Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Özbəkistan Respublikası Ali Məclisi yanında Vətəndaş Cəmiyyəti İnstitutlarına Dəstək üzrə Dövlət Fondu birlikdə qrant müsabiqəsi elan edir.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2026-cı il iyul ayının 1-də başlanacaq. Azərbaycan QHT-lərinin sənədlərinin qəbulunu Azərbaycan Respublikasının QHT Agentliyi, Özbəkistan QHT-lərinin sənədlərinin qəbulunu isə Özbəkistanın Vətəndaş Cəmiyyəti İnstitutlarına Dəstək üzrə Dövlət Fondu aparacaq. Azərbaycan QHT-ləri layihələrini Özbəkistanda, Özbəkistan QHT-ləri isə Azərbaycanda icra etməlidir. Müraciət üçün son tarix 30 iyul 2026-cı ildir. Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək, elan ediləcək.
Müsabiqə Azərbaycan və Özbəkistanın müvafiq yerli qanunvericiliyinə uyğun aparılır. Azərbaycan Respublikası üzrə müsabiqə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2026-cı il 22 iyun tarixli 188 nömrəli qərarla təsdiq edilmiş Qaydasına müvafiq olaraq təşkil edilir.
Müsabiqədə iştirak qaydaları Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Özbəkistan Respublikasının Ali Məclisi yanında Dövlət Fondunun vəsaitlərinin idarə olunması üzrə Parlament Komissiyası ilə arasında imzalanmış Əməkdaşlıq Memorandumu və Əlavə Saziş əsasında tərtib olunub:
- Kiçik qrant müsabiqəsi – Müsabiqə üzrə qrant məbləğinin yuxarı həddi 30000 manatadək
- Böyük qrant müsabiqəsi – Müsabiqə üzrə qrant məbləğinin aşağı həddi 30000 manat, yuxarı həddi 40000 manat
Müsabiqə aşağıdakı mövzulardadır:
- Şəhər təşəbbüsləri (2026-cı il - Azərbaycanda “Memarlıq və Şəhərsalma İli”nə həsr olunur);
- Regionların inkişafı və sosial rifah təşəbbüsləri (2026-cı il - Özbəkistanda “Məhəllələrin İnkişafı və Sosial Rifah İli”nə həsr olunur)
Müsabiqədə iştirak edən QHT-lər üçün tələblər:
- Qrant müsabiqələrində QHT-lər yalnız koalisiya şəkildə iştirak edə bilər. Koalisiyada minimum 1 yerli QHT (Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış) və 1 xarici QHT (Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınmış) olmalıdır;
- Koalisiyada əsas icraçı yalnız yerli QHT olmalıdır;
- Koalisiyanın yaradılması barədə üzv olan bütün yerli və xarici QHT-lər tərəfindən təsdiqlənmiş protokol təqdim olunmalıdır (azərbaycan və özbək dillərində);
- Koalisiyada təmsil olunan Özbəkistan QHT-si haqqında ətraflı məlumat təqdim olunmalıdır (fəaliyyət sahəsi, təcrübəsi, saytı və s. digər məlumat mənbələri);
- Müsabiqə çərçivəsində hazırlanacaq bütün sənədlər tərəflərin qarşılıqlı anlaşmasını təmin etmək məqsədilə özbək və azərbaycan dillərində tərtib olunmalıdır;
- Koalisiyada iştirak edən QHT-lərin işçi heyətinin beynəlxalq formatda layihə idarəetmə təcrübəsi və imkanları olmalıdır;
- 2026-cı il üzrə QHT Agentliyinin qrant müsabiqələrinin qalibləri koalisiyada əsas icraçı və tərəfdaş QHT kimi iştirak edə bilməz.
- 1 QHT yalnız 1 koalisiyada təmsil oluna bilər.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2026-cı il 22 iyun tarixli 188 nömrəli qərarla təsdiq edilmiş Qaydasına müvafiq olaraq, müsabiqə üçün tələb olunan sənədlər:
- layihə təklifi;
- layihənin icra planı;
- layihənin xərclər smetası;
- layihənin büdcəsinin maliyyə əsaslandırılması;
- QHT-nin nizamnaməsi, qeydiyyat şəhadətnaməsi və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surəti;
- QHT-nin vergi uçotu haqqında şəhadətnaməsinin surəti;
- QHT-nin səlahiyyətli nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənədin surəti;
- maliyyə vəsaitinin köçürüləcəyi QHT-nin bank hesabı barədə məlumatlar;
- böyük qrant müsabiqəsinə layihə təqdim edən QHT-nin son 5 (beş) il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 30 (otuz) fərqli məzmunda informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd;
- Yerli və xarici QHT-lər tərəfindən təsdiqlənmiş protokol (nümunə əlavə olunur);
- Koalisiyada təmsil olunan xarici təşkilatlarla bağlı ərizə forması (nümunə əlavə olunur).
Aşağıdakı layihələr müsabiqəyə buraxılmır:
- Məzmunu Azərbaycan və Özbəkistan respublikalarının Konstitusiyaları, Azərbaycan və Özbəkistan respublikasının qanunları və digər normativ hüquqi aktları, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2026-cı il 22 iyun tarixli 188 nömrəli qərarla təsdiq edilmiş Qaydası ilə ziddiyyət təşkil edən layihələr;
- Əvvəllər keçirilən müsabiqələrin nəticələrinə görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş eyni məzmunlu layihələr;
- Qrant müqaviləsi üzrə öhdəliklərini pozduğuna görə Azərbaycan Respublikasının donor qurumu tərəfindən müsabiqədə iştirak hüququndan məhrum edilmiş və eləcə də donor qurum qarşısında debitor borcu olan QHT-lərin layihələri.
Layihələrin qiymətləndirmə meyarları:
- layihənin məqsədinin aydınlığı;
- layihənin innovativliyi, problemlərə yeni və ya daha təkmil həllər təklif etməsi;
- layihənin icra müddətinin əsaslandırılması və davamlılığı;
- layihə büdcəsinin müvafiq fəaliyyətlərlə uyğunluğu;
- QHT-nin və işçi heyətin müvafiq layihə mövzusuna uyğun fəaliyyəti, peşəkarlığı və əvvəlki layihə təcrübəsi;
- layihə üzrə risklərin təhlili və səmərəli monitorinq mexanizmi;
- layihə üzrə benefisiarların düzgün müəyyən edilməsi;
- layihənin icrası zamanı müvafiq tərəfdaşlarla, sahəvi qurumlarla və media ilə əməkdaşlıq;
- layihədən gözlənilən nəticələr;
- layihənin müvafiq sahədə dövlət siyasətinə və qüvvədə olan müvafiq sahəni tənzimləyən normativ hüquqi aktlarla müəyyən edilən vəzifələrə, strateji sənədlərin (proqramlar, yol xəritələri, konsepsiyalar və s.) hədəflərinə töhfə verməsi.
Texniki tələblər:
- Əsas icraçı QHT layihəni Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin saytında (//ngoagency.gov.az/az) xüsusi bölmə vasitəsilə elektron qaydada təqdim edir (müvafiq bölmə 2026-cı il 1 iyul-30 iyul tarixlərində QHT Agentliyinin saytında aktiv olacaq);
- Şəxsən, poçtla və ya e-poçt vasitəsilə təqdim olunan layihə təkliflərinə dair sənədlər qəbul olunmur.
Əlaqə vasitələri:
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi,
Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520-ci məhəllə, ev 20.
[email protected]