Bakı Mühəndislik Universitetinin (BMU) iki məzunu Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilən “Yüksəliş” müsabiqəsinin IV mövsümünün qalibləri sırasında yer alıb.
Modern.az xəbər verir ki, final mərhələsində iştirak edən 129 namizəddən ən yüksək bal toplayan 20 qalibdən biri Hikmət Əliyev “Maliyyə” ixtisası üzrə bakalavriat təhsilini BMU-da başa vurub. Magistratura təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində alan BMU məzunu hazırda “PAŞA Sığorta” ASC-də Risklərin İdarə Edilməsi Departamentinin direktoru vəzifəsində çalışır.
Müsabiqənin digər qalibi Mətanət Rzazadə bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində başa vurub, magistratura təhsilini isə BMU-da Maliyyə menecmenti və Rumıniyanın Babeş-Bolyai Universitetində (Universitatea Babeș-Bolyai) Maliyyə və bank işi ixtisasları üzrə alıb. Hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankının Bank Fəaliyyətinə Nəzarət Departamentində bölmə rəhbəri vəzifəsində çalışır.
Bu, BMU məzunlarının “Yüksəliş” müsabiqəsində qazandığı ilk uğur deyil. Belə ki, müsabiqənin əvvəlki mövsümlərində də universitetin məzunları qaliblər sırasında yer alıblar.
Ümumilikdə, BMU məzunları “Yüksəliş” müsabiqəsində hər il uğurlu nəticələri ilə seçilirlər. Bu il də müsabiqənin yarımfinal mərhələsində universitetin 28 məzunu iştirak edib. Onlardan 16 nəfəri bakalavriat, 12 nəfəri isə magistratura təhsilini BMU-da başa vurub. Final mərhələsinə yüksələn 13 BMU məzunundan 7 nəfəri bakalavriat, 6 nəfəri isə magistratura təhsilini BMU-da alıb. Onlardan 2-si müsabiqənin IV mövsümünün qalibi olub.
İstedadlı və yüksək potensiala malik gənclərin müəyyənləşdirilməsi və inkişafına dəstək məqsədilə təşkil olunan “Yüksəliş” müsabiqəsinin beş mərhələsini uğurla keçən BMU məzunları intellektual bacarıqları, analitik düşüncə qabiliyyətləri və idarəçilik potensialları ilə seçilərək qalib adını qazanıblar. Bu nailiyyət, eyni zamanda, BMU-da tətbiq olunan müasir təhsil yanaşmalarının, praktik bilik və bacarıqlara əsaslanan tədris proqramlarının, eləcə də tələbələrin liderlik və şəxsi inkişafını dəstəkləyən akademik mühitin uğurlu nəticəsidir. Universitetdə formalaşdırılan innovativ düşüncə tərzi, interaktiv tədris üsulları və layihə əsaslı öyrənmə məzunların peşəkar fəaliyyətlərində uğur qazanmalarına mühüm töhfə verir.