Türk dünyasının mədəniyyət paytaxtı Şuşada artıq ənənə halını almış IV Qlobal Media Forumunun keçirilməsi ölkəmizin açıq dialoqa, obyektiv informasiya mühitinin formalaşdırılmasına və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə verdiyi önəmin bariz ifadəsidir.
“Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunan IV Şuşa Qlobal Media Forumu xüsusilə mühüm aktuallıq daşıyır. Forumun ildən-ilə daha geniş iştirakçı coğrafiyasını əhatə etməsi, dünyanın müxtəlif ölkələrindən media rəhbərlərini, ekspertləri və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirməsi onun beynəlxalq nüfuzunun davamlı şəkildə artdığını göstərir.
Forum artıq beynəlxalq xarakter daşıyır, iştirakçıların sayı ildən-ilə artır. Belə ki, Forumda 53 ölkədən 160 qonaq, o cümlədən 30 xəbər agentliyinin nümayəndələri, 60-dan artıq media qurumu, bu sahədə fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisat iştirak edir. Son dörd il ərzində Forum 81 ölkənin 600-ə yaxın media nümayəndəsini bir araya gətirmişdir. Bu statistika öz növbəsində Forumun beynəlxalq nüfuzunun ildən-ilə artdığını, Şuşanın isə qlobal media əməkdaşlığının mühüm mərkəzlərindən birinə çevrildiyini bir daha nümayiş etdirir.
IV Şuşa Qlobal Media Forumu Azərbaycanın qlobal informasiya məkanında artan rolunu, medianın sülhün təşviqi, həqiqətin bərpası və etimadın yenidən qurulmasındakı əhəmiyyətini bir daha nümayiş etdirir. Forumun rəsmi açılış mərasimində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər təkcə media nümayəndələri üçün deyil, həm də diplomatlar, siyasətçilər və beynəlxalq ictimaiyyət üçün mühüm mesajlar idi.
Prezident İlham Əliyevin tədbir çərçivəsində yerli və xarici media nümayəndələrinin suallarını açıq formatda cavablandırması dövlətimizin başçısı ilə beynəlxalq media nümayəndələri arasında birbaşa dialoq üçün mühüm platforma yaradır. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi:
“Forumun ideyası maraq doğuran məsələləri, qarşılıqlı surətdə narahatlıq doğuran sualları müzakirə etmək, həmçinin Qarabağ və Şuşa ilə tanış olmaq məqsədilə dünyanın müxtəlif guşələrindən media nümayəndələri üçün mühit yaratmaqdan ibarətdir. Əminəm ki, vaxt keçdikcə dövri olaraq buraya gələn qonaqlarımızın bir çoxu Qarabağın inkişafını, yenidənqurmanı görürlər. Onlar ilk dəfə gəldikləri zaman, bəlkə də yalnız dağıntıları gördülər, lakin indi şəhərləri görürlər. Onlar yeni mənzillərdə və evlərdə yaşayan insanları görürlər. Bir sözlə, bu, müxtəlif meyarların kombinasiyasıdır. Birincisi, hər dəfə, hər il Forumun mövzusu sadəcə cari çağırışları əks etdirir. İkincisi, mühit çox mehriban, çox müsbətdir və müxtəlif mediadan olan bir çox insanlar, əminəm ki, Şuşada görüşlərdən sonra yaxın dostlara çevrilirlər. Əlbəttə ki, bizim üçün mühüm meyar qərarların qəbul edilməsi prosesinə təsir göstərən, öz ölkələrində və onun hüdudlarından kənarda ictimai rəyi formalaşdıran insanlardan ibarət böyük qrupu toplamaqdır və Qarabağın öz köklərinə qayıtmasını, bu torpaqların yiyələrinin qayıtmasını, real inkişafı göstərməkdir.”
Forumun builki mövzusu hər bir baxımdan beynəlxalq media ictimaiyyəti üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasına geniş imkanlar yaradan, mühüm platforma kimi diqqətdə olan Şuşa Qlobal Media Forumu ənənəsinin bundan sonra da uğurla davam edəcəyi inkaredilməzdir.
Azərbaycanın hər bir təşəbbüsünə beynəlxalq dəstək ölkəmizin həyata keçirdiyi siyasətin, inkişaf modelinin nümunəviliyinin qəbulu və təsdiqidir. Azərbaycan hər bir sahədə zəngin təcrübəyə malik olmaqla bərabər, onları bölüşməkdə maraqlı olduğunu hər addımında nümayiş etdirir. Məqsəd dayanıqlı inkişafa nail olmaqdır ki, bu da öz növbəsində sülhün, təhlükəsizliyin təmin edilməsinə çağırış edir.
Nəticə etibarilə, IV Şuşa Qlobal Media Forumu müasir beynəlxalq münasibətlərdə strateji kommunikasiyanın institusional inkişafını əks etdirən mühüm qlobal platforma kimi xarakterizə oluna bilər. Onun əhəmiyyəti tədbirin coğrafiyası və iştirakçı sayı ilə məhdudlaşmır.
Forum dövlət idarəçiliyində kommunikasiya siyasətinin transformasiyasını, beynəlxalq dialoqun yeni formatlarını və institusional etimadın formalaşdırılması mexanizmlərini praktik müstəvidə nümayiş etdirir. Bu xüsusiyyətlər Şuşa Qlobal Media Forumunu qlobal kommunikasiya arxitekturasında yalnız fikir mübadiləsi məkanı deyil, həm də beynəlxalq əməkdaşlığın, strateji kommunikasiyanın və institusional dayanıqlığın inkişafına töhfə verən analitik platforma kimi səciyyələndirməyə əsas verir.
Əhliman Əmiraslanov,
Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik