Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə Mingəçevir şəhərində yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzində idman federasiyalarının nümayəndələri arasında balıq ovu festivalı keçirilib.
Modern.az xəbər verir ki, festivalda 20 idman federasiyasının nümayəndəsi iştirak edib. Yarış iştirakçıları müəyyən olunmuş vaxt ərzində daha çox və daha iri ölçülü balıq tutmaq uğrunda mübarizə aparıblar.
Yarışın nəticələrinə əsasən, kişilər arasında Azərbaycan Qol Güləşi Federasiyasının təmsilçisi Azər Məhərrəmov birinci yeri tutub. Azərbaycan Su İdman Növləri Federasiyasının nümayəndəsi Vüsal Qurbanov ikinci, Gənclər və İdman Nazirliyinin əməkdaşı Cavad Cavadov isə üçüncü olub.
Qadınlar arasında isə Azərbaycan Voleybol Federasiyasının təmsilçisi Şəfəq Kərimova qalib adını qazanıb. "Azəridmanservis"in nümayəndəsi Ədibə Əliyeva ikinci, Azərbaycan Boks Federasiyasının təmsilçisi Samirə Ağayeva isə üçüncü yeri tutub.
Qaliblərə Azərbaycan Su İdman Növləri Federasiyası tərəfindən xatirə hədiyyələri təqdim edilib.
Bildirilib ki, festival iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Tədbir idman ictimaiyyətinin nümayəndələri arasında ünsiyyətin genişlənməsinə, dostluq münasibətlərinin möhkəmlənməsinə və sağlam həyat tərzinin təbliğinə töhfə verib.
Qeyd olunub ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyası gələcəkdə də idmanın inkişafına və sağlam həyat tərzinin təşviqinə xidmət edən oxşar tədbirlərin təşkilini davam etdirəcək.