Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında münasibətlər qarşılıqlı hörmət, beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik, siyasi dialoq və iqtisadi əməkdaşlığın inkişafı əsasında formalaşaraq son illərdə yeni dinamika qazanıb.
Hər iki ölkə Avropa ilə Cənubi Qafqaz arasında etibarlı tərəfdaşlığın möhkəmləndirilməsinə, enerji təhlükəsizliyinin təmin edilməsinə, iqtisadi əlaqələrin genişləndirilməsinə və parlament diplomatiyasının inkişafına xüsusi önəm verir. Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış və çoxşaxəli xarici siyasət kursu Avropa İttifaqına üzv dövlətlərlə əməkdaşlığın dərinləşməsinə mühüm zəmin yaradıb. Slovakiya ilə münasibətlər də məhz bu strateji yanaşmanın uğurlu nümunələrindən biri kimi qiymətləndirilə bilər. Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Slovakiyanın dövlət rəhbərliyi arasında formalaşmış səmimi dialoq və qarşılıqlı etimad ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır. Yüksək səviyyəli qarşılıqlı səfərlər, beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlər və müntəzəm siyasi təmaslar əlaqələrin strateji istiqamətdə inkişaf etdiyini göstərir.
Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Azərbaycanın Avropadakı tərəfdaşları ilə münasibətlərini daha da möhkəmləndirib. Slovakiya da Azərbaycanın regionda sabitlik yaradan, enerji təhlükəsizliyinə töhfə verən və beynəlxalq öhdəliklərinə sadiq dövlət kimi rolunu yüksək qiymətləndirir. Liderlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər dövlətlərarası əməkdaşlığın bütün istiqamətlərinə müsbət təsir göstərərək siyasi dialoqun intensivləşməsinə, iqtisadi layihələrin genişlənməsinə və humanitar əlaqələrin inkişafına əlavə stimul verir. Azərbaycan və Slovakiya BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq platformalarda qarşılıqlı maraq doğuran məsələlər üzrə konstruktiv əməkdaşlıq nümayiş etdirirlər. Tərəflər beynəlxalq hüququn norma və prinsiplərinin, dövlətlərin suverenliyi və ərazi bütövlüyünün qorunmasının vacibliyini daim vurğulayırlar. Azərbaycanın postmünaqişə dövründə regionda davamlı sülhün və əməkdaşlığın təmin olunmasına yönəlmiş təşəbbüsləri Slovakiya tərəfindən diqqətlə izlənilir. Regional sabitlik, nəqliyyat bağlantılarının genişləndirilməsi və iqtisadi inteqrasiya məsələləri ikitərəfli dialoqun mühüm mövzularındandır. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas tərəfdaşlardan biridir. Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarına təbii qazın nəqli Azərbaycanın etibarlı enerji təchizatçısı kimi mövqeyini daha da gücləndirib. Slovakiya enerji mənbələrinin şaxələndirilməsi siyasəti çərçivəsində Azərbaycanla əməkdaşlığı perspektivli istiqamət hesab edir. Enerji sahəsində dialoqun genişlənməsi yalnız ikitərəfli münasibətlərə deyil, bütövlükdə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir.
Bərpa olunan enerji, yaşıl enerji layihələri və innovativ texnologiyalar da gələcək əməkdaşlığın əsas istiqamətlərindən biri kimi ön plana çıxır. Azərbaycan ilə Slovakiya arasında iqtisadi münasibətlər ticarət, sənaye, maşınqayırma, kənd təsərrüfatı, logistika, nəqliyyat, rəqəmsal texnologiyalar və investisiya sahələrində geniş potensiala malikdir. İqtisadiyyat üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti əməkdaşlığın sistemli şəkildə inkişafına xidmət edir. Biznes forumları, sahibkarlar arasında birbaşa əlaqələrin qurulması və qarşılıqlı investisiyaların təşviqi iqtisadi tərəfdaşlığın genişlənməsinə əlavə imkanlar yaradır. Azərbaycanın əlverişli coğrafi mövqeyi, inkişaf etmiş nəqliyyat-logistika infrastrukturu və Orta Dəhlizdə artan rolu Slovakiya şirkətləri üçün də yeni əməkdaşlıq perspektivləri açır. İkitərəfli münasibətlərin inkişafında parlament diplomatiyası xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Milli Məclisi ilə Slovakiya Milli Şurası arasında fəaliyyət göstərən dostluq qrupları qanunverici orqanlar arasında dialoqun genişlənməsinə, qarşılıqlı səfərlərin intensivləşməsinə və hüquqi əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Parlamentlərarası əməkdaşlıq yalnız siyasi münasibətlərin inkişafına deyil, həm də iqtisadi, humanitar, elm, təhsil və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsinə mühüm töhfə verir. Beynəlxalq parlament təşkilatlarında nümayəndə heyətlərinin qarşılıqlı əməkdaşlığı da iki ölkə arasında etimadın möhkəmlənməsinə xidmət edən vacib amillərdəndir. Azərbaycan və Slovakiya arasında humanitar əməkdaşlıq da davamlı inkişaf edir. Təhsil, elm, mədəniyyət və turizm sahələrində həyata keçirilən layihələr xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluğun möhkəmlənməsinə xidmət edir. Universitetlər arasında əməkdaşlıq proqramları, tələbə mübadiləsi və mədəni tədbirlər gələcək münasibətlər üçün etibarlı sosial baza formalaşdırır. Qlobal iqtisadi və geosiyasi dəyişikliklər fonunda Azərbaycan–Slovakiya münasibətlərinin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur.
Azərbaycanın Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi, enerji təhlükəsizliyində artan rolu və rəqəmsal transformasiya istiqamətində həyata keçirilən islahatlar Slovakiya ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir. Eyni zamanda, sənaye kooperasiyası, yaşıl iqtisadiyyat, innovasiya, kibertəhlükəsizlik, süni intellekt, rəqəmsal texnologiyalar və yüksək texnologiyalar sahəsində əməkdaşlıq gələcək illərdə ikitərəfli münasibətlərin əsas inkişaf istiqamətlərindən biri ola bilər. Əminlik deyə bilərik ki, Azərbaycan ilə Slovakiya arasında münasibətlər qarşılıqlı etimada, siyasi dialoqa və ortaq maraqlara əsaslanan uğurlu tərəfdaşlıq modelidir. Dövlət başçıları arasında formalaşmış konstruktiv münasibətlər, parlament diplomatiyasının fəallaşması, iqtisadi əməkdaşlığın genişlənməsi və beynəlxalq platformalarda qarşılıqlı dəstək əlaqələrin davamlı inkişafını təmin edən əsas amillərdir. Mövcud geosiyasi reallıqlar və iqtisadi imkanlar göstərir ki, Azərbaycan–Slovakiya əməkdaşlığı qarşıdakı dövrdə daha da dərinləşəcək, regional sabitliyin, enerji təhlükəsizliyinin və Avropa ilə Cənubi Qafqaz arasında etibarlı tərəfdaşlığın möhkəmləndirilməsinə mühüm töhfələr verməyə davam edəcək.
Mehriban Vəliyeva
Milli Məclisin deputatı