İƏT ölkələri arasında iqtisadi inteqrasiya gücləndirilməlidir.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin ev sahibliyi ilə keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının (PUIC) 20-ci sessiyasının açılış mərasimində Milli Məclisin sədri Sahibə Qafarova deyib.
O bildirib ki, İƏT çərçivəsində mövcud ticarət və iqtisadi inteqrasiya mexanizmlərinin praktik tətbiqinin təşviqi vacibdir.
Spiker qeyd edib ki, qarşılıqlı əməkdaşlıq sayəsində regional bağlantını gücləndirən, ticarəti asanlaşdıran və İƏT-ə üzv dövlətlər arasında dayanıqlı iqtisadi inteqrasiyaya töhfə verən təhlükəsiz, dayanıqlı və bir-biri ilə əlaqəli nəqliyyat, tranzit və logistika dəhlizlərinin inkişafına dəstək vermək mümkündür.
Sahibə Qafarova əlavə edib ki, enerji təhlükəsizliyi, bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlığın genişləndirilməsi də ümumi hədəflərə nail olunmasına töhfə verəcək.
Milli Məclis sədri vurğulayıb ki, İƏT-ə üzv dövlətlərin Parlament İttifaqı parlamentlər arasında ünsiyyət, koordinasiya və əməkdaşlıq üçün mühüm institusional çərçivə yaradır.
“Azərbaycan Respublikası Milli Məclisi quruma sədrlik etdiyi dövrdə üzv parlamentlərlə sıx əməkdaşlığa, ittifaqın rolunun gücləndirilməsinə və ortaq prioritetlərin irəli aparılmasına hazırdır”, - deyə o qeyd edib.