Mahir Süleymanlı
Milli Məclisin deputatı
14 iyul 1969-cu il Azərbaycan tarixində intibahın, milli özünüdərkin və hərtərəfli inkişafın əsasının qoyulduğu tarixi mərhələ kimi xüsusi əhəmiyyət daşıyır. Həmin gün Ulu Öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında keyfiyyətcə yeni inkişaf mərhələsinin əsasını qoydu.
Sonrakı illərdə həyata keçirilən məqsədyönlü siyasət isə müstəqil Azərbaycanın möhkəm dövlətçilik təməlinin formalaşmasına mühüm töhfə verdi.
1960-cı illərin sonlarında Azərbaycan SSR sosial-iqtisadi göstəricilərinə görə ittifaq respublikaları arasında geridə qalırdı. İdarəetmədə durğunluq, istehsalın səmərəliliyinin aşağı olması, sosial infrastrukturun zəif inkişafı və kadr siyasətində mövcud olan problemlər köklü islahatların həyata keçirilməsini zəruri edirdi. Məhz belə bir şəraitdə 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ölkənin inkişaf tarixində əsl dönüş nöqtəsinə çevrildi.
Ulu Öndərin rəhbərliyi ilə dövlət idarəçiliyində nizam-intizam möhkəmləndirildi, qanunçuluğun təmin olunması, korrupsiya və digər neqativ hallara qarşı prinsipial mübarizə aparılması, peşəkar və milli kadrların irəli çəkilməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərinə çevrildi. Qısa müddət ərzində idarəetmənin səmərəliliyi yüksəldi, cəmiyyətdə inkişaf, yeniləşmə və gələcəyə inam mühiti formalaşdı.
1969–1982-ci illər Azərbaycanın sosial-iqtisadi yüksəliş dövrü kimi tarixə düşmüşdür. Bu illərdə sənaye sürətlə inkişaf etdirildi, yeni müəssisələr yaradıldı, neft-kimya, maşınqayırma, energetika və digər strateji sahələr genişləndirildi. Kənd təsərrüfatında məhsuldarlığın artırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirildi, meliorasiya və suvarma sistemləri inkişaf etdirildi. Eyni zamanda, geniş yaşayış massivləri inşa olundu, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları və digər sosial obyektlər tikildi. Həmin dövrdə yaradılmış iqtisadi potensial sonrakı illərdə müstəqil Azərbaycanın inkişafı üçün möhkəm baza rolunu oynadı.
Heydər Əliyev elm və təhsilin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdi. Ali təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirildi, yüksək ixtisaslı milli kadrların hazırlanmasına xüsusi diqqət yetirildi, minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almasına şərait yaradıldı. Milli ziyalıların fəaliyyətinə geniş dəstək göstərildi, tarixi və mədəni irsin qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi.
Ulu Öndərin rəhbərliyə gəlişi ilə Azərbaycanda milli özünüdərk və milli dövlətçilik təfəkkürünün formalaşması yeni mərhələyə qədəm qoydu. Azərbaycan dilinin ictimai həyatda mövqeyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və milli kimliyin inkişaf etdirilməsi həyata keçirilən siyasətin mühüm istiqamətlərindən biri idi.
Heydər Əliyevin uğurlu fəaliyyəti ümumittifaq səviyyəsində də yüksək qiymətləndirildi. 1982-ci ildə isə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçildi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olundu. Bununla da ilk dəfə olaraq bir azərbaycanlı keçmiş SSRİ-nin ali siyasi rəhbərliyində təmsil olunurdu ki, bu da Azərbaycanın nüfuzunun yüksəlməsinin mühüm göstəricisi idi.
1987-ci ildə Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyinin siyasi kursuna etiraz əlaməti olaraq tutduğu bütün vəzifələrdən istefa verən Heydər Əliyev, 1990-cı il 20 Yanvar faciəsindən dərhal sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində bəyanatla çıxış edərək sovet rəhbərliyinin törətdiyi qanlı cinayəti qətiyyətlə pislədi və günahkarların cəzalandırılmasını tələb etdi.
1993-cü ildə ölkədə yaranmış dərin ictimai-siyasi böhran və dövlət müstəqilliyinin təhlükə altına düşdüyü bir şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə sabitliyi bərpa etdi, dövlətçiliyi qorudu və Azərbaycanın uzunmüddətli inkişaf strategiyasını müəyyənləşdirdi.
Bu gün Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkənin iqtisadi qüdrətinin artırılması, müasir infrastrukturun yaradılması, sosial rifahın yüksəldilməsi, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və ərazi bütövlüyünün bərpası istiqamətində əldə olunan uğurlar bu siyasi kursun ardıcıl nəticəsidir. Xüsusilə, 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə dövlət suverenliyinin tam bərpa olunması Azərbaycan dövlətinin gücünü və Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyasının uğurunu bir daha təsdiqlədi.
Bu baxımdan, 14 iyul 1969-cu il təkcə Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə seçildiyi tarix deyil, həm də müasir Azərbaycanın inkişaf salnaməsinin başlanğıcıdır. Həmin dövrdə əsası qoyulan dövlət idarəçiliyi prinsipləri, milli inkişaf strategiyası və uzaqgörən siyasi kurs bu gün də Azərbaycanın davamlı inkişafının, güclü dövlətçiliyinin və beynəlxalq nüfuzunun möhkəmlənməsinin əsas dayaqlarından birini təşkil edir.