Modern.az

Pirəyir kəndi içməli su ilə təmin olundu - FOTO

Pirəyir kəndi içməli su ilə təmin olundu - FOTO

Aktual

Bu gün, 15:30

Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Belə tədbirlərdən biri Ağdaş rayonunun Pirəyir kəndində reallaşıb. Kənddə içməli su layihəsinin açılış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədrinin birinci müavini Xəyyam Məmmədov, sədrin müşaviri Etibar Məmmədov, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, deputat Sahib Alıyev, Agentliyin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Modern.az xəbər verir ki, Pirəyir kəndində mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə Ləki qəsəbəsini və Nehrəxəlil kəndini içməli su ilə təmin edən D280 millimetr diametrli magistral su kəmərindən birləşmə verilərək kənd ərazisində yeni paylayıcı su şəbəkəsi inşa edilib. Bu məqsədlə Pirəyir kəndində ümumi 8,5 kilometr uzunluğunda su şəbəkəsi inşa edilərək, 194 fərdi yaşayış evinə birləşmə verilib. Eyni zamanda, əhaliyə verilən suyun dəqiq uçotunun aparılması və sudan qənaətlə istifadə məqsədilə hər bir abonent su sayğacı ilə təchiz olunub.

Ümumilikdə, Pirəyir kəndinin əhalisi 723 nəfər təşkil edir. Yeni yaradılmış su təchizatı sistemi vasitəsilə yaşayış məntəqəsinin gündəlik 140 kubmetr su tələbatı tam təmin ediləcək.

Ağdaş şəhərinin mövcud su təchizatı sistemi Türyançayın məcrasında yerləşən 8 ədəd subartezian quyusu hesabına həyata keçirilir. Şəhərin ümumi abonent sayı 8681-dir. Ümumi su şəbəkəsinin uzunluğu 175 kilometr, magistral su kəmərinin uzunluğu 16,5 kilometr, kanalizasiya şəbəkəsinin uzunluğu isə 126 kilometrdir.

Eyni zamanda, 1 meydançada 2×5000 kubmetr həcmində su anbarı kompleksi istismar olunur. Rayon üzrə 31 yaşayış məntəqəsinə su təchizatı xidməti göstərilir. Üç kəndə paylayıcı şəbəkə (796 abonent), 3 kəndə ictimai bulaq, 25 kəndə isə modul tipli sutəmizləyici qurğu vasitəsilə su təchizatı xidməti göstərilir.

2026–2027-ci illər ərzində Ləki qəsəbəsi və Nehrəxəlil kəndində mövcud su təchizatı sisteminin genişləndirilməsi məqsədilə layihə sənədlərinin hazırlanması və tikinti-quraşdırma işlərinin icrası nəzərdə tutulur. Eyni zamanda, Qolqəti və Yenicə kəndlərində yeni su təchizatı sisteminin yaradılması məqsədilə layihə-smeta sənədlərinin hazırlanması işləri planlaşdırılır. Binələr, Davudlu, Cardam və Kotanarx kəndləri üzrə yeni su təchizatı sisteminin yaradılmasına dair layihə-smeta sənədləri artıq hazırlanıb.

Sizə yeni x var
Keçid et
İranda xalq ayağa qalxdı - Putin təcili təyyarə göndərdi