Paytaxtın Hüseyn Cavid prospekti və Ayna Sultanova küçəsinin müəyyən hissələrində asfalt örtüyünün yenilənməsi məqsədilə frezlənmə və asfaltlanma işləri aparılacaq.
Modern.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, işlər vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçiriləcək.
Hüseyn Cavid prospektində (Seyfəddin Dağlı küçəsindən Mikayıl Müşfiq küçəsinədək) işlər 30 iyun saat 10:00-dan 3 iyul saat 07:00-dək davam edəcək. Bu müddətdə yolun frezlənməsi və yeni asfalt örtüyünün döşənməsi nəzərdə tutulur.
Ayna Sultanova küçəsində (Hüseyn Cavid prospektindən Mətbuat prospektinədək) isə asfalt örtüyünün yenilənməsi 1 iyul saat 08:00-dan 6 iyul saat 08:00-dək aparılacaq.
Agentlik sürücülərə müraciət edərək bildirib ki, qeyd olunan tarixlərdə hər iki ərazidə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq. Bununla əlaqədar sürücülərə mümkün olduqda alternativ marşrutlardan istifadə etmələri, müvəqqəti yol nişanlarının tələblərinə və hərəkəti tənzimləyən əməkdaşların göstərişlərinə əməl etmələri tövsiyə olunur.