Modern.az

BMU tələbələri Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunları olub

BMU tələbələri Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunları olub

Aktual

Bu gün, 16:04

Bakı Mühəndislik Universitetinin (BMU) dörd tələbəsi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) növbəti məzunları sırasında yer alıb.

Modern.az xəbər verir ki, bunlar İnformasiya və kompüter texnologiyaları fakültəsinin tələbələri – İnformasiya təhlükəsizliyi ixtisasının III kurs tələbəsi Elnur Əhmədov, II kurs tələbələri Həsən Yunisov və Bahadur İbadov, eləcə də Kompüter mühəndisliyi ixtisasının I kurs tələbəsi Murad Xəlidlidir.

Bu tədris dalğası üzrə ümumilikdə 100 yeni kibertəhlükəsizlik mütəxəssisi hazırlanıb. İlk dəfə olaraq proqramı ən yüksək nəticə ilə başa vuran 5 məzun xaricdə qabaqcıl şirkətlərdə bir aylıq təcrübə proqramı qazanıb. Həmin tələbələrdən biri də BMU-nun İnformasiya təhlükəsizliyi ixtisasının tələbəsi Bahadur İbadov olub.

Məzunlara sertifikatlar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və İsrailin "Technion" Texnologiya İnstitutunun birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin sayca 7-ci "Məzun Günü" tədbirində təqdim edilib.

Tədbirdə iştirak edən BMU-nun rektoru Yaqub Piriyev tələbələri təbrik edərək bildirib ki, universitet tələbələrinin AKM-in əvvəlki məzunları arasında da yer alması ali təhsil müəssisəsində kibertəhlükəsizlik sahəsində aparılan sistemli hazırlığın nəticəsidir.

"Məzun Günü"ndə İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov, "Technion" Texnologiya İnstitutunun Davamlı Təhsil Mərkəzinin direktoru Moti Yeger və digər tərəfdaş qurumların nümayəndələri çıxış ediblər. Tədbir çərçivəsində məzun komandalarının hazırladığı yekun layihələr təqdim olunub, daha sonra 100 məzuna sertifikatlar verilib.

Sonda təşkil olunan "Karyera sərgisi" çərçivəsində iştirakçılar müxtəlif şirkət və qurumların insan resursları nümayəndələri ilə görüşərək iş və təcrübə imkanları barədə məlumat alıb, peşəkar əlaqələr qurublar.

Qeyd edək ki, AKM-də təhsil alan iştirakçılar beynəlxalq mütəxəssislərin iştirakı ilə Red Team (hücum), Blue Team (müdafiə) və Purple Team istiqamətləri üzrə təlimlər keçərək kibertəhlükəsizlik sahəsində müasir metodologiya və texnologiyalar üzrə praktiki biliklər əldə ediblər. İndiyədək mərkəzdən 420 nəfər məzun olub və onların 90 faizdən çoxu dövlət və özəl sektorda kibertəhlükəsizlik mütəxəssisi kimi fəaliyyət göstərir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya İlham Əliyevi hədəf aldı - Kremldə dəliliyin ən son həddi