Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Nəqliyyat Tədqiqat Komitəsinin iclasında qurumun əsas analitik sənədlərindən olan “Transport Outlook 2027” hesabatının hazırlanması məsələsi müzakirə edilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) Modern.az-a bildirilib ki, BNF Katibliyi bu məqsədlə yaradılan İşçi qrupun fəaliyyətini yüksək qiymətləndirib və prosesə mühüm töhfə verən 12 ölkəyə, o cümlədən Azərbaycana təşəkkür edib.
Qeyd edək ki, Azərbaycan İşçi qrupda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə təmsil olunur. Nazirlik beynəlxalq nəqliyyat siyasəti, dayanıqlı mobillik, rəqəmsallaşma və gələcəyin nəqliyyat tendensiyaları ilə bağlı müzakirələrdə fəal iştirak edir.
“Transport Outlook” BNF-nin dünya nəqliyyatındakı əsas meyilləri, uzunmüddətli inkişaf ssenarilərini və siyasət tövsiyələrini əks etdirən ən nüfuzlu hesabatlarından biridir. Bu sənəd nəqliyyat siyasətinin hazırlanmasında mühüm istinad mənbəyi hesab olunur və BNF-yə üzv ölkələrin ekspertlərinin birgə əməkdaşlığı ilə hazırlanır.