözləmədiklərini bildirib.

Bundan başqa, Peskov "Qazprom"un Serbiyanın milli neft şirkəti olan NIS-dəki payının satışı məsələsinin Moskva və Belqrad arasında müzakirə edildiyini də təsdiqləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyaya DƏHŞƏTLİ HÜCUM - Şəhərlər raketlərlə bombalanır