"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-də SİMA İmzadan istifadə edən sərnişinlərin sayı 9 mini keçib.
Modern.az xəbər verir ki, bu barədə QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, iki aydır ki, Bakı və Sumqayıt dəmiryol vağzallarında, həmçinin Koroğlu dayanacağında quraşdırılmış SİMA Pay üztanıma ödəniş sistemi gündəlik turniket keçidlərində yeni təcrübə yaradır.
"İctimai nəqliyyatda ilk dəfə ADY tərəfindən tətbiq edilən bu rəqəmsal həll artıq 9 mindən çox sərnişin üçün cəmi iki saniyəyə rahat və təhlükəsiz səfərləri əlçatan edir",-deyə məlumatda bildirilib.
Qeyd edək ki, may ayının 15-dən etibarən Azərbaycanın ictimai nəqliyyat sahəsində ilk dəfə dəmir yollarında “SİMA Pay” – üztanıma ilə ödəniş sistemi tətbiq olunub.
Sərnişinlər “ADY Mobile” mobil tətbiqində “Üztanıma ilə keçin” bölməsinə daxil olaraq bu xidmətdən yararlana bilərlər.
Məlumata görə, dünyanın qabaqcıl ölkələrinin “Face Pay” təcrübəsinin Azərbaycanda “SİMA Pay” rəqəmsal ekosistemi və “ADY Mobile”ın virtual kartının inteqrasiyası yolu ilə tətbiqi dəmir yollarında sərnişindaşımanın təhlükəsizliyini daha da yüksəldəcək, biometrik ödənişlər riskləri minimuma endirəcək, həmçinin kartın itirilməsi və ya balansın bitməsi kimi qayğıları aradan qaldıracaq.